Dünya nizamının yeni modeli: Neo-royalizm
XXI əsrin əvvəlində beynəlxalq siyasət haqqında bizə bir nağıl
danışılmışdı. Bu nağıla görə, Soyuq Müharibədən sonra dünya qaydalar üzərində
qurulmuşdu: institutlar gücü cilovlayır, bazarlar rəqabəti təmin edir,
demokratiya isə legitimliyin yeganə mənbəyi sayılırdı. Ancaq bu nağıl artıq
inandırıcı səslənmir. Son on ildə yaşananlar göstərdi ki, biz qaydalara
əsaslanan dünya nizamından yox, şəxslərə, şəbəkələrə və iyerarxiyalara
əsaslanan yeni bir sistemə doğru sürüşürük. Politoloqların getdikcə daha çox
“neo-royalizm” adlandırdığı bu sistem nə köhnə monarxiyaların bərpasıdır, nə də
sadəcə populizmin başqa bir forması. Bu, modern dünyanın texnologiya və qlobal
asılılıqları üzərində qurulmuş post-liberal hakimiyyət modelidir.
Neo-royalizm dövlətlərin bərabərliyi ideyasını səssizcə kənara qoyur.
Onun mərkəzində hüquqi suverenlik yox, status dayanır. Kimə yaxınsan? Hansı
şəbəkənin içindəsən? Avropadakı, ABŞ-dəki hansı “saray”a girişin var? Bu suallar artıq
konstitusiyalardan və müqavilələrdən daha çox şey müəyyən edir. Tarixi krallıqlarda
güc torpaq və qılıncla ölçülürdüsə, bugünkü neo-royalizmdə güc girişlə
ölçülür: maliyyə sistemlərinə, texnoloji platformalara, enerji marşrutlarına,
təhlükəsizlik çətirlərinə girişlə. Giriş varsa, qorunursan; giriş yoxdursa,
qaydalar birdən sərtləşir.
Neo-royalizm klassik monarxiyanın bərpası deyil; o, idarəetmənin
şəxsləşdirilməsi, suverenliyin parçalanması və beynəlxalq münasibətlərin
iyerarxik şəbəkələr üzərində qurulmasıdır. Bu modeldə əsas siyasi vahid artıq
nə hüquqi cəhətdən bərabər dövlətlərdir, nə də universal qaydalarla işləyən
institutlardır. Burada əsas məsələ liderin ətrafında formalaşan, siyasi güc,
maliyyə resursları, texnoloji nəzarət və təhlükəsizlik imkanlarını birləşdirən
elit klikdən (qrup) ibarət “saray”dır. Bu kliklər klassik diplomatiya ilə
deyil, himayə–xərac münasibətləri ilə işləyir. Burada yaxın olan qorunur, fayda
verən saxlanılır, sual verən cəzalandırılır. Suverenlik hüquq deyil, status
məsələsinə çevrilir.
Neo-royalizmin mühüm xüsusiyyəti onun post-institusional xarakteridir. Qanunlar və beynəlxalq normalar formal olaraq qalır, lakin real qərarvermə qeyri-formal kanallara keçir. Dövlət aparatının özü liderin şəxsi şəbəkəsinin uzantısına çevrilir. Beynəlxalq sistemdə isə bu, Vestfal bərabərliyinin və liberal beynəlxalq nizamın eyni anda aşınması deməkdir. Dövlətlər hüquqi subyekt kimi yox, saraylara çıxışı olan və ya olmayan aktorlar kimi qiymətləndirilir. (Mənbə: Goddard, S.E., & Newman, A. (2025). Further Back to the Future: Neo-Royalism, the Trump Administration, and the Emerging International System. International Organization, 79, S12 - S25.)
