İnsanlar panikada: Xəzər sahilindəki ölü quşlar nəyin əlamətidir?
Son günlər Xəzər sahillərində ölü quş cəsədlərinin tapılması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sahilə vurmuş müxtəlif növ su quşlarının görüntüləri sosial şəbəkələrdə geniş yayılıb və ekoloji təhlükə ilə bağlı suallar aktuallaşıb. Hadisə təkcə lokal problem deyil, bütövlükdə Xəzər hövzəsinin ekoloji vəziyyətinin nə qədər həssas mərhələyə çatdığını göstərən xəbərdarlıq kimi qiymətləndirilir.
Xəzər dənizi uzun illərdir sənaye tullantıları, neft-qaz hasilatı, məişət çirklənməsi və çaylar vasitəsilə daşınan ağır metalların təsiri altındadır. Bu amillər suyun keyfiyyətini aşağı salmaqla yanaşı, dəniz ekosistemində zəncirvari fəsadlara səbəb olur. Ən həssas qruplardan olan quşlar isə bu dəyişikliklərin ilk qurbanları kimi çıxış edir. Onların kütləvi ölümü su mühitində ciddi bioloji və kimyəvi balans pozuntusunun mövcudluğundan xəbər verir.
Mütəxəssislərin fikrincə, belə hallar bir neçə amilin üst-üstə düşməsi nəticəsində baş verir. Temperatur dəyişiklikləri, suda oksigen səviyyəsinin azalması, zəhərli yosunların çoxalması və virus mənşəli xəstəliklər quşların zəifləməsinə və ölümünə səbəb ola bilər. Xüsusilə qışdan yaza keçid dövründə hava dəyişiklikləri və miqrasiya stressi də vəziyyəti ağırlaşdıran faktorlardandır.
Digər ciddi risk mənbəyi Xəzərin bəzi sahələrində müşahidə olunan neft ləkələri və sənaye çirklənməsidir. Neft məhsulları quşların lələklərinin suya davamlı qatını zədələyir, onların istilik balansını pozur və nəticədə bədənləri tez soyuyur. Bu isə qısa müddətdə tələfata gətirib çıxara bilir. Eyni zamanda quşlar qida zənciri vasitəsilə zəhərli maddələri orqanizmlərinə yığır və bu, tədricən ölümə səbəb olur.
Bu cür halların vaxtında araşdırılmaması gələcəkdə daha geniş ekoloji fəlakətlərə yol aça bilər. Xəzər yalnız bioloji resurs mənbəyi deyil, eyni zamanda milyonlarla insanın dolanışıq və yaşayış məkanının əsas dayağıdır. Burada baş verən hər bir dəyişiklik təkcə təbiətə deyil, sosial və iqtisadi sahələrə də təsir göstərir.
Hazırda əsas məsələ operativ monitorinqin aparılması, ölü quş nümunələrinin laborator analizə cəlb edilməsi və dəqiq səbəblərin müəyyənləşdirilməsidir. Paralel olaraq sahilboyu ərazilərdə çirklənmə mənbələrinin araşdırılması, müəssisələrin ekoloji öhdəliklərinə nəzarətin gücləndirilməsi və ictimaiyyətin məlumatlandırılması vacibdir. Xəzərdə quşların ölümü təkcə bir ekoloji xəbər deyil, bu, uzun müddət gözardı edilən problemlərin artıq açıq şəkildə üzə çıxmasıdır. Təbiət verdiyi siqnallarla insanı xəbərdar edir. Bu siqnalları görməməzliyə vurmaq isə daha ağır nəticələrə yol açmaq deməkdir.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutunun Hidrobiologiya lobaratoriyasının müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Süleyman Süleymanov isə son zamanlar Xəzər dənizində və Azərbaycanın daxili sularında ekoloji şəraitin dəyişdiyini qeyd edib: "Bu dəyişikliklərin iki əsas səbəbi var: birincisi, qlobal iqlim dəyişikliyi, ikincisi isə Xəzərdəki çirklənmədir. Xüsusilə diqqətəlayiq məsələ körpə balıqlardır. Böyük balıqlar çirklənmiş zonalara daha çox gedir, amma körpə balıqlar sahilyanı suları üstünlük verirlər. Sahilyanı sular daha təmiz olduğundan orada daha çox yaşaya bilirlər. Lakin çirklənmiş zonalarda oksigen miqdarı azalır və bu səbəbdən körpə balıqların böyümə və çoxalma prosesi zəifləyir. Çirklənmiş zonalarda yaşayan balıqlar stres altında qırılırlar və populyasiyalarının azalması müşahidə olunur. Bu, xüsusilə Azərbaycanın orta və cənubi Xəzər sahillərində görünür. Videolar və sahə müşahidələri göstərir ki, çirklənmiş zonalarda böyük zibillər və tullantılar toplanır, körpə balıqlar bu ərazilərdə təhlükə ilə qarşılaşırlar. Ekologiya Nazirliyində aparılan birgə müşahidələrdə də bu vəziyyət təsdiqlənib. Beləliklə, ekoloji dəyişikliklər və çirklənmə Xəzər dənizində balıqların, xüsusilə körpə balıqların yaşayışına ciddi təsir göstərir".
Məsələ ilə bağlı, həmçinin Biosfer İB sədri, ekoloq Qorxmaz İbrahimli də mövu barədə danışıb: "Mənbəyi şübhəli çirklənmələr bunlardır ki, kimyəvi maddələr səpilir və bu, canlılara zərər verə, hətta hər şeyi məhv edə bilər. Bəzən də arzuolunmaz, zəhərli maddələrdən istifadə olunur. Amma suyun, xüsusilə də Xəzər dənizinin çirklənməsi o həddə deyil ki, bu, hər yerdə müşahidə olunsun. Quşların da belə bir xüsusiyyəti var: onlar zəhərli suyu içmirlər, bunu instinktiv şəkildə hiss edirlər. Kəskin hallara rast gəlinə bilər, amma ümumi mənzərə zəhərli sularla bağlı deyil. Balıqlar da bu prosesdən təsirlənə bilər. Məsələn, bəzi zavodlar çirklənmə səviyyəsi yüksək olan suları təmizləmədən dənizə axıdırlar. Lakin bu, Xəzərin ümumi çirklənməsi demək deyil. Ekologiya Nazirliyi bu məsələləri daha yaxşı bilir – hansı çirkləndirici maddələrin olduğu, hansı risklərin mövcudluğu barədə dəqiq məlumatlar məhz onların əlindədir. Vaxtilə ictimai şuralarda fəaliyyət göstərdiyimiz dövrlərdə də bu məsələni dəfələrlə qaldırmışdıq və monitorinqlərin aparılmasının vacibliyini vurğulamışdıq. Lakin biz qeyri-hökumət təşkilatı və ictimai şura olaraq bu sahədə müstəqil monitorinq aparmaq və elmi təhlil etmək imkanlarına malik deyilik. Təhlil və nəzarət vasitələri yalnız hökumətin əlindədir. Bizim deyə biləcəyimiz əsas məqam da məhz budur. Yayılan görüntülərdə heyvanların tələfatı dediyim kimi müxtəlif səbəblərdən ola bilər. Bu barədə təbii ki, aidiyyatı qurumlar tərəfindən ekspertiza aparılıb rəy verilməlidir. Həmçinin aidiyyatı üzrə olan polis əməkdaşları da proseslərə nəzarət etməlidirlər".
Elmir Heydərli
12:30 19.02.2026
Oxunuş sayı: 454