Türk nəğmələrinin məcmuəsi: Müəllif kimdir?!
Ötən gün mötəbər saytlardan birində yeni kitab nəşri haqqında yayımlanan diqqətçəkən və təəccübdoğuran bu bildiriş rastıma çıxdı. Məlumatda yazılırdı: “Bu günlərdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərovanın transfoneliterasiya edib nəşrə hazırladığı “Həsən bəy Zərdabi. Türk nəğmələrinin məcmuəsi” kitabı işıq üzü görüb.” Təbii ki, bu yeni informasiyaya kitabın üz qabığının şəkli də əlavə edilmişdir. Məcmuənin yeni nəşri təəccüb doğurmur, əksinə naşir ilə müəllifin səlahiyyət hüdudlarının, adının səhv salınması təccüblü və qəbuledilməzdir.
Öncədən onu da vurğulayaq ki, H.B.Zərdabinin vəfatından sonra özgə müəllif əsərlərinin “Böyük əkinçi”nin (Vilayət Quliyev) adı ilə bağlamaq cəhdlərinin tarixi zaman etibarilə yüz ildən çoxdur.
Gerçəklik budur ki, “Türk nəğmələrinin məcmuəsi”nin naşiri Həsən Bəy Məlikzadə Zərdabi, şeirlərin müəllifi isə kitabın cildində və titul səhifəsində qeyd edilməmişdir. Məcmuənin çapına Tiflis senzura idarəsi 14 iyul 1900-cü ildə icazə vermiş, hicri 1318-ci (miladi 1901-ci) ildə Badkubə (Bakı) şəhərindəki “Qubernski pravlinanın mətbəəsində” dərc edilmişdir. Bu həmin mətbəədir ki, H.B.Zərdabi Türkiyədən alıb gətirdiyi ərəb hürufatı ilə 1875-1877-ci illərdə ilk milli qəzetimiz olan “Əkinçi”nin nəşrini burada həyata keçirmişdir. Kitabın adı rus dilində belə yazılmışdır: “Sbornik xorovıx Aderbedjanskix pesen” (Azərbaycan xor nəğmələrinin məcmuəsi – A.R.). Naşir bəlkə də bu adla senzorun diqqətini kitabdan yayındırmaq məqsədi güdmüşdür. “Türk nəğmələrinin məcmuəsi” eyni fərdi üslubda yazılmış, klassik Azərbaycan ədəbiyyatı nümunələri olmaqla 18 şeirdən ibarətdir. Bu əsərlərin 1-dən 18-dək “nömrə”lənməsi ayrı-ayrı müəlliflərin əsərlərindən seçmələr olmadığı, yalnız bir şairə aidliyi anlamına gəlir. H.B.Zərdabi əgər nəğmələr kitabının naşiridirsə (özünün də yazdığı kimi-A.R.) bəs şeirlərin müəllifi kimdir? Bu suala əslində şeirlərin özü daha dürüst və dəqiq cavab verir. “Türk nəğmələrinin məcmuəsi”ndə verilmiş ilk, “nömrə -1” şeir “Duayi-padşah” adlanır. Səkkiz bəndlik şeirin sonuncusunda – möhürbəndində yazılır:
Sayəsində cümlə cahan,
Asudədir pirü-cəvan.
Naseh edər virdi-zəban,
Padşah salamat olsun!
Yaruna səadət olsun! (Naseh. “Duayi-padşah”. Türk nəğmələrinin məcmuəsi (Naşiri H.B.Zərdabi). Badkubə, Qubernski pravliniyanın mətbəəsi, 1318 (1901), s.3)
Kitabda müqəddimə əvəzinə verilmiş “Duayi-padşah” Rusiya İmperiyasının çarı II Nikolay Romanova həsr edilmiş, padşahın özünə və yarına (xanımına) “virdi-zəban” (dilinin əzbəri) olan duanı şübhəsiz ki, Naseh təxəllüslü Ağa Əli Əfəndizadə (Şamaxı, 1856-1914) yazmışdır. “Türk nəğmələri məcmuəsinin” ilk 9 şeirinin möhürbəndləri də “Naseh” adı ilə damğalanmışdır. Şairin təxəllüsünə və fərdi üslubuna güvənərək birmənalı vurğulamaq olar ki, “Türk nəğmələrinin məcmuəsi” kitabı Ağa Əli Naseh Əfəndizadənin ilk poeziya toplusudur. Söylənilən fikri qüvvətləndirmək üçün həmin kitabdan Nasehin şeirlərinin son bəndində şairin təxəllüsü olan bənd və beytləri təqdim edirik:
“Sübhü-məsa söylər Nasehü-nalan,
Qəflət ilə yatma, huşə gəl, oyan”.
“Tərifi-elm”, s.5-6
“Sübhü-məsa söylə Naseh,
Virdi-zəban eylə Naseh,
Dua eylə belə Naseh,
Rəhmətini eylə şamil,
Ədəblə elmə qıl amil”.
“Münacati-mütəllimin”, s.7-8
“Naseha mədrəsə dər baği həyavü-ismət,
Oldur yetirən bari-dirəxti-hikmət”.
“Tərifi-məktəb”, s.8-10
“Nasehin eşidin bu nəsihətin,
Aşnalara gör necə edir bu vəsiyyəti
“Bahariyyat”, s.10-11
“Naseh nəsihət etməz, əğyarə etmə cuş ilə guş,
Kibrü-məniyyət etmə həmvarə”.
“Nəsayih”, s. 11-12
“Cümlə guş edin Nasehin sözün,
Bisəmər olan oğuli-qulu neylərəm”.
