Putin və Zelenskinin psixoloji profili – kim daha üstündür?
Rusiya-Ukrayna müharibəsinin uzanması fonunda yalnız hərbi və siyasi qərarlar deyil, bu qərarları verən liderlərin psixoloji vəziyyəti də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Müharibə şəraitində davranış modelləri, kommunikasiya üslubu və qərarvermə reaksiyaları liderlərin xarakteri və psixoloji dayanıqlığı haqqında müəyyən təsəvvür yaradır. Bu baxımdan Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin çıxışları və ictimai davranışları müxtəlif təhlillərə mövzu olur.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında hərbi psixoloq Azad İsazadə bildirib ki, ümumilikdə qiyabi psixoloji qiymətləndirmə o qədər də çətin deyil, lakin bu cür yanaşma yalnız açıq mənbələrə əsaslana bilər. Onun sözlərinə görə, Vladimir Putinin və Volodimir Zelenskinin müsahibələrinə, çıxışlarına və videolarına istinad etməklə müəyyən nəticələr çıxarmaq mümkündür, lakin hər bir siyasətçi ictimai çıxış zamanı daxili psixoloji problemlərini gizlətməyə çalışır.
Hərbi psixoloq qeyd edib ki, müşahidə olunan davranışlar və müxtəlif situasiyalara reaksiyalar əsasında qiymətləndirmə aparmaq mümkündür. Onun sözlərinə görə, Putin tez-tez reallıqla uyğunlaşmayan bəyanatlar səsləndirir ki, bu da ya ona təqdim olunan məlumatların natamam olması, ya da manipulyativ ritorikadan istifadə ilə bağlı ola bilər. Dörd il ərzində Rusiya ordusunun gözlənilən nəticələri əldə etməməsinə baxmayaraq, güc nümayişi və uğur görüntüsü yaratmaq cəhdləri həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə yönəlmiş kommunikasiya strategiyası kimi qiymətləndirilir.
Azad İsazadə bildirib ki, Putini yaxından tanıyan bəzi siyasətçilər və Rusiyanı tərk etmiş şəxslər pandemiyadan sonra onun davranışlarında dəyişikliklər müşahidə olunduğunu qeyd edirlər. Uzun müddət təcrid şəraitində qalmaq, sosial təmasların məhdudlaşması və yaxın çevrənin daralması psixoloji vəziyyətə təsir göstərə bilər. Onun sözlərinə görə, kritik situasiyalarda Putinin dərhal reaksiya verməkdənsə susmağa üstünlük verməsi və hadisələri izlədikdən sonra mövqe bildirməsi daha ehtiyatlı və analitik qərarvermə modelinə işarə edir.

Ekspert vurğulayıb ki, Zelenski bu baxımdan fərqli davranış modeli nümayiş etdirir. O, daha operativ, spontan və reaktiv kommunikasiya üslubuna malikdir ki, bu da böyük ehtimalla əvvəlki ictimai çıxış və səhnə təcrübəsi ilə əlaqəlidir. Onun tez və yaradıcı reaksiyalar verməsi, riskdən çəkinməyən davranış nümayiş etdirməsi, cəbhə bölgələrinə səfərləri və hərbçilərlə birbaşa ünsiyyət qurması bu xüsusiyyətləri göstərir.
Hərbi psixoloqun fikrincə, Putin görüşlərini daha kontrollu mühitdə keçirməyə üstünlük verir və təhlükəsizlik tədbirlərinin maksimum təmin olunduğu şəraitdə çıxış edir. Tanımadığı şəxslərlə birbaşa ünsiyyətin minimuma endirilməsi onun daha qapalı və təhlükəsizlik yönümlü psixoloji yