Xəzər dənizində səviyyə ciddi azaldı – ekoloji risk artır
Son illərdə Xəzər dənizinin səviyyəsində ciddi azalma müşahidə olunur.Bu, təkcə dənizin ekosisteminə deyil, ətraf bölgələrdə yaşayan insanlar və iqtisadi fəaliyyətlərə də təsir göstərir.
Dənizin geri çəkilməsi balıqçılıq sənayesinə zərbə vurur, çimərlik turizmini azaldır və torpaqların duzlanmasına səbəb olur.
Ekspertlər bunu iqlim dəyişiklikləri, çayların suyunun azalması və sənaye istifadəsi ilə izah edirlər. Xəzərin suyunun səviyyəsinin düşməsi regionda ekoloji tarazlığın pozulması ilə bağlı ciddi xəbərdarlıqdır.
Xəzər Universitetinin Coğrafiya və ətraf mühit departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov problemlə bağlı Crossmedia.az-a danışıb:
"Xəzər kimi daxili göllərin əsas su mənbəyi onlara axan çaylardır. Son 30 ildə dünyada olan daxili göllərin təxminən yarıdan çoxu əhəmiyyətli dərəcədə suyunu itirib, bunların bir qismi isə tamamilə quruyub.

Məsələn, biz Aral gölü, Urmiya gölü, Çad gölü haqqında tamamilə quruyub deyə bilərik. Belə ki, sulu göllər əvvəllər çox müxtəlif və rəngarəng ekosistem xidmətləri təmin edən göllər idi. Burada həm balıqlar yaşayırdı, həm də rütubətli ərazilərdə yaşayan quşlar burada yaşayırdılar. Adını sadaladığım göllər isə tamamilə bu funksiyalardan məhrum olmuşdur".
Müsahib qeyd edib ki, quruma prosesi gözlənilmədən başlayır, çünki göllərdə suyun azalması ilkin etaplarda gözlə görünməyəcək qədər az olur:
"Məsələn, göllərə tökülən çayların suyundan aşırı istifadə etsək belə, bu, göllərin səviyyəsində dərhal özünü göstərmir. Məhz müəyyən bir dövrdən sonra bu özünü göstərməyə başlayır və qəflətən ekoloji faciənin şahidi oluruq.
Aral dənizində və Urmiya gölündə də vəziyyət belə olub. İndi isə bu proses Xəzərdə başlayır. Əlbəttə, Xəzərdə tarixi azalmalar olub. Xəzər dənizindəki tarixi azalmalar, daxili göllərin olması ilə bağlı olub. Daxili göllərdə səviyyənin artıb-azalması müşahidə oluna bilər, lakin Xəzər kimi böyük göldə bu artma-azalma daha iri bir miqyasda baş verə bilər.
Amma hazırkı azalma həm də iqlim dəyişmələrinin təsiri və çayların suyundan aşırı istifadə nəticəsində baş verir. Azərbaycan Prezidenti ilə Xəzər haqqında tanışlıq zamanı belə bir fikir irəli sürmüşdük ki, hər məsələni yalnız iqlim dəyişmələrinin günahına yazmaq düzgün deyil.
Biz Xəzərə tökülən çayların suyundan aşırı istifadə edirik. Məsələn, Volqa çayının üzərində olan su anbarlarının ümumi sahəsi 30 min kvadrat kilometrdən çoxdur. Bu, əlavə təsirlər deməkdir.
Həşdərxan vilayətində son illərdə əkin sahələrinin ümumi miqdarı azalmışdır. Kür çayı hövzələrindəki oxşar halların mövcudluğuna şahid oluruq.
Məsələn, Kür hövzəsində su götürmələri xeyli artıb, Türkiyə, Gürcüstan və Azərbaycanın özündə Kürdən su götürmələri əvvəlki illərə nisbətən daha çox artıb. Əlbəttə ki, bu, Xəzərin səviyyəsində özünü göstərir. Bu proses dönməz ola bilər. Əgər bugün adaptasiya tədbirləri həyata keçirilməzsə, bu proses dönməz olacaq. Buna görə də Azərbaycan bu prosesə artıq başlamışdır; məsələn, hal-hazırda Şirvan kanalının bərpasını genişləndirib dövriyyəsini görürük. Bu yalnız əksin sahələrin artırılması ilə bağlı deyil. Eyni proqramlar digər Xəzər ölkələrində də həyata keçirilməlidir".
R.Abbasovun fikrinə görə, 5 Xəzər dövləti bir araya gələcək və müəyyən öhdəliklər götürəcəklər ki, hər ölkənin ərazisindən axan çaylardan Xəzərə nə qədər su gəlməlidir:
"Vacib bir məqam da var ki, biz bu prosesə Türkiyə, Gürcüstan və Ermənistanı da cəlb etməliyik. Çünki Xəzərə axan suların götürülməsində onlar da iştirak edirlər. İran özü də bu məsələdə həm Xəzərin ölkəsi kimi, həm də dolayı yollarla Xəzərə axan suların azalmasında rol oynayır".
Fatimə
13:52 26.03.2026
Oxunuş sayı: 62