“Tərğibi-ətfali-məktəb”, s.13-14
“Aç bir gözün qəflətdən ol huşyar...
Naseh nəsihəti deyil kəm əyyar”.
“Bahariyyat”, s.14-16
“Naseh bu nəsihət ki, deyirsən nə gözəldir,
Ümid budur rəhmət edə haqq əvəzinə”.
“Fəzliyyəti-məktəb”, s.16-18
Nasehin “Türk nəğmələrinin məcmuəsi” kitabda yer alan “Nəsihət”, “Tərğib”, “Marşi-İrani”, “Tərifi elm və tərbiyə”, “Göz aç”, “Pənd”, “Gap”, Nəsayih” şeirləri digər əsərləri ilə eyni üsluba, biçimə, məzmuna və sıralanmaya daxildir.
Postcümhuriyyət dönəminə qədər bəzi kitablarda müəllifin adı verilməmiş (Məs., H.K.Sanılının “Mahnılar” – 1919 şeir toplusunda müəllifin adı qeyd olunmamışdır – A.R.), bəzilərində isə yalnız “camei və naşiri”nin adı verilmişdir. Nasehin kitabındakı şeirlərdən bəzisinin tutarlı faktlara əsaslanmadan H.B.Zərdabinin hesab edilməsi, onun adı ilə müxtəlif nəşrlərə yol açması tamamilə yanlış yozum, absurd ehtimaldır. Şübhəsiz ki, bu yanlışlığın ilk qaynağı H.B.Zərdabinin vəfatından iki il sonra hicri 1326-cı (miladi 1909-cu) ildə “Nicat” məarif cəmiyyətinin təşəbbüsü, naşirliyi və maliyyə dəstəyi ilə “Türk nəğmələrinin məcmuəsi” kitabının Orucov qardaşlarının çapxanasında təkrar basılmış və yayınlanmışdır. İkinci nəşrin bağışlanmaz qüsurlarından biri də ondan ibarətdir ki, “Nicat”çılar kitabı bütövlükdə H.B.Zərdabiyə aid edərək titul səhifəsinə yazmışdılar: “Həsən bəy Məlikzadə Zərdabinin Türk nəğmələrinin məcmuəsi” (Türk nəğmələrinin məcmuəsi. Badkubə: Çapxaneyi bəradərani Orucov. 1326 (1909) s. 1).
Həsən Bəy Zərdabinin naşiri olduğu “Türk nəğmələrinin məcmuəsi”ndə (Badkubə, 1901, s.30-31) və eyniadlı kitabın ikinci nəşrində (B., Nicat Cəmiyyəti, Orucov mət., 1909, s.28-30) “Gap” şeiri imzasız çap olunmuş, növbəti nəşrdə Cəfər Bünyadzadənin çap etdirdiyi “Kəşkül və yaxud Nəğmələr məcmiəsi”ndə (“Səda” mətbəəsi, 1913, s.12) yanlış olaraq əsərin imza yerində “Həsən Bəy Zərdabi” yazılmış, eyniadlı kitabın 1914-cü il (s. 13-14) nəşrində də bu səhv təkrarlanmışdır. Nəticədə C.Bünyadzadənin məlum səhvi “Milli nəğmələr”də də özünü büruzə verməli olmuşdur. C.Bünyadzadənin “Kəşkül...”ündə “Gap”ın 4-cü bəndi, 3, 5 və 6-cı bəndin son misraları ixtisar edilmişdir. Yanlış mülahizələrə güvənənlərə rəğmən, “Gap” şeiri birmənalı olaraq Ağa Əli Naseh Əfəndizadəyə məxsusdur.
“Kəşkül və yaxud Nəğmələr məcmiəsi”nin “1913-cü il nəşrində “Ayıl qardaşım” şeiri (s.17) yanlış olaraq “Həsən bəy Zərdabi” imzası ilə verilmiş, səhvini anlayan naşir eyniadlı kitabın bir il sonra, ikinci nəşrində (“Səda” mətbəəsi, 1914, s.18-19) “Kazımovski” imzası ilə çap etdirmişdir. “Kazımovski” – tanınmış şair Səməd Mənsurun soyadıdır. Onun “Kəşkül və yaxud Nəğmələr məcmiəsi”ndə “Atalara xitab”, “Millətə xitab”, “Marş” adlı şeirləri “Səməd Mənsur Kazımov”, “Səməd Mənsur” imzası ilə çap olunmuşdur. “Ayıl qardaşım” şeirinin 5-ci beytinin “Kəşkül və yaxud Nəğmələr məcmiəsi”ndə tam fərqli olduğu da qeyd edilməlidir.
Mövcud təqdimatda bulunanlar bəlkə də güman etmişlər ki, bununla Həsən Bəy Zərdabinin şöhrətini daha da artırmış, onu məşhurlaşdırmışlar. Amma, törətdikləri xətanın böyüklüyündən xəbərsiz olanlar unutmuşlar ki, onlar oxucuları çaşdırmış, onları əsassız mövqe sərgiləməyə, yetərincə dəlil-sübut olmadan birinin əsərini digərinin adına çıxmağa vadar etmiş, yazınin, kitabın ülviyyətinə, qüdsiyyətinə olan inamı sarsıtmışlar...
Bakı, 09.04.2026

Şəkildə “Türk nəğmələrinin məcmuəsi” kitabının üz qabığı (2026) və titul səhifəsi (1901).
Asif Rüstəmli
Filologiya elmləri doktoru, professor
11:45 09.04.2026
Oxunuş sayı: 156