Bir neçə günə minlərlə həyat məhv oldu: 31 Mart Soyqırımı
Bastığın yerlərə “torpaq” deyərək keçmə, tanı:
Düşün altında minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:
Vermə, dünyaları alsan da, bu cənnət vətəni. (İstiqlal Marşı)

"Şəhidlər ölməz, vətən bölünməz". Bu cümlə sadəcə dillərdə dolaşan bir ifadə deyil. Bu, bir xalqın yaşadığı ağrıların, itkilərin, susdurulmuş fəryadların qısa, amma dərin ifadəsidir. Hər dəfə bu sözlər səslənəndə insanın içində izahı çətin olan bir hiss oyanır - sanki tarix danışır, sanki keçmiş unudulmamaq üçün yenidən nəfəs alır. 31 Mart Soyqırımı da məhz belə bir yaddaşdır – susmayan, unutmağa imkan verməyən bir yaddaş.
1918-ci ilin mart ayı Azərbaycan xalqı üçün yalnız bir təqvim səhifəsi deyildi. Bu tarix qəfil başlayan vəhşiliyin, planlı şəkildə həyata keçirilən qırğınların başlanğıcı oldu. O dövrün siyasi qarışıqlığı, hakimiyyət uğrunda mübarizə, imperiyaların dağılması fonunda ən çox zərər görən yenə də sadə, dinc insanlar oldu. Bakıdan başlayan qanlı hadisələr çox keçmədən digər bölgələrə yayıldı. Şamaxı, Quba, Qarabağ, Lənkəran… bu adlar artıq təkcə coğrafiya deyil, həm də faciənin simvoluna çevrildi.
Şamaxıda baş verənlər xüsusilə dəhşətli idi. Yüzlərlə kənd yerlə-yeksan edildi, minlərlə insan amansızcasına qətlə yetirildi. Tarixi məscidlər yandırıldı, dini abidələr dağıdıldı. İnsanlar təkcə fiziki olaraq yox, həm də mənəvi olaraq məhv edilməyə çalışıldı. Qubada isə sonradan aşkarlanan kütləvi məzarlıqlar bu vəhşiliyin miqyasını bir daha ortaya qoydu. Torpağın altından çıxan hər sümük, hər iz bir həqiqəti deyirdi - bu, təsadüfi hadisə deyildi, bu, planlı bir soyqırımı idi.
Bu hadisələrə sadəcə statistik rəqəmlər kimi baxmaq mümkün deyil. Çünki hər rəqəmin arxasında bir həyat, bir ailə, bir hekayə var. Bəlkə də yarımçıq qalan bir uşaq arzusu, heç vaxt yazılmayan bir məktub, deyilməyən bir söz… Bəzən tarix bizə yalnız nəticələri göstərir, amma 31 Mart hadisələri nəticədən daha çox hiss edilən bir acıdır.
Məncə, bu hadisələrin ən ağır tərəfi təkcə qırğınların özü deyil. Ən ağır tərəfi uzun illər bu həqiqətlərin gizlədilməsi oldu. Sovet dövründə bu barədə danışmaq qadağan idi. Sanki baş verənlər yox idi, sanki o insanlar heç yaşamamışdı. Amma tarix susmur. İnsan yaddaşı susmur. Zaman keçsə də, həqiqət öz yolunu tapır.
Azərbaycan müstəqillik qazandıqdan sonra bu hadisələrə nəhayət ki, layiq olduğu qiymət verildi. Heydər Əliyev tərəfindən 1998-ci ildə 31 martın “Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi bu istiqamətdə atılan ən mühüm addımlardan biri oldu. Bu qərar sadəcə bir tarixə ad vermək deyildi. Bu, unudulmuşların xatırlanması, susdurulanların səsinin geri qaytarılması idi.
Bu gün biz 31 martı qeyd edərkən sadəcə keçmişə baxmırıq. Biz eyni zamanda özümüzə sual veririk: unutmaq mümkündürmü? Unutmaq doğrudurmu? Çünki unutmaq yalnız keçmişə yox, həm də gələcəyə təsir edir. Unudulan hər hadisə təkrarlanma riski daşıyır.
