Rusiyada saray çevrilişi?- Medinski Putinin yerinə keçə bilər
Rusiya siyasi sistemində mümkün hakimiyyət tranziti məsələsi hər zaman həm daxili, həm də beynəlxalq analitik dairələrin diqqət mərkəzində olub. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin uzandığı və Kremlin qərarlarının qlobal geosiyasi balansı birbaşa təsirləndirdiyi bir mərhələdə varislik mövzusu daha həssas və strateji xarakter alır. ABŞ analitiki Scott Ritterin Rusiya Prezidentinin mümkün varisləri sırasında Vladimir Medinskinin adını çəkməsi bu kontekstdə informasiya məkanında yeni müzakirə dalğası yaradıb.
Məsələ yalnız konkret bir fiqurun adı ilə məhdudlaşmır. Söhbət Rusiya hakimiyyət modelinin mahiyyətindən, Kreml daxilində qüvvələr balansından və mümkün tranzit ssenarilərinin hansı mexanizmlər üzərində qurula biləcəyindən gedir. Bu fonda Medinskinin danışıqlarda ön plana çıxması, təhlükəsizlik blokunun rolu, eləcə də Putinin hakimiyyət strategiyası yenidən siyasi təhlillərin predmetinə çevrilir.
Politoloq Elşad Həsənov Crossmedia.az-a müsahibə verib:

- Ritterin Vladimir Medinskini Putinin mümkün varislərindən biri kimi təqdim etməsi nə dərəcədə real siyasi əsaslara söykənir, yoxsa bu daha çox informasiya məkanında yaradılan spekulyativ gündəmdir?
- Bəli, zaman-zaman xarici, xüsusilə də Qərb mətbuatında Putinin mümkün varisi kimi müxtəlif şəxslərin adı hallanır. Bu baxımdan ABŞ analitiki Ritter tərəfindən Medinskinin adının çəkilməsi də ümumi informasiya tendensiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.
Hazırda Rusiya–Ukrayna danışıqlarına rəhbərlik edən Medinskinin gündəmə gətirilməsi təsadüfi deyil. O, birbaşa Putinin tapşırığı ilə fəaliyyət göstərir və prezidentin köməkçisi statusunda çıxış edir. Bu, müəyyən mənada onun siyasi çəkisini artırır və beynəlxalq səviyyədə tanınmasına şərait yaradır. Lakin mövcud siyasi konfiqurasiyada onun real varis kimi təqdim olunması daha çox spekulyativ xarakter daşıyır və hələlik ciddi institusional dayaqlara söykənmir.
- Medinskinin həm ideoloji, həm də dövlət aparatında uzunmüddətli fəaliyyəti onun Kreml daxilindəki çəkisini necə müəyyənləşdirir? O, sistem daxilində "texnokrat", "ideoloq", yoxsa siyasi fiqur kimi qiymətləndirilir?
- Medinski dövlət aparatında uzun illər fəaliyyət göstərib və ideoloji xəttin formalaşdırılmasında müəyyən rol oynayıb. Lakin danışıqlarda o, şəxsi mövqeyini deyil, Kremlin rəsmi mövqeyini ifadə edir və icra edir. Bu isə onu göstərir ki, o, daha çox sistem daxilində tapşırıq icra edən siyasi fiqur və ideoloji xəttin daşıyıcısıdır.
Onu klassik texnokrat kimi qiymətləndirmək çətindir. Eyni zamanda, o, hələlik müstəqil siyasi mərkəz formalaşdıracaq səviyyədə gücə malik deyil. Mövcud mərhələdə Medinski daha çox Kremlin ideoloji-siyasi xəttini təmsil edən, lakin qərarverici mərkəzdə əsas söz sahibi olmayan fiqur kimi görünür.
- Rusiya siyasi sistemində hakimiyyət tranziti ənənəvi olaraq necə baş verir? Varis modeli daha çox şəxsi sadiqlik üzərində qurulur, yoxsa institusional mexanizmlər ön plandadır?
- Rusiya siyasi sistemində hakimiyyət tranziti formal olaraq konstitusion mexanizmlərlə tənzimlənsə də, faktiki olaraq şəxsi sadiqlik və güc strukturlarının balansı həlledici rol oynayır. Bu sistemdə varis modeli daha çox liderə şəxsi sədaqət prinsipi üzərində qurulur.
Putin keçmiş təhlükəsizlik orqanlarının əməkdaşıdır və dövlət idarəçiliyində riskləri qabaqlamaq, saray çevrilişlərinin qarşısını almaq və güc mərkəzlərini nəzarətdə saxlamaq istiqamətində həssas davranır. Onun üçün əsas məsələ gələcəkdə hakimiyyətə gələcək şəxsin tam sadiq olması və sonradan əvvəlki dövrü kriminal çərçivədə qiymətləndirməməsidir. Bu baxımdan institusional mexanizmlərdən daha çox qeyri-rəsmi siyasi balans və şəxsi etimad faktoru ön plandadır.
