Azərbaycan süni intellektin yaratdığı imkanlarından necə faydalanır?
Azərbaycanın iqtisadi və texnoloji inkişaf strategiyası ölkəni yalnız regionda deyil, qlobal miqyasda da rəqabətqabiliyyətli tərəfdaş kimi mövqeləndirir. Prezident İlham Əliyevin ABŞ Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə vurğuladığı kimi, ölkədə iqtisadi vəziyyət sabitdir, maliyyə ehtiyatları artır, xarici borc həcmi isə minimum səviyyədədir. Bu göstəricilər iqtisadi sabitliyin və islahatların uğurla həyata keçirildiyini, həmçinin sosial müdafiə və iqtisadi inkişafın paralel şəkildə təmin olunduğunu təsdiqləyir.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın diqqəti artıq qlobal texnoloji tendensiyalarla ayaqlaşmağa, xüsusən də süni zəka və məlumat mərkəzləri sahələrində irəliləyiş əldə etməyə yönəlib. Bu yanaşma ölkənin rəqəmsal transformasiya strategiyasını gücləndirir, beynəlxalq tərəfdaşlıqlar və sərmayə üçün cəlbedici mühit yaradır və Azərbaycanın gələcəkdə texnoloji liderlik potensialını reallaşdırmaq imkanlarını genişləndirir.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Crossmedia.az-la öz fikirlərini bölüşüb:

"Süni intellekt dünyanın gələcək intellektual, iqtisadi və texnoloji inkişafını müəyyənləşdirən əsas strateji güclərdən biridir. Eyni zamanda, bu texnologiya XXI əsrin hərbi və təhlükəsizlik balansına da birbaşa təsir göstərən mühüm vasitə kimi çıxış edir. Məhz buna görə də Azərbaycan dövləti süni intellektin yaratdığı imkanlardan maksimum faydalanmaq məqsədilə xüsusi proqramlar həyata keçirir və bu sahədə sistemli tədbirlər görür.
Təsadüfi deyil ki, süni intellekt sahəsində qabaqcıl mövqedə olan dövlətlərlə əməkdaşlıq istiqamətində Azərbaycan bir sıra mühüm razılaşmalar əldə edib. Bu yaxınlarda İsrail ilə süni intellekt sahəsində əməkdaşlıq haqqında imzalanmış razılaşma, eləcə də Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında imzalanan Strateji tərəfdaşlıq haqqında Xartiyada bu istiqamətin xüsusi yer alması bunun bariz nümunəsidir.
Bu əməkdaşlıqlar süni intellektin dövlət idarəçiliyinə, sənayeyə və innovativ texnologiyalara tətbiqi baxımından ölkəmiz üçün geniş perspektivlər açır. Əminliklə demək olar ki, XXI əsrdə qlobal siyasətdə və iqtisadi rəqabətdə ön sıralarda olmaq istəyən dövlətlər bu hədəfə yalnız süni intellektin imkanlarından səmərəli istifadə etməklə çata bilərlər.
Azərbaycan da bu çağırışları düzgün qiymətləndirərək, gələcəyin texnoloji inkişafına indidən hazırlaşır. Nəticə etibarilə, bu strateji yanaşma ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə və daha da güclənməsinə xidmət edəcəkdir".
Elmir Heydərli
12:05 13.02.2026
Oxunuş sayı: 512