Ermənistan azərbaycanlıların qayıdış hüququnu tanısa...
Azərbaycan Prezidenti İlham Əliyev “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfrans iştirakçılarına müraciətində Ermənistanın Azərbaycana qarşı davam edən düşmən mövqeyini və ərazi iddialarını tənqid edib. Prezident qeyd edib ki, Ermənistan cəmiyyətində dərin nifrət hissi və mifik “böyük Ermənistan” ideyası dayanıqlı sülhün əldə olunmasına mane olur.
Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistanın Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhdid kimi təqdim etməsi məsələnin mahiyyətini təhrif etmək və azərbaycanlıların qayıdış hüququnu inkar etmək cəhdidir. Dövlət başçısı bildirib ki, icmanın yeganə məqsədi zorla çıxarılmış soydaşlarımızın dədə-baba yurdlarına dinc və təhlükəsiz şəkildə qayıtmasını təmin etməkdir. Bu, sırf insan haqları məsələsidir və beynəlxalq hüquq çərçivəsində müdafiə olunmalıdır.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan fəlsəfə doktoru, sosioloq Hüseyn İbrahimov bildirib ki, Ermənistanın sülhə mane olan siyasəti müxtəlif faktorlarla bağlıdır. Onun sözlərinə görə, əsas problemlərdən biri Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə qarşı iddiaların təsbit olunmasıdır.
“Ermənistan sülh yolunda irəliləmək istəyirsə, ilk növbədə konstitusiyasında dəyişikliklər etməli, Azərbaycana qarşı ərazi iddialarından imtina etməlidir. Bu addım iki ölkə arasında əməkdaşlıq və dialoq üçün mühüm zəmin yaradacaq,” – deyə İbrahimov vurğulayıb.
Ekspert əlavə edib ki, dayanıqlı sülhün əldə olunması üçün iki əsas məsələ həllini tapmalıdır:
1. Ermənistanın Konstitusiyasında dəyişikliklər: Bu, Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi üçün vacibdir.
2. Qayıdış hüququnun tanınması: Ermənistandan zorla çıxarılmış azərbaycanlıların təhlükəsiz şəraitdə öz yurdlarına qayıtması təmin olunmalıdır.
Hüseyn İbrahimov qeyd edib ki, beynəlxalq ictimaiyyət bu məsələdə daha aktiv rol oynamalıdır. Onun fikrincə, Ermənistan cəmiyyətində uzun illər mövcud olmuş ideoloji miflərin aradan qaldırılması regionda əməkdaşlıq və inkişafın əsasını təşkil edəcək.
“Əgər Ermənistan azərbaycanlıların qayıdış hüququnu tanısa, bu, təkcə humanitar bir addım olmayacaq, həm də sülh prosesinə müsbət təsir göstərəcək. Azərbaycan isə bu istiqamətdə səylərini davam etdirir,” – deyə İbrahimov bildirib.
Hüseyn İbrahimovun fikrincə, bağlanacaq sülh müqaviləsi yalnız iki ölkə arasında deyil, bütövlükdə regionda sabitlik və inkişaf üçün əsas olacaq. Ermənistanın konstruktiv mövqe sərgiləməsi bu prosesin sürətlənməsinə imkan verəcək.
Nihat Tahirov
14:24 05.12.2024
Oxunuş sayı: 5109