Rusiya Avropaya "barmaq silkələdi": Yeni müharibə həyəcanı
Rusiya xarici işlər naziri Sergey Lavrovun Avropa ilə bağlı səsləndirdiyi növbəti sərt bəyanat, qlobal təhlükəsizlik mühitində artan gərginliyin və böyük güclər arasında qarşıdurma riskinin daha da dərinləşdiyini göstərən mühüm siqnal kimi qiymətləndirilir. Xüsusilə Rusiya ilə Avropa arasında Ukrayna müharibəsi fonunda formalaşan siyasi, hərbi və iqtisadi qarşıdurma artıq yalnız regional müstəvidə deyil, daha geniş geosiyasi müstəviyə keçmək ehtimalı ilə müzakirə olunur.
Lavrovun “tamamilə başqa müharibə” ifadəsi tərəflər arasında mümkün eskalasiyanın miqyası, NATO faktorunun rolu, nüvə deterrensi və konvensional hərbi balans məsələlərini yenidən gündəmə gətirib. Bu kontekstdə Rusiyanın Avropa ilə birbaşa müharibə aparmaq imkanları, belə bir ssenarinin real olub-olmaması və müharibənin baş verməsi halında Moskva üçün hərbi, iqtisadi və siyasi nəticələrinin necə olacağı beynəlxalq ekspert dairələrində ən çox müzakirə edilən suallardan birinə çevrilib.

Mövzu ilə bağlı politoloq Sahil İsgəndərov Crossmedia.az-a açıqlama verib: "Əslində, Lavrovun bu açıqlamasında yenə heç bir yeni məqam yoxdur və Moskva Avropaya çatdırmaq istəyir ki, bu fikir dəfələrlə rusiyalı ekspertlər və rəsmi səviyyədə bəzi məmurlar tərəfindən də səsləndirilib. Yəni Rusiya Ukraynaya qarşı əslində müharibə aparmalıdır. Rusiya hərbi əməliyyatlar keçirir, amma istənilən halda ukraynalıları öz qan qardaşları və yaxud slavyan qardaşları hesab etdiklərinə görə, Ukraynaya qarşı tammiqyaslı müharibə aparmamalıdır. Amma Avropadan və ya Qərbdən kimsə Rusiyaya qarşı çıxsa, doğrudan da, Rusiya Ukraynada özü üçün çəkdiyi qırmızı xətləri artıq keçməyə bilər və Avropa ilə müharibədə bu xətlərə konkret əməl etməyəcək. Buna görə də Lavrov bu bəyanatı verir. Amma mən burada əsas diqqəti ona yönəltməzdim ki, Lavrov bu bəyanatı verməklə kimisə çəkindirmək, qorxutmaq və ya hədələmək istəyir. Lavrovun bu bəyanatının arxasında duran əsas məqam odur ki, Avropada Rusiya ilə müharibə etmək cəsarəti yoxdur. Ola bilsin ki, müəyyən iqtisadi güc və hərbi potensial var, amma açıq şəkildə Avropanın hərbi gücünü Rusiyanın hərbi potensialı ilə müqayisə etmək çətindir. Söhbət konvensional silahlardan gedirsə, Rusiyanın dünyada ən böyük nüvə ehtiyatına malik dövlətlərdən biri olduğu unudulmamalıdır. Paritet əsaslarla ABŞ ilə müqayisə edilir".
Ekspert əlavə edib ki, Lavrovun fikrində Avropa konkret olaraq təkbaşına Rusiyaya qarşı müharibəyə başlamaq üçün nə qətiyyətə, nə də imkanlara malikdir: "ABŞ-nin dəstəyi olmadan Avropa indiki məqamda heç vaxt Rusiyaya qarşı birbaşa müharibəyə başlamayacaq. Çünki Avropanın siyasi elitası fərqli elitadır. Tarixə nəzər salsaq, Rusiya heç vaxt müharibələrdə tam məğlub olmayıb və Qərbin Rusiyanı məğlub etdiyi əsas müstəvi sülh müstəvisidir. Yəni Rusiyanı Qərbin təsiri altında zəiflətmək və məğlub etmək imkanı daha çox siyasi və iqtisadi vasitələrlə mümkündür. Bu baxımdan düşünürəm ki, hətta ABŞ belə Avropa ilə birlikdə Rusiyaya qarşı açıq müharibəyə getməyəcək. Qərbin əsas siyasəti Rusiyanı digər ölkələr vasitəsilə zəiflətməkdir, məsələn Ukrayna kimi, yaxud post-sovet məkanında digər dövlətlərlə qarşıdurma müstəvisində. Bu baxımdan hesab edirəm ki, Avropa Rusiyaya qarşı açıq müharibəyə getməyə cəsarət etməyəcək. Avropa İttifaqının siyasi elitası təhlükəsizlik məsələlərində kifayət qədər qətiyyətli görünmür və dünya siyasətinin hərbi müstəvisini tam dərk etmədiyi barədə fikirlər mövcuddur. Ona görə də Lavrov bu bəyanatı verərək mesaj ötürür ki, müharibənin genişlənməsi arzuolunan deyil. Digər tərəfdən, uzun müddətdir aparıcı dövlətlərin liderləri dünya müharibəsi riskindən danışırlar. Əgər Avropa açıq şəkildə Rusiyaya qarşı müharibəyə başlasa, son nəticədə bu konvensional silahlarla məhdud qalmaya bilər və nüvə müharibəsinə gətirib çıxara bilər. Tarixdə də nüvə silahına malik dövlətlə nüvə silahı olmayan dövlət arasında birbaşa müharibənin nəticələri ilə bağlı ciddi suallar mövcuddur. Nüvə silahı belə dövlətlər üçün bir növ sığorta funksiyası daşıyır".
