Təl-Əviv yaxınlığındakı dron zavodu İranın raket zərbəsi ilə sıradan çıxarılıb
İsrailin mərkəzində, Təl-Əviv yaxınlığındakı Peta Tikva sənaye zonasında yerləşən və ordunu pilotsuz uçuş aparatları (PUA) ilə təmin edən "Aero Sol" zavodu İranın ballistik raket zərbəsinə tuş gəlib.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Şirkətin baş direktoru İsrail Vaserlauf bildirib ki, partlayışın gücündən zavodun binası tamamilə dağılıb və istehsal avadanlıqları məhv olub. Onun sözlərinə görə, dəyən ziyan o qədər böyükdür ki, müəssisənin mövcud yerində fəaliyyətini bərpa etməsi artıq qeyri-mümkündür.
İlkin qiymətləndirmələrə görə, şirkətə təxminən 15 milyon şikel (təxminən 4 milyon dollar) həcmində maddi ziyan dəyib. Xüsusilə qeyd olunur ki, bu hücum "Aero Sol"un "Veloryx" şirkəti tərəfindən satın alınmasından cəmi iki gün sonra baş verib. Zavodun rəhbərliyi müəssisənin strateji hədəf olaraq qəsdən seçildiyini ehtimal edir, çünki burada İsrail Hərbi Hava Qüvvələrinin "F-15" və "F-16" qırıcılarının pilotları üçün xüsusi komponentlər və taktiki dronlar istehsal edilirdi. Hazırda şirkət istehsalı başqa əraziyə köçürmək və fəaliyyətini digər müdafiə sənayesi müəssisələrinin bazasında bərpa etmək variantlarını nəzərdən keçirir.
23:08 05.04.2026
Oxunuş sayı: 61