Fransada siyasi gərginlik: Le Pen Makronu istefaya çağırdı
Fransada Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen ölkə prezidenti Emmanuel Makronu sərt tənqid edərək onu istefaya çağırıb. “TF1” telekanalının efirində səsləndirdiyi bəyanatda Le Pen hazırkı siyasi böhranın əsas məsuliyyətini Makronun üzərinə qoyub. O, həm parlamentin buraxılması, həm də hökumətə etimadsızlıq səsverməsini Makronun yeddi illik hakimiyyətinin nəticələri kimi qiymətləndirib.
Mövzu ilə bağlı Crossmedia.az-a danışan politoloq Zeynal Əmrəliyev hesab edir ki, Fransada baş verən hadisələr, xüsusilə hökumətə etimadsızlıq səsverməsi və baş nazirin istefası, gözlənilən idi. Politoloq qeyd edir ki, yay aylarında keçirilən parlament seçkilərində müxalifət partiyalarının üstünlük qazanması siyasi gərginliyin əsasını qoyub. Sol qüvvələrin, xüsusən də Jean-Luc Mélenchon-un rəhbərlik etdiyi sosialist blokun güclənməsi ilə, hökumətə olan etimad zəifləyib. Buna baxmayaraq, Makron hökuməti formalaşdırmaq səlahiyyətini Michel Barnier-ə tapşıraraq siyasi müzakirələrə yer qoymadı.
Əmrəliyev vurğulayır ki, hökuməti sol qüvvələr formalaşdırsaydı, azlıq hökuməti ilə bağlı yaranan bu böhran yaşanmazdı. “Makron siyasi çeviklik nümayiş etdirməkdənsə, hökuməti tam nəzarətdə saxlamağa üstünlük verdi. Bu, müxalifətin etirazlarını daha da gücləndirdi,” – deyə politoloq əlavə edir.
Politoloq, həmçinin, Marin Le Pen-in sərt tənqidlərinin təsirini də qiymətləndirir. “Le Pen, Makronun istefa verməyəcəyi təqdirdə, Fransanın daha dərin siyasi və iqtisadi böhranlara sürüklənəcəyini bildirir. Bu fikirlər onun radikal sağ qüvvələr arasında nüfuzunu artırır və hökumətə qarşı təzyiqləri gücləndirir,” – deyə Əmrəliyev qeyd edib.
Hazırda Makron hökuməti həm sosial, həm də iqtisadi islahatların uğursuzluğu ilə əlaqədar genişmiqyaslı narazılıqların hədəfinə çevrilib. Le Pen-in təzyiqləri, ölkədəki siyasi balansı dəyişmək potensialına sahibdir. Bundan əlavə, Makronun Le Pen-ə qarşı əvvəlki illərdə həyata keçirdiyi hüquqi tədbirlər də bu qarşıdurmanı daha da kəskinləşdirib.
Fransada bu cür parlament böhranı son 60 ildə ilk dəfə baş verir və hökumətin çöküşü ilə nəticələnib. Bu hadisələr, həm xarici siyasətdə, həm də daxili siyasətdə Emmanuel Makronun uğursuzluqlarını bir daha ortaya qoyur. Hökumətin həyata keçirdiyi islahat siyasəti sosial-iqtisadi sahədə də ciddi narazılıqlara səbəb olub. Bütün bunlar Emmanuel Makronun istefasının mümkünlüyünü gündəmə gətirir.
Maral Şahverdili
11:32 05.12.2024
Oxunuş sayı: 6670