- Medinskinin İstanbul və Cenevrə danışıqlarında ön plana çıxması onun beynəlxalq diplomatik platformada sınaqdan keçirilməsi kimi şərh oluna bilər?
- İstanbul və Cenevrə platformalarında keçirilən danışıqlarda Medinskinin ön planda olması onun müəyyən mənada siyasi sınaqdan keçirilməsi kimi qiymətləndirilə bilər. Çünki belə platformalar həm daxili auditoriya, həm də beynəlxalq ictimaiyyət üçün kadrların nümayişi baxımından əhəmiyyətlidir.
Lakin real nəticələrə baxdıqda, danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb. Medinski görüşlərin işgüzar keçdiyini bəyan etsə də, faktiki nəticə sıfır olaraq qalıb. Bu isə göstərir ki, o, strateji qərar verən deyil, müəyyən edilmiş mövqeni təmsil edən fiqurdur. Buna görə də bu çıxışları birbaşa varislik sınağı kimi qiymətləndirmək hələ tezdir.
- Kreml daxilində mümkün varis ssenarilərində hansı digər fiqurların adı çəkilə bilər və bu konfiqurasiyada Medinskinin üstün və zəif tərəfləri nələrdir?
- Mövcud siyasi konfiqurasiyada Medinskidən daha güclü fiqurların adı hallanır. Məsələn, Rusiya Prezidentinin köməkçisi, uzun illər fərqli vəzifələrdə çalışmış Nikolay Patruşevin oğlu Dmitri Patruşevin namizədliyi daha real görünür. O, əvvəl kənd təsərrüfatı naziri, daha sonra baş nazirin müavini vəzifəsində çalışıb və sistemli şəkildə siyasi rəhbərliyə doğru irəlilədiyi müşahidə olunur.
Nikolay Patruşev isə Kremlin daxilində kölgə rəhbər kimi strateji məsələlərin planlaşdırılmasında xüsusi çəkiyə malik fiqur hesab olunur. Bu baxımdan onun ailə xətti üzrə davamlılıq modeli daha real görünür.
Bundan başqa, təhlükəsizlik strukturları ilə sıx bağlı olan, vaxtilə Putinin mühafizəsində çalışmış və sonradan qubernator vəzifəsinə təyin olunmuş, daha sonra yenidən Kremlə qaytarılmış fiqurlar da potensial namizədlər sırasındadır. Bu şəxslərin əsas üstünlüyü – Putinin yüksək etimadını qazanmış olmalarıdır.
Bu konfiqurasiyada Medinskinin üstün tərəfi – ideoloji xəttə sadiqliyi və beynəlxalq danışıqlarda təmsilçilik təcrübəsidir. Zəif tərəfi isə güc strukturlarına birbaşa nəzarət imkanının olmaması və Kreml daxilində müstəqil siyasi dayaqlarının zəifliyidir.
- Ümumilikdə, yaxın perspektivdə Rusiyada real hakimiyyət dəyişikliyi ehtimalı nə qədərdir və bu proses region ölkələri, o cümlədən Cənubi Qafqaz üçün hansı siyasi nəticələr vəd edir?
- Hazırkı mərhələdə Rusiyada real hakimiyyət dəyişikliyi gözlənilmir. Putin sağ olduğu və siyasi nəzarəti əlində saxladığı müddətdə belə bir dəyişiklik ehtimalı zəif görünür. Onun sağlamlıq vəziyyətinin nəzarət altında olması və təhlükəsizlik mexanizmlərinin güclü qurulması da bunu təsdiqləyir.
Bir sıra Qərb analitikləri də hesab edir ki, Putin hakimiyyəti asanlıqla təhvil verməyəcək və mövcud geosiyasi kursu dəyişməyəcək. Rusiya–Ukrayna müharibəsi kontekstində də görünən odur ki, Kreml mövqeyindən geri çəkilmir və prosesin yaxın zamanda yekunlaşması real görünmür.
Region ölkələri, o cümlədən Cənubi Qafqaz üçün əsas məsələ – Rusiyada hakimiyyətin kim tərəfindən deyil, hansı siyasi xətt üzrə davam etdiriləcəyidir. Əgər mümkün varis Putinin strateji kursunu davam etdirərsə, regional siyasətdə ciddi dəyişiklik gözlənilmir. Lakin istənilən halda, istənilən siyasi sistem kimi, Putinin hakimiyyətinin də nə vaxtsa sonu olacaq və bu məsələ artıq strateji müstəvidə müzakirə predmetinə çevrilib. Bu isə göstərir ki, Rusiya siyasi elitası daxilində tranzit ssenariləri uzunmüddətli perspektivdə nəzərdən keçirilir.
Nigar Yahyazadə
09:11 20.02.2026
Oxunuş sayı: 719