Bəzən düşünürəm ki, əgər o dövrdə yaşayan insanlar bu günləri görə bilsəydilər, nə deyərdilər? Bəlkə də sadəcə bir şey istəyərdilər – unudulmamaq. Çünki insan üçün ən böyük ikinci ölüm unudulmaqdır. 31 Mart qurbanları isə yaddaşımızda yaşadıqca, əslində, yaşayırlar.
Bu faciə bizə bir dərs də verir. İnsanlıq, ədalət, mərhəmət kimi anlayışlar itəndə, tarix belə qanlı səhifələrlə yazılır. Ona görə də bu gün bu hadisələri xatırlamaq təkcə keçmişə hörmət deyil, həm də gələcəyə məsuliyyətdir.
Biz yazdıqca, danışdıqca, xatırladıqca - tarix yaşayır. Və bəlkə də ən vacibi budur: yaddaşı diri saxlamaq.
Çünki yaddaş varsa, xalq yaşayır. Unutmadıqca isə belə faciələr bir daha təkrarlanmaz.

Qeyd edək ki, 1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr tarixə “Mart soyqırımı” kimi daxil olub. Bu qırğınlar 30 martdan 3 aprelə qədər Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində – Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və Naxçıvanda baş verib. Həmin günlərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlı əhaliyə qarşı kütləvi zorakılıqlar törədib.
Hadisələrin kökü isə daha əvvələ – 1917-ci ildə Rusiyada baş verən Oktyabr inqilabı dövrünə gedib çıxır. Bu inqilabdan sonra Bakıda hakimiyyət Stepan Şaumyan rəhbərlik etdiyi Bakı Sovetinin əlinə keçdi. Onun dövründə şəhərdə bolşeviklərlə erməni millətçi qüvvələri arasında əməkdaşlıq gücləndi və bu, azərbaycanlılara qarşı yönəlmiş siyasətin əsasını təşkil etdi.
Bakıda vəziyyət getdikcə gərginləşirdi. Silahlı dəstələr əsasən azərbaycanlıların yaşadığı məhəllələrdə axtarışlar aparır, evlərə basqın edir, əhali qarət olunurdu. Bu haqsızlıqlara etiraz olaraq müsəlman tacirləri mağazalarını bağladı. 1917-ci ilin sonlarında şəhərdə azərbaycanlılara məxsus dükanların böyük hissəsi fəaliyyətini dayandırmışdı.
Artan narazılıq nəticəsində “İsmailiyyə” binasının qarşısında minlərlə insanın iştirakı ilə mitinq keçirildi. Toplaşanlar şəhərdə baş verən zorakılıqlara etiraz edir, təhlükəsizliyin təmin olunmasını tələb edirdi. Çıxış edənlər açıq şəkildə bildirirdilər ki, əgər onları qoruyan olmayacaqsa, özlərini müdafiə etmək məcburiyyətində qalacaqlar.
Mart qırğınları ərəfəsində isə Bakı Soveti ətrafında müxtəlif siyasi qüvvələr birləşmişdi. Menşeviklər, eserlər, kadetlər və daşnaklar faktiki olaraq bu hakimiyyəti dəstəkləyirdi. Hərbi qüvvələr formalaşdırılarkən azərbaycanlıların bu orduya qəbul edilmədiyi, əvəzində erməni silahlı dəstələrinin geniş şəkildə silahlandırıldığı da tarixi faktlar sırasındadır.
Hətta bəzi mənbələrdə qeyd olunur ki, formal olaraq “sovet ordusu” adlandırılan bu hərbi birləşmələr əslində başqa bir mərkəzdən idarə olunurdu və real güc fərqli strukturların əlində cəmlənmişdi.
Nifrətini silah elə, gəl silahı gözləmə,
Sarıl bu gün inamına, gəl, sabahı gözləmə.
Haqqa güvən, nə gədanı, nə də şahı gözləmə,
Ona-buna göz tikənə yoxdu mənim rəğbətim,
Dur ayağa, məmləkətim, qalx ayağa millətim!
(Zəlimxan Yaqub)
Fatimə Məmmədova
08:12 31.03.2026
Oxunuş sayı: 66