Tural Abbaslı sərt danışdı: "İnsanların barmağında ikinci üzük axtarmaq əvəzinə..."
Azərbaycan Respublikasının dövlət sərhədlərinin mühafizəsi milli təhlükəsizliyin əsas tərkib hissələrindən biridir. Xüsusilə narkotik vasitələrin qanunsuz dövriyyəsi və sərhəd pozuntuları region üçün ciddi təhdid mənbəyi olaraq qalır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin 4 naməlum şəxs tərəfindən pozulmasına cəhd göstərilməsi bu təhlükələrin real xarakter daşıdığını bir daha sübut edir. Hadisə zamanı sərhədçilərin operativ müdaxiləsi nəticəsində sərhəd pozucularının qarşısı alınmış, ərazidə külli miqdarda narkotik vasitə aşkarlanmışdır. Bu fakt dövlət sərhədlərinin qorunması sahəsində həyata keçirilən tədbirlərin əhəmiyyətini və sərhəd təhlükəsizliyinin strateji rolunu ön plana çıxarır.

Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı bildirib ki, İran dünya üzrə narkotrafik marşrutunda yerləşən əsas ölkələrdən biridir: "Yəni Əfqanıstan narkotiklərinin Avropaya və dünyaya çıxışında logistika baxımından əsas tranzit ölkələrdən biridir və biz də indi İranla qonşuyuq. Ona görə təbii ki, biz də dövlət olaraq istər-istəməz bu prosesin iştirakçısı oluruq. Çünki narkotiklər Əfqanıstandan İrana, İrandan Azərbaycana, Azərbaycandan Gürcüstana, Gürcüstandan isə Türkiyə və Avropa istiqamətinə çıxarılır. Bizim durub "İran niyə sərhədlərinə nəzarət etmir, niyə narkotikləri buraxır?" deməyimiz düzgün olmaz. Çünki onların öz siyasəti var, özləri bilər. Biz öz sərhədlərimizi möhkəmləndirməliyik, öz gömrük-buraxılış məntəqələrimizdə nəzarəti artırmalıyıq. Yəni iPhone telefonları, kameralı dronlar, insanların barmağında ikinci üzük axtarmaq əvəzinə narkotikləri axtarmaq lazımdır".
O əlavə edib ki, Azərbaycan gəncliyi də bu zərərli maddələrin təsiri altına düşür və ziyan görür: "O baxımdan Azərbaycanın üzərinə iş düşür və bu mübarizə metodları da sirr deyil, onları davam etdirmək lazımdır".
Mehriban Yariyeva
12:59 02.03.2026
Oxunuş sayı: 805