KİV: Rusiya İrana PUA-lar göndərir
ABŞ və Avropa rəsmiləri Rusiyanın İrana pilotsuz uçuş aparatları (PUA) göndərdiyini bildiriblər.
Crossmedia.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Mənbələr qeyd edir ki, bu dronlar Tehranın daha əvvəl Moskvaya təqdim etdiyi texnologiyaların təkmilləşdirilmiş versiyalarıdır.
Bildirilir ki, Rusiya Ukraynadakı müharibə zamanı bu sistemlərin dizaynını, xüsusilə naviqasiya imkanlarını inkişaf etdirib.
Məlumata görə, İran son bir ayda İsrailə, Körfəz ölkələrinə və Yaxın Şərqdəki ABŞ bazalarına qarşı dron hücumları həyata keçirib, lakin eyni zamanda öz “Şahid” tipli PUA ehtiyatını qorumağa çalışır.
Avropa kəşfiyyat rəsmilərinin sözlərinə görə, bu ay Moskva və Tehran arasında dronların ötürülməsi ilə bağlı çox aktiv danışıqlar aparılıb. Bununla belə, ABŞ Müdafiə Nazirliyi rəsmiləri bu tədarüklərin miqyası və davamlılığı barədə dəqiq məlumatın olmadığını bildiriblər.
Digər tərəfdən, ABŞ rəsmiləri qeyd edirlər ki, bu cür tədarüklər müharibənin ümumi gedişinə ciddi təsir göstərməyə bilər. Ağ Ev sözçüsü Karolin Livitt isə bildirib ki, digər ölkələr tərəfindən İrana verilən dəstək ABŞ əməliyyatlarının nəticələrinə həlledici təsir etmir.
Eyni zamanda, bəzi Avropa mənbələri dronların artıq yola düşdüyünü ehtimal edir.
İddialara görə, humanitar yardım adı altında daşınan yüklər Azərbaycan üzərindən İrana çatdırıla bilər, lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
20:10 28.03.2026
Oxunuş sayı: 390