S.İsgəndərov bildirib ki, Rusiya imperiya düşüncəsinə malik dövlət kimi xarakterizə olunur, lakin bu cür münaqişələrdə balans və rasional yanaşma vacibdir: "Avropa tez-tez Rusiyanın NATO və Avropa ölkələrinə hücum edə biləcəyi barədə narahatlıq ifadə edir. Lakin Lavrovun bəyanatı daha çox onu göstərir ki, Moskva Avropanın ABŞ dəstəyi olmadan müharibəyə getməyəcəyini düşünür. Digər tərəfdən, Avropa Rusiyanın dondurulmuş vəsaitlərini müsadirə etmək məsələsində belə tərəddüd edir. ABŞ Ukraynaya dəstəyi azaltdıqdan sonra Ukraynanın vəziyyətinin çətinləşdiyi də müşahidə olunur. Avropalılar silah təminatı məsələsində belə çətinliklərlə üzləşir və ABŞ istehsalı silahların tədarükündə uzun növbələr mövcuddur. Bu baxımdan Lavrovun bəyanatı mövcud reallıqlara əsaslanır və qətiyyət nümayiş etdirmək məqsədi daşıyır. Mən yenə də hesab edirəm ki, Avropa Rusiyaya qarşı birbaşa müharibəyə getməyəcək. Qərb dolayısı ilə Ukraynada Rusiyaya qarşı müharibədə iştirak edir, lakin açıq müharibə ehtimalı aşağıdır. Avropa hazırda daxili problemlərlə də üzləşir və ABŞ ilə münasibətlərində müəyyən gərginlik müşahidə olunur. Bu şəraitdə Avropanın Rusiyaya qarşı müharibəyə getməsi real görünmür. Tarix dəfələrlə göstərib ki, Rusiyanı məğlub etməyin əsas yolu hərbi deyil, siyasi və iqtisadi təzyiq vasitələridir. Əgər Avropa Rusiyaya qarşı müharibəyə başlasa, əvvəlcə öz aqibətini düşünməlidir. Müharibə başlamazdan əvvəl qazanılan və itirilənlərin nisbəti hesablanmalıdır. Rusiyanın parçalanması yalnız daxili proseslər nəticəsində mümkün ola bilər və Rusiya tarix boyu müharibələrə alışmış bir dövlətdir. Son mərhələdə Rusiyanın nüvə potensialı da mühüm amildir. Avropada nüvə silahına malik dövlətlər Böyük Britaniya və Fransadır və onların ümumi potensialı Rusiyanın potensialı ilə müqayisədə daha azdır. Avropada ABŞ-nin nüvə çətiri uzun müddət təhlükəsizlik təminatı rolunu oynayıb".
Müsahibimiz qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron da nüvə silahından istifadə ilə bağlı qərarın milli səviyyədə qəbul ediləcəyini bildirib: "Bu isə Avropanın vahid nüvə strategiyası məsələsində çətinliklər olduğunu göstərir. Müasir dövrdə konvensional müharibələrin genişlənərək dünya müharibəsinə çevrilməsi və nəticədə nüvə müharibəsi riskinin artması ehtimalı mövcuddur. Bu baxımdan Lavrovun bəyanatı daha çox strateji mesaj xarakteri daşıyır. Burada əsas məsələ qarşılıqlı meydan oxuma deyil, ümumi geosiyasi reallıqların ifadəsidir. Belə bəyanatlar həm Avropa, həm də Rusiya tərəfindən tez-tez səsləndirilir. Hesab edirəm ki, mövcud vəziyyətdə əsas məsələ qlobal təhlükəsizlik mühitidir".
Ayhan
16:47 20.02.2026
Oxunuş sayı: 716