Tramp NATO-dan qisas alır
ABŞ prezidenti Donald Tramp NATO-nun "iştirak müqabilində ödəniş" modeli üzrə radikal şəkildə yenidən qurulmasını nəzərdən keçirir. Bu yolla Tramp əslində Alyansdan qisas almaq istəyir.
Crossmedia.az bu barədə "The Telegraph"-a istinadən məlumat verir.
Ağ Ev Avropa müttəfiqlərinin İrana qarşı Hörmüz boğazına hərbi gəmilər göndərməkdən imtina etməsindən qıcıqlanıb.
Buna cavab olaraq Tramp bir sıra sərt tədbirləri nəzərdən keçirir.
Onun fikirlərindən biri də birgə müdafiə xərclərinin Ümumi Daxili Məhsulun (ÜDM)-nin 5%-dən aşağı olduğu ölkələrin birgə missiyalar, blokun genişləndirilməsi və büdcə xərcləri barədə səs verə bilməyəcəyidir.
Üstəlik, yeni maliyyə həddinə çatmayan müttəfiqlər hücum halında ABŞ-nin himayəsindən məhrum qala bilərlər.
"Ödəniş etməsəniz, gələcək pul xərcləmək barədə səs verə bilməməlisiniz... Təhdidin nə olduğu və alyansın nə etdiyi barədə söhbətə başlamalıyıq. İnsanlara İspaniya və Böyük Britaniyanın hərəkətlərinin qəbuledilməz olduğunu çatdırmalıyıq", - deyə nəşrin həmsöhbətlərindən biri bildirib.
Bundan əlavə, Tramp bir daha Almaniyadan qoşunları çıxarmaqla hədələməyi planlaşdırır. Bu, Ağ Evdəki ikinci müddətinin əvvəlindən bəri üzərində düşündüyü "ideyasıdır".
Bildirilib ki, bu planlar heç vaxt rəsmi olaraq alyansın Brüsseldəki qərargahına müzakirə üçün gətirilməyib. Lakin Amerika rəsmiləri müzakirə forumlarında "ödə və ya sus" modelində israr ediblər.
Böyük Britaniya ilə münasibətlərdə də gərginlik var.
Trampın Britaniya Baş naziri Keyr Starmer ilə münasibətləri Londonun ABŞ əməliyyatları üçün Dieqo Qarsiya hərbi bazasının istifadəsini əvvəlcə bloklamasından sonra pisləşib. Pentaqondakı Trampçılar Londonun etibarsız müttəfiqə çevrildiyindən şikayətlənirlər.
Mənbələrdən biri nəşrə bildirib ki, Amerika xalqı Britaniya hökumətinin nə qədər etibarsız olmasından şoka düşüb. ABŞ Müdafiə Nazirliyi ən böyük müttəfiqimiz olması lazım olan bir ölkə ilə lazımi səviyyədə əməkdaşlıq edə bilməməsindən məyusdur.
00:30 29.03.2026
Oxunuş sayı: 50