AZAL təyyarəsi ilə bağlı hadisə unudulmayıb: Aydınlıq gətirilməlidir
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qəti və dəyişməzdir.
Azərbaycan xarici işlər naziri Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında bildirib ki, AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qəti və dəyişməzdir.
O, əlavə edib ki, bu hadisəyə hüquqi və siyasi müstəvidə obyektiv qiymət verilməsinin vacibliyini vurğulayıb.
Nazirin sözlərinə görə, 2025-ci ilin oktyabrında Azərbaycan və Rusiya prezidentləri arasında keçirilmiş görüşdə bu məsələ ilə bağlı konkret yanaşmalar səsləndirilib və hadisənin Rusiya Müdafiə Nazirliyinin səhvi nəticəsində baş verdiyi qeyd olunub. Azərbaycan tərəfi gözləyir ki, baş vermiş insidentlə bağlı bütün zəruri tədbirlər görülsün, hadisəyə hüquqi qiymət verilsin və zərərçəkənlərə müvafiq kompensasiyalar ödənilsin.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Xarici işlər naziri Ceyhun Bayramovun AZAL təyyarəsinin vurulması ilə bağlı qəti mövqe ifadə etməsi Azərbaycanın milli maraqlarını və vətəndaşlarının təhlükəsizliyini prioritet hesab etdiyini göstərir. Dövlət bu məsələni beynəlxalq hüquq çərçivəsində araşdırmaq və ədalətli nəticə əldə etmək niyyətindədir. Belə hadisələrə aydınlıq gətirilməsi regionda sabitliyin və etimadın qorunması baxımından mühüm əhəmiyyət daşıyır".
Elmir Heydərli
11:20 02.03.2026
Oxunuş sayı: 1436