Elektromobillərə maraq azalıb? - AÇIQLAMA
Azərbaycanda ekoloji cəhətdən təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin təşviqi istiqamətində qanunvericilik bazasının daha da təkmilləşdirilməsi nəzərdə tutulur. Bu addım ölkədə dayanıqlı nəqliyyat sisteminin formalaşdırılması, həmçinin ətraf mühitin mühafizəsi sahəsində dövlət siyasətinin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Planlaşdırılan dəyişikliklər çərçivəsində elektrik nəqliyyatının geniş yayılması üçün əlverişli şəraitin yaradılması, mövcud inzibati və tənzimləyici məhdudiyyətlərin aradan qaldırılması əsas prioritetlər kimi müəyyən edilib. Bununla yanaşı, elektrikdoldurma infrastrukturunun inkişafı, texniki standartların hazırlanması və müvafiq xidmətlərin hüquqi əsaslarının müəyyənləşdirilməsi istiqamətində atılacaq addımlar bu sahədə sistemli inkişafı təmin etməyə yönəlib.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Orxan Sabiroğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Qeyd etdiyiniz kimi, Azərbaycanda elektrik nəqliyyatının istifadəsini genişləndirmək məqsədilə 2026-cı ilin sonuna qədər yeni qanunvericilik bazasının hazırlanması planlaşdırılır. Energetika sahəsindəki normativ aktlara ediləcək dəyişikliklər daha əlverişli mühit yaratmağa və infrastrukturu müasirləşdirməyə xidmət edəcək. Bundan əvvəlki qərar ölkədə elektrikli avtomobillərər marağı bir qədər azaltsa da yenidən inkişafı üçün müəyyən tənzimləmələr hazırlanır. Əsas istiqamət düşünürəm ki, elektrikdoldurma infrastrukturu olacaq, doldurma cihazları və onlarda istifadə olunan proqram təminatı üçün xüsusi texniki reqlamentlər və standartlar müəyyən ediləcək. Eyni zamanda bu tip stansiyalarin sayının artacağını da düşünürəm. Heç şübhəsiz ki, elektromobil sahibinin ən narahat olduğu mövzu məhz şarj stansiyalarındakı növbələrdir. Vergi və gömrük güzəştləri də olduğu kimi davam edəcək bu il ərzində, hansı ki, istehsal tarixi 3 ilə qədər olan elektromobillər üçün idxal rüsumu 0% səviyyəsində saxlanılır. 2026-cı ildən etibarən yalnız tam elektrikli nəqliyyat vasitələrinin satışı və idxalı ƏDV-dən azad olaraq qalacaq. Düşünürəm, müəyyən dəyişikliklər, xüsusi ilə şarj stansiyalarının sayının artımı elektromobillərə marağı yenidən geri qaytara bilər".
Elmir Heydərli
18:55 07.04.2026
Oxunuş sayı: 72