Azərbaycanlılara qarşı törədilmiş soyqırımlarının tarixi və ağrılı həqiqətləri
31 mart Azərbaycanlıların Soyqırımı Günü xalqımızın tarixində ən faciəli və unudulmaz səhifələrdən biridir. Bu gün 1918-ci ilin mart-aprel aylarında azərbaycanlı əhaliyə qarşı həyata keçirilmiş kütləvi qırğınların xatirəsinə həsr olunur. Həmin dövrdə Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində – Şamaxı, Quba, Qarabağ, Lənkəran və digər ərazilərdə minlərlə günahsız insan yalnız milli və dini mənsubiyyətinə görə amansızcasına qətlə yetirilmişdir.
1918-ci
ilin mart hadisələri zamanı Bakı Soveti və erməni silahlı dəstələri tərəfindən
həyata keçirilən hücumlar nəticəsində yaşayış məntəqələri yandırılmış, tarixi
abidələr dağıdılmış, dinc əhali xüsusi qəddarlıqla məhv edilmişdir. Təkcə
Bakıda deyil, Şamaxıda yüzlərlə kənd yerlə-yeksan edilmiş, Qubada isə kütləvi məzarlıqlar
sonradan bu faciənin miqyasını bir daha sübut etmişdir.
Bu
hadisələr təsadüfi zorakılıq aktı deyil, azərbaycanlılara qarşı əvvəlcədən
planlaşdırılmış və sistemli şəkildə həyata keçirilmiş soyqırımı siyasəti idi. Məqsəd
bölgədə etnik təmizləmə aparmaq, azərbaycanlıları öz tarixi torpaqlarından
sıxışdırıb çıxarmaq və demoqrafik vəziyyəti dəyişdirmək olmuşdur.
XX
əsrin sonlarında baş verən və tarixə qovuşmuş “Qarabağ münaqişəsi” zamanı bu
siyasət yenidən özünü göstərmişdir. Ermənistanın Azərbaycana qarşı həyata
keçirdiyi hərbi təcavüz nəticəsində torpaqlarımız işğal olunmuş, şəhər və kəndlər
viran edilmiş, yüz minlərlə insan öz yurd-yuvasından didərgin düşmüşdür.
Qarabağda baş verən hadisələr 1918-ci il soyqırımı siyasətinin davamı kimi qiymətləndirilir.
Bu
faciələrin ən dəhşətli və dünyada geniş rezonans doğuran nümunəsi Xocalı
soyqırımı olmuşdur. 1992-ci ilin fevralında Xocalı şəhərində dinc əhaliyə qarşı
törədilən qətliam zamanı yüzlərlə insan – qadınlar, uşaqlar və qocalar xüsusi
amansızlıqla qətlə yetirilmiş, əsir götürülmüş və işgəncələrə məruz qalmışdır.
Bu hadisə yalnız Azərbaycan xalqına qarşı deyil, ümumilikdə insanlığa qarşı törədilmiş
ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür.
31
mart soyqırımı uzun illər ərzində lazımi siyasi-hüquqi qiymətini almamışdır.
Yalnız müstəqillik dövründə bu hadisələrə obyektiv yanaşma formalaşmış və Ulu
Öndər Heydər Əliyev tərəfindən 1998-ci ildə imzalanan fərmanla 31 mart “Azərbaycanlıların
Soyqırımı Günü” elan edilmişdir. Bu qərar tarixi ədalətin bərpası, faciə
qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və dünya ictimaiyyətinə həqiqətlərin
çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müstəqillik
dövründə bu siyasət cənab prezident İlham Əliyev tərəfindən daha da genişləndirilmiş
və sistemli xarakter almışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə soyqırımı
həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində mühüm addımlar
atılmış, xarici ölkələrdə konfranslar, sərgilər və anım tədbirləri təşkil
olunmuşdur.
Xüsusilə
2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” sərəncamın
imzalanması bu sahədə mühüm mərhələ olmuşdur. Bu sərəncam əsasında ölkə
daxilində və xaricdə genişmiqyaslı tədbirlər keçirilmiş, elmi araşdırmalar dərinləşdirilmiş,
tarixi sənədlər və materiallar geniş ictimaiyyətə təqdim olunmuşdur.
Prezident
İlham Əliyevin diqqəti nəticəsində Qubada aşkar olunmuş kütləvi məzarlıq əsasında
yaradılmış Soyqırımı Memorial Kompleksi bu faciənin canlı sübutu kimi fəaliyyət
göstərir və tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu cür
memoriallar həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə həqiqətlərin təbliği
üçün vacib rol oynayır.
Eyni
zamanda Prezident İlham Əliyev çıxışlarında 1918-ci il hadisələri ilə Qarabağ
münaqişəsi və xüsusilə Xocalı soyqırımı arasında tarixi bağlılığı vurğulamış,
bunu azərbaycanlılara qarşı aparılan eyni siyasətin davamı kimi qiymətləndirmişdir.
Bu yanaşma milli yaddaşın qorunması və tarixi hadisələrin düzgün qiymətləndirilməsi
baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu
gün Azərbaycan dövləti və xalqı 31 mart faciəsinin beynəlxalq səviyyədə
tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Tarixi faktların
araşdırılması, arxiv materiallarının üzə çıxarılması və dünya ictimaiyyətinə təqdim
olunması bu istiqamətdə görülən işlərin əsasını təşkil edir.
31
mart – yalnız matəm günü deyil, həm də milli yaddaşımızın, tarixə hörmətimizin
və gələcək nəsillər qarşısında məsuliyyətimizin ifadəsidir. Bu gün biz şəhidlərimizin
xatirəsini ehtiramla yad edir, onların qanının yerdə qalmadığını bildirir və
belə faciələrin bir daha təkrarlanmaması üçün birlik nümayiş etdiririk.
Tariximizi unutmaq – gələcəyimizi itirmək deməkdir. Ona görə də 31 mart soyqırımı həqiqətlərini bilməli, öyrənməli və dünyaya çatdırmalıyıq.

Kamran Quliyev
YAP Yasamal rayon “Moskva pr. 67” ünvanı (ADSEA)
üzrə
ərazi partiya təşkilatının sədr müavini.
09:15 01.04.2026
Oxunuş sayı: 39