Tələbələr MEK-də istehsalat təcrübəsinə başlayıblar
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Bakı Dövlət Universitetinin, Azərbaycan Dillər Universitetinin və Bakı Slavyan Universitetinin IV kursunda təhsil alan ümumilikdə 63 tələbə istehsalat təcrübəsinə başlayıb.
Crossmedia.az xəbər verir ki, MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov istehsalat təcrübələrinin müstəsna əhəmiyyətindən danışıb və nəzəri bilikləri praktiki fəaliyyət əsasında möhkəmləndirərək real iş mühitində tətbiq etmək üçün bu müddəti mühüm fürsət olaraq dəyərləndirib. Həmçinin təcrübə zamanı tələbələrin fəal olmalarının, məsuliyyətli yanaşmalarının və yeni bacarıqlar əldə etmələrinin gələcək peşə fəaliyyətləri baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. Direktor onların kitabxana-informasiya sahəsində praktiki təcrübə qazanmaqla yanaşı, elektron kitabxanada nəşrlərin rəqəmsallaşdırılması prosesində, eləcə də inklüziv kitabxana sistemində audio resursların hazırlanmasında yaxından iştirak edəcəklərini vurğulayıb. Sonda təcrübə keçiriləcək şöbələrin rəhbərlərinə müvafiq tapşırıqlarını verən H.Hüseynov MEK kollektivi olaraq gənclərlə işləməkdən hər zaman məmnun olduqlarını bildirib və hər bir tələbəyə uğurlar arzulayıb. Daha sonra rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev tələbələri kitabxana ilə yaxından tanış edib, MEK-in strukturu, fəaliyyət istiqamətləri və elektron xidmətləri barədə ətraflı məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.
14:26 17.02.2026
Oxunuş sayı: 533