Qərbi azərbaycanlıların öz evlərinə ziyarətləri təşkil edilməlidir - Partiya sədri
Xocalı faciəsinin ildönümü çərçivəsində keçirilən anım tədbirləri zamanı Qərbi Azərbaycan məsələsi də yenidən ictimai diqqət mərkəzinə gətirilib. Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli bir nçə gün əvvəl “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında Qərbi Azərbaycan qaçqınlarının doğma yurdlarına qayıdışının tarixi və hüquqi bir haqq olduğunu vurğulayıb.
İcması sədrinin sözlərinə görə, bu istiqamətdə əsas məqsəd soydaşların ata-baba torpaqlarına qayıdışının təmin edilməsidir. O qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına dönüşünü artıq real prosesə çevirib və eyni yanaşmanın Qərbi Azərbaycan qaçqınlarına münasibətdə də öz əksini tapacağına əminlik ifadə olunub.

Məsələ ilə bağlı Ədalət partiyasının sədri Mütəllim Rəhimli Crossmedia.az-la öz fikirlərini bölüşüb: "İndiki Ermənistan ərazisində çoxsaylı azərbaycanlıların yaşadığı heç kimə sirr deyil. Hətta tarixin son 80-90 ilini çıxsaq digər bütün zamanlarda əhalinin say nisbətində soydaşlarımızın mütləq çoxluq təşkil etdiyi faktları da danılmazdır. Çünki həmin torpaqlar bizim olub. Bunu yer adları da sübut edir. Sovetlər qurulduqdan sonra müxtəlif vaxtlarda azərbaycanlıların öz doğma yurd-yuvalarından sürgün edilməsi, məcburi şəkildə köçürülməsi ilə etnik tərkib dəyişdirildi. 1988-ci ildə başlayan erməni millətçilərinin vəhşiliyi ilə soydaşlarımız öz dədə-baba torpaqlarından qovuldular. Ona görə də azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq haqqı var və bu onların fundamental hüququdur. Son vaxtlar Qərbi Azərbaycan İcmasının yaranması ilə bu istiqamətdə ciddi təşkilatlanma prosesi başlayıb. İnsanlar öz doğma evlərinə qayıtmaq istəyirlər. Onların bu haqqını heç kim əllərindən ala bilməz. Qərbi azərbaycanlıların bütün bu cəhdlərinin arxasında böyük ümid və inam dayanır".
Onun fikrincə, prosesin kəsilməzliyini təmin etmək və Qərbi Azərbaycan torpaqlarının həqiqi sahibinin bütün dünyaya bəyan edilməsi vacibdir: "Bundan başqa həmin insanların öz evlərinə ziyarətləri təşkil edilməlidir. Bu proses beynəlxalq təşkilatların və jurnalistlərin müşayiəti ilə həyata keçirilməlidir. Ermənistan onlara təhlükəsizlik qarantiyası verməlidir. Bundan başqa qeyri-hökumət təşkilatları səviyyəsində də bu məsələ daimi olaraq gündəmdə saxlanılmalıdır. Azərbaycan hökumətinin dəstək siyasəti və diplomatik səylər də Qərbi azərbaycanlıların oz yerlərinə qayıtmasına əhəmiyyətli dəstək olar".
Elmir Heydərli
11:29 02.03.2026
Oxunuş sayı: 1100