Neo-royalizmi təhlükəli edən onun müasir texnologiya və qlobal qarşılıqlı asılılıqla birləşməsidir. Əgər tarixi monarxiyada xərac torpaqdan, qızıldan və hərbi zorakılıqdan çıxarılırdısa, neo-royalizmdə xərac şəbəkələrdən çıxarılır: maliyyə sistemləri, enerji marşrutları, logistika qovşaqları, data axınları, platformalar, standartlar. Hakimiyyətin əsas aləti artıq ordular deyil, girişin bağlanmasıdır. Kim ödəmə sisteminə, bazara, texnologiyaya və ya təhlükəsizlik çətirinə çıxışını itirirsə, o faktiki olaraq cəzalandırılır.
Bu model “qaydaların dağılması” deyil, qaydaların seçici tətbiqidir.
Neo-royalist sistem xaotik görünə bilər, amma əslində çox dəqiq işləyir. Sadiqlik
mükafatlandırılır, muxtariyyət risk sayılır, neytrallıq isə etibarsızlıq kimi
qəbul edilir. Demokratiya bu modeldə funksional deyil, çünki hesabatlılıq
liderin manevr imkanlarını azaldır. Buna görə də neo-royalizm tez-tez
“effektivlik”, “sürətli qərarvermə” və “bürokratiyanın ləğvi” kimi təqdim
olunur. Reallıqda isə bu, siyasətin şəxsiləşməsi və institutların
boşaldılmasıdır.
Bu sistemin ən açıq siyasi laboratoriyalarından biri ABŞ-da, Donald
Tramp dövründə müşahidə olunmağa başlayıb. Trampın siyasəti tez-tez xaotik,
ziddiyyətli və hətta irrasional kimi təqdim edilir. Amma neo-royalist prizma
ilə baxanda bu davranışların çoxu öz daxilində tutarlı görünür. Tramp üçün
beynəlxalq institutlar strateji dəyər daşımır. Onlar sadəcə manevr imkanlarını
məhdudlaşdıran mexanizmlər idi. Əvəzində liderlərarası şəxsi münasibətlər,
sədaqət siqnalları və birbaşa sövdələşmələr əsas alətə çevrildi. Müttəfiqlər
bəzən rəqiblərdən daha sərt tənqid olunur, çünki neo-royalist sistemdə əsas
məsələ “kimə qarşı olduğun” deyil, “kiminlə olduğun”dur.
Neo-royalizmin mahiyyətini düzgün anlamaq üçün bir yanlış təsəvvürü dağıtmaq
vacibdir. Bu model xaos yaratmır. Əksinə, çox sərt iyerarxiya yaradır. Sadəcə
bu iyerarxiya rəsmi sənədlərdə yazılmır. O, qeyri-formal şəbəkələr, patronaj
münasibətləri və iqtisadi asılılıqlar vasitəsilə işləyir. Qaydalar tamamilə yox
olmur, amma seçici tətbiq edilir. Avropadakı, ABŞ-dəki sarayların içində olanlar üçün elastik, kənarda
qalanlar üçün isə amansız olur. Bu, beynəlxalq hüququn niyə getdikcə daha çox
“prinsip yox, alət” kimi işlədiyini də izah edir.
Bu yeni sistemin iqtisadi ölçüsü xüsusilə diqqətəlayiqdir. Neo-royalizmdə iqtisadiyyat azad rəqabət meydanı deyil, xərac mexanizminə çevrilir. Sanksiyalar, tariflər, platformalardan çıxarılma, texnologiyaya çıxışın məhdudlaşdırılması müasir xəracın formalarıdır. Tarixi imperiyalarda mərkəz periferiyadan qızıl və vergi toplayırdısa, bu gün mərkəz asılılıqdan dəyər çıxarır. Kim enerji marşrutuna, ödəniş sisteminə və ya data axınına nəzarət edirsə, o da faktiki olaraq hakimiyyət sahibidir.
