Minatəmizləmə işləri ilə bağlı yenilik - Detallar açıqlandı
Prezident İlham Əliyev minatəmizləmə fəaliyyəti ilə bağlı qanunvericiliyin icrasını təmin etmək məqsədilə yeni fərman imzalayıb. Fərmana əsasən, minatəmizləmə işləri aparılan ərazilərdə tarixi və mədəniyyət abidələri aşkar edildiyi halda xüsusi qaydalar tətbiq olunacaq. Yeni dəyişikliklərə görə, qoruq ərazilərində bu fəaliyyət yalnız müvafiq icazə əsasında həyata keçiriləcək. Bu səlahiyyət İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçiriləcək. Qərar tarixi-mədəni irsin qorunması ilə təhlükəsizlik tədbirlərinin uzlaşdırılmasına xidmət edir.

Bu barədə Crossmedia.az-a açıqlama verən hərbi ekspert Şair Ramaldanov Azərbaycan dövləti tarixi abidələrinə həmişə çox böyük diqqətlə yanaşıldığını vurğulayıb: "Cənab Prezidentin imzaladığı fərmanda edilən dəyişikliklər bir daha İlham Əliyevin Azərbaycanın tarixi abidələrinə olan hörmət və qayğıkeş münasibətini göstərir. Mina təmizləmə zamanı çox vaxt partlamamış sursatlar və ya minalar əgər onların yaxınlığında hər hansı infrastruktur obyektləri yoxdursa yerində zərərsizləşdirilir, Prezident bu fərmanla məhz mina təmizləmə zamanı tarixi abidələrin yerləşdiyi ərazilərdə minaların təmizlənməsi məsələsinin icazə əsasında həyata keçirilməsini nəzərdə tutur. Yəni bu icazə, daha çox həmin tarixi abidələrin qeydiyyatda olduğu və müvafiq qurumlar tərəfindən qorunması məsələsinin Mina Təmizləmə Agentliyi ilə birgə aparılmasını məqsədəuyğun edir. Digər tərəfdən, tarixi abidələrin reyestrləri müvafiq qurumlarda mövcud olduğu üçün həmin məlumatlar Mina Təmizləmə Agentliyinə təqdim edilərək mina və partlamamış sursatların zərərsizləşdirilməsi prosesinin tarixi abidələrə ziyan vurmadan, dağıntıya səbəb olmadan aparılması nəzərdə tutulur. Təbii ki, bu halda zərərsizləşdirmə işlərinin yerində deyil, həmin ərazidən çıxarılaraq daha təhlükəsiz sahədə həyata keçirilməsi nəzərdə tutulur. Digər tərəfdən, əgər hər hansı partlayıcı qurğunun oradan çıxarılması mümkün deyilsə, ərazinin qorunması üçün əlavə mühafizə tədbirlərinin görülməsi, qoruyucu qurğuların yerləşdirilməsi və bundan sonra müvafiq addımların atılması mümkündür".
Ekspert hesab edir ki, bu proses individual şəkildə Mina Təmizləmə Agentliyi və tarixi abidələrin qorunması ilə məşğul olan qurumların birgə fəaliyyəti çərçivəsində həyata keçiriləcək: "Çünki bəzi hallarda sürprizli minalar və ya xüsusi quruluşlu partlayıcılar olduqda onları yerindən tərpətmək mümkün olmur. Belə hallara erməni tərəfi tərəfindən Azərbaycanda yerləşdirilmiş sürprizli minalarla bağlı mina təmizləmə işləri zamanı dəfələrlə rast gəlinib. Düzdür, Azərbaycanın mina təmizləmə ilə məşğul olan heyəti kifayət qədər peşəkar və böyük təcrübəyə malikdir. Cənab Prezidentin tarixi abidələrin qorunması ilə bağlı verdiyi fərmandan irəli gələn tələblərə uyğun olaraq mina təmizləyicilərimiz yüksək peşəkarlıqla, minimum ziyanla və ya ziyan vurmadan tarixi abidələrin yerləşdiyi ərazilərdə mina sahələrinin təmizlənməsini uğurla həyata keçirəcəklər. Əlbəttə, bu məsələ turizm sahəsi baxımından da əhəmiyyətlidir. Düşünürəm ki, gələcəkdə turizm üçün istifadə olunacaq ərazilərdə də həm turist təhlükəsizliyi, həm də təbii flora və fauna baxımından bu məsələlərə xüsusi diqqət yetiriləcək. Hər halda Azərbaycanın tarixi abidələri çoxdur və erməni faşistlərindən fərqli olaraq Azərbaycan bu torpaqların sahibi kimi hər daşına, hər tarixi irsinə və hər tarixi abidəsinə böyük hörmət və diqqətlə yanaşır. Məhz bu kimi fərman dəyişikliklərinin edilməsi də bunu bir daha təsdiqləyir".
Fatimə Məmmədova
13:49 02.03.2026
Oxunuş sayı: 1507