Bələdiyyələr niyə hələ də tam işlək deyil? – ekspertlər mövcud problemləri açıqladı
Bələdiyyələr yerli özünüidarəetmə qurumu kimi hər il əvvəlki ildə gördükləri işlər barədə seçicilərə məlumat verirlər. Bu hesabatda həmçinin bələdiyyəyə məxsus əmlakın necə istifadə olunması haqqında da məlumat yer alır.
Hesabat bələdiyyə binasının qarşısında yerləşdirilən xüsusi lövhələrdə asılır və eyni zamanda elanlar, bülletenlər, vərəqələr, yerli qəzetlər, internet saytı və digər vasitələrlə əhaliyə təqdim olunur.
Mütəxəssislər mövzu ilə bağlı Crossmedia.az-a açıqlama verib:
Azad Vətən Partiyasının sədri Akif Nağının sözlərinə görə, onların partiyasının 5 rayonda bələdiyyə üzvləri var:
"Müəyyən bələdiyyələr razılıq verirlər. Məsələn, Sabirabadda nümayəndəmiz strukturda yer alıb və fəaliyyət göstərir. Cəlilabadda işlər görülür, şərait yaradılır, imkan verilir. Digər rayonlarda isə az-çox iştirak olunur. Bu hesabatlarla bağlı ümumi bir problemdir. Ümumiyyətlə, hələ də bələdiyyələrlə bağlı müəyyən çalxalanmalar var və konkret mövqe yoxdur.

Doğrudur, statusu qanunda var, bütün hüquqları da müəyyən edilib. Amma hələ real şəkildə bələdiyyələr işlək bir quruma çevrilməyib. Bu yaxınlarda mənim bildiyimə görə, belə bir qərar qəbul olundu ki, bələdiyyələrin torpaq mülkiyyəti məhdudlaşdırılır. Yəni torpaq verilməsi və ayrılması hüquqları məhdudlaşır ki, bu da bələdiyyələrə ziyan vurur.
İndi isə söhbət gedir ki, proseslərdə torpaq verilərsə, birbaşa bələdiyyələrə verilsin. Hətta, təkcə fərdi yaşayış evləri yox, binalarla bağlı da torpaq verilməsi haqqında qanun var, amma hələ tam şəkildə yoluna düşməyib; bəzi yerlərdə qaydasına düşür, bəzilərində isə hələ də tətbiq olunmur. Yəni bələdiyyələrin işində müəyyən qeyri-müəyyənlik qalır".
A.Nağı bildirib ki, bəzi yerlərdə hesabatlar lövhələrə yapışdırılır, amma çox vaxt formal xarakter daşıyır. Bəzi yerlərdə isə belə bir şey ümumiyyətlə yoxdur, bələdiyyələr sanki mövcud deyil:
"Ona görə də, bələdiyyələrin fəaliyyətinin istiqamətləndirilməsi, işlərinin tənzimlənməsi və qanunverici bazasının möhkəmləndirilməsi ilə bağlı ciddi ehtiyac var. Bu il ərzində müəyyən dəyişikliklər gözlənilir.
Ümumiyyətlə, idarəetmə və strukturların əlaqələndirilməsi, səlahiyyətlərin artırılması və ya azaldılması, dəyişdirilməsi kimi məsələlər müzakirə olunur. Bunların arasında bələdiyyələrin yeri və fəaliyyətinin təmin olunması məsələsi də var. Fikirlər, təkliflər və müzakirələr davam edir.
İstərdim ki, bu il ərzində bələdiyyələrin işində dönüş yaransın və onlar insanların birbaşa təmasda olduğu quruma çevrilsin. İnsanların arzularını və istəklərini məhz bələdiyyələr həyata keçirməlidir. İnsanların məşğulluğu və dövlətlə bağlı düşüncəsi də müəyyən mənada bələdiyyələrdən asılıdır. Yəni yerli insanlarla işləyən qurumlar məhz bələdiyyələrdir.
Ona görə də, bu məsələ ciddi şəkildə diqqətə alınmalı və zəruri, vacib addımlar atılmalıdır".
Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli isə ötən ilin fəaliyyətinə qısa olaraq nəzər yetirib:

"2025-ci ilin yanvarında keçirilən seçki prosesi daha çox bələdiyyələrin sayının azaldılması ilə yadda qaldı. Belə ki, bələdiyyələrin sayı bu seçkidən sonra 1606-dan 685-ə düşdü. Birləşdirmə müəyyən mənada bələdiyyələrin inzibati ərazilərdə çəki və nüfuzunun artmasına, maliyyənin təmərküzləşməsinə, xərclərin azalmasına öz töhfəsini vermiş olsa da, bu gün 685 bələdiyyənin bir qismi fəaliyyətə həcmi kifayət qədər olan DSMF borcu ilə başladı. Bu gün birləşdirmədən sonra fəaliyyətə başlayan 685 bələdiyyənin 30 faizədək hissəsi məhz bu borcun “bağlanılması” üçün var qüvvəsi ilə çalışır. Və borc azalmağa doğru getməkdədir. Lakin borc hələ də bəzi bələdiyyələr üçün, xüsusəndə Biləcəri bələdiyyəsi üçün ciddi problem olaraq qalmaqdadır".
V.Tofiqli vurğulayıb ki, bütün bu və digər çətinliklərə baxmayaraq, bir il ərzində yeni formalaşan bələdiyyələr ortaya konkret iş qoya bildilər:
"Artıq Sumqayıt bələdiyyəsinin yeni tərkibi ölkə bələdiyyələri sırasında büdcə gəliri dörd milyon manata çatan ilk bələdiyyə oldu. Sumqayıt bələdiyyəsi ilə yanaşı, paytaxtın Nərimanov, Xətai, Nəsimi, Yasamal bələdiyyələri üç milyonluq hədəfə, Səbail bələdiyyəsi iki milyonluq hədəfə, Binəqədi, Nizami və M.Ə.Rəsulzadə bələdiyyələri isə bir milyonluq hədəfə doğru irəliləməkdədirlər. Bu bələdiyyələrin hər biri ötən bir il ərzində kifayət qədər layihə icra etməklə ərazilərində vətəndaş məmnunluğunun təmin edilməsinə öz töhfələrini verə bildilər. Maraqlı və diqqəti çəkən məqam ondadır ki, 25 il ərzində ictimaiyyət ilk dəfə bir sıra bələdiyyələrlə yanaşı, Şabran bələdiyyəsinin olduğunu da bildi. Yeni formaşalan tərkib fəaliyyətini həm ciddi şəkildə təbliğ etməklə, həm də vətəndaş-bələdiyyə münasibətlərini tənzimləməklə şəhərdə bələdiyyənin nüfuzunu bir xeyli artırmış oldu".
Müsahibin sözlərinə görə, bu gün ölkə bələdiyyələrinin qarşılaşdığı və üzləşdikləri problemlərin müəyyən bir qismi əmlak məsələləri ilə bağlıdır:
"Mülkiyyətə torpaq və əmlakın, o cümlədən bələdiyyələrin xəritəsinin bu günə kimi təqdim edilməməsi, Bakı bələdiyyələrində ümumiyyətlə, bu prosesin bu günə kimi icra olunmaması - bütün bu məsələlərin kökündə Əmlak Məsələləri Dövlət Xidmətinin mərkəzi icra orqanı olaraq bələdiyyələrə yaratdığı problemlər dayanır.
Yəni göründüyü kimi, birinci növbədə bələdiyyənin əsas problemi əmlakla bağlıdır. Beləliklə, ötən bir ilə qısa bir nəzər yetirdik. Görünən odur ki, dövlət bələdiyyənin inkişafına maraqlıdır. Qalır bələdiyyə üzvlərinin və qulluqçularının bu prosesə öz töhfəsini verməsi. İnanıram ki, bu beşilliyin sonunda daha təkmil, yüksək inkişaf səviyyəsinə çatan bir bələdiyyə sistemini görə biləcəyik".
Fatimə Məmmədova
13:25 12.03.2026
Oxunuş sayı: 127