Neo-royalizmin cəlbediciliyi təsadüfi deyil. Liberal beynəlxalq nizam
zamanla öz legitimliyini zəiflətdi, çünki o, geniş kütlələr üçün ədalətli
nəticələr yaratmadı. Qaydalar çox vaxt elitaların xeyrinə işləyirdi, amma bu
qaydaların dili hamıdan fədakarlıq tələb edirdi. Bu boşluqda neo-royalist
diskurs ortaya çıxdı: “Demokratiya ləngdir”, “bürokratiya iflicdir”, “güclü
lider problemi həll edər”. Bu, xüsusilə böhran dövrlərində - pandemiyalar,
müharibələr, iqtisadi qeyri-müəyyənliklər zamanı - cəmiyyətlər üçün cazibədar
səslənir. Amma bu “effektivlik” vədi çox vaxt hesabatlılığın ləğvi bahasına
başa gəlir.
Azərbaycan kimi dövlətlər üçün neo-royalist dünya nizamının dərsi
sadə, amma sərtdir: suverenlik artıq təkcə sərhədlərlə deyil, şəbəkələrdə
ölçülür. Enerji marşrutlarının şaxələndirilməsi, logistika imkanlarının
çoxaldılması, maliyyə və texnoloji alternativlərin yaradılması kimi məsələlər
klassik iqtisadi siyasət deyil, geosiyasi özünümüdafiədir. Tək bir mərkəzin
“saray”ına həddən artıq yaxınlaşmaq qısamüddətli rahatlıq yarada bilər, amma
uzunmüddətli xərac öhdəliyi formalaşdırır.
Bu şəraitdə balanslı və çoxtərəfli siyasət romantik neytrallıq yox,
rasional strategiyadır. Neo-royalist sistem neytrallığı sevmir, amma çoxşaxəli
əlaqələri tam cəzalandırmaq da çətindir. Ən təhlükəli mövqe səssiz asılılıqdır.
Yəni rəsmi olaraq müstəqil, faktiki olaraq isə bir şəbəkəyə bağlanmış vəziyyət.
Buna qarşı yeganə real müdafiə daxildə işlək institutlar və xaricdə çevik
diplomatiyadır.
Ən narahatedici sual isə budur: neo-royalizm keçici mərhələdir, yoxsa
yeni normadır? Tarix göstərir ki, iyerarxiyaya əsaslanan sistemlər qısa
müddətdə stabillik yarada bilər, amma uzun müddətdə ya partlayışla, ya da
tədrici eroziya ilə dağılır. Çünki xərac üzərində qurulan nizam legitimlik
istehsal etmir, o, yalnız sədaqət alır. Sədaqət isə bahalı və qeyri-sabit
resursdur.
Dünya bu gün açıq şəkildə krallara qayıtmır. Amma biz fərqinə
varmadan yeni feodalların yaşadığı bir sistemə daxil oluruq. Bu sistem
torpaqsız, tacsız, amma şəbəkələrə hökm edən feodallardan ibarətdir. Bu
sistemdə ən böyük risk ondan ibarətdir ki, o, özünü nizam kimi təqdim edir.
Əslində isə bu, siyasətin susdurulmasıdır.
XXI əsrin əsas seçimi liberalizm ilə populizm arasında deyil, bəlkə də qayda ilə saray arasındadır. Qaydalı dünya qüsursuz olmayıb, amma saray dünyasında səhvlərin qiyməti həmişə daha ağır olur. Neo-royalizm bunu bizə indi deyil, gec də olsa başa salacaq.
|
Nizam modeli |
Əsas aktorlar |
Nizamın məqsədi |
Nizamı qoruma vasitəsi |
Nizamın legitimləşdirilməsi |
|
Vestfal sistemi |
Dövlətlər |
Dövlət suverenliyi |
Gücün səfərbər edilməsi |
Təhlükəsizlik |
|
Liberal Beynəlxalq Nizam |
Dövlətlər
və institutlar |
Sərvət
və azadlıq |
İnstitusionallaşdırılmış
qarşılıqlı asılılıq |
Qaydalar |
|
Neo-royalizm |
Klik (elit qruplar) |
Maddi və status iyerarxiyaları |
Renta və xəracın çıxarılması |
İstisnalıq (eksepsionalizm) |
16:21 16.02.2026
Oxunuş sayı: 830