Xanım Daşdəmirova: "TəhsilPlus" mərhələli şəkildə paylanacaq - MÜSAHİBƏ
“Tələbəplus” kartlarından sonra artıq “TəhsilPlus” kartları da istifadəçilərinə verilir. Təhsil ictimaiyyətinin həyəcanla gözlədiyi kartlarla bağlı sualları Təhsilin İnkişafı Fondunun İdarə Heyəti sədrinin müavini Xanım Daşdəmirova cavablandırıb.

İtirilən və yararsız hala düşən kart rüsum ödənilməklə bərpa ediləcək
– Kart zədələnərsə və ya itərsə, istifadəçi onu yenidən əldə edə bilər?
– Bəli, kartın zədələnməsi və ya itirilməsi halında istifadəçi onu yenidən əldə edə bilər. Bunun üçün kart sahibi tərəfdaş banka müraciət etməlidir. Müraciətdən sonra kart bloklanır və yeni kartın hazırlanması prosesi həyata keçirilir. Yeni kart hazır olduqdan sonra istifadəçiyə təqdim olunur.
– Bəs buna görə ödəniş tələb olunurmu?
–"TəhsilPlus" kartını ilk dəfə alan şəxs bunu pulsuz əldə edəcək. Amma itirilərsə və ya yararsız hala düşərsə, o zaman bankın müəyyən daxili qaydalarına əsasən, digər kartlarda olduğu kimi, rüsum tətbiq edilir.
Kart 5 illik olacaq
– Kartın istifadə müddəti varmı? Həmin kart birdəfəlikdir, yoxsa müəyyən müddətdən bir yenilənəcək?
– "TəhsilPlus" kartının istifadə müddətinin 5 illik olması nəzərdə tutulub. Müddət başa çatdıqdan sonra kart yenilənəcək. Kartın texnoloji imkanları təqdim olunan xidmətlərin mütəmadi olaraq yenilənməsinə imkan yaradır.
– İşləməyən və hazırda təqaüddə olan təhsil işçilərinə də kartlar veriləcəkmi? Əgər veriləcəksə, onlar bunu necə və haradan əldə edəcəklər?
– Hazırda "TəhsilPlus" kartı aktiv şəkildə təhsil sistemində çalışan təhsil işçiləri üçün nəzərdə tutulub. Kartların sifarişi təhsil işçisinin çalışdığı təhsil müəssisəsi tərəfindən həyata keçirildiyi üçün işləməyən və ya təqaüddə olan şəxslər üçün bu mexanizmin tətbiqi hazırda texniki baxımdan mümkün deyil.
Bununla belə, gələcək mərhələlərdə layihənin əhatə dairəsinin genişləndirilməsi imkanları qiymətləndirilə bilər. Bu istiqamətdə əlavə qərarlar mövcud ehtiyaclar və imkanlar nəzərə alınaraq qəbul olunacaq.
– Kart nəqliyyatdan istifadə edən zaman təhsil işçilərinə 10 faiz bonus verəcək. Nəyə görə istifadəçilər bu imkandan yalnız mobil tətbiqdən istifadə edən zaman yararlana bilirlər?
– Nəqliyyat üzrə bonus mexanizmi rəqəmsal platforma üzərindən həyata keçirilir. Mobil tətbiqdən istifadə bonusların avtomatik hesablanması və istifadəçinin hesabında anında əks olunması baxımından daha effektiv və şəffaf mexanizm formalaşdırır. Bu yanaşma həm də istifadəçilərə bonuslarını rahat şəkildə izləmək və idarə etmək imkanı yaradır.

– "TəhsilPlus"dan öncə "TələbəPlus" kartları paylanılıb. Tələbələrə kartların paylanması prosesi hansı mərhələdədir? Artıq bütün tələbələr kartla təmin olunubmu? Yaxud hansı müəssisələrdə neçə tələbə artıq kart sahibidir?
– "TələbəPlus" kartı artıq geniş kütləni əhatə edir. Artıq 200 minə yaxın tələbə bu kartın istifadəçisidir və 28 ali təhsil müəssisəsi layihəyə qoşulub. Bu da layihənin tələbələr arasında geniş maraq və real istifadə imkanına malik olduğunu göstərir. Bu layihəyə qoşulma universitetlərin müraciəti əsasında, texniki imkanlar nəzərə alınmaqla həyata keçirilir. Hazırda kartdan yalnız ali təhsil müəssisələrində təhsil alan tələbələr istifadə edir. Qarşıdakı mərhələdə bu siyahıya orta ixtisas və peşə təhsili müəssisələrinin də cəlb edilməsi planlaşdırılır. Məqsəd ölkə üzrə bütün tələbələrin kartla təmin olunması və bu imkanlardan faydalanmasına şərait yaratmaqdır.
– Bu kartların fərqi nədir? İstifadə yerləri, şərtləri, imkanları, verdiyi üstünlüklərinə görə "TələbəPlus"dan nə ilə fərqlənir?
– "TələbəPlus" və "TəhsilPlus" kartları eyni konsepsiya əsasında hazırlanmış olsa da, fərqli hədəf qruplarına yönəlib. "TələbəPlus" ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub, "TəhsilPlus" isə bütün təhsil pillələri üzrə fəaliyyət göstərən təhsil işçilərini əhatə edir.
Hər iki kart istifadəçilərə müxtəlif sahələrdə endirim və üstünlüklər təqdim edir. Bununla yanaşı, tərəfdaş şəbəkəsi və təqdim olunan imkanlar hədəf auditoriyanın ehtiyaclarına uyğun şəkildə formalaşdırılır.
Məqsəd həm tələbələrin, həm də təhsil işçilərinin sosial rifahını dəstəkləyən əlavə imkanlar yaratmaq və onların gündəlik həyatında faydalı xidmətlər ekosistemi formalaşdırmaqdır. Bu təşəbbüs təhsil ictimaiyyəti üçün yaradılan sosial dəstək mexanizmlərinin daha da gücləndirilməsinə xidmət edir. (Azərbaycan müəllimi)
17:36 16.03.2026
Oxunuş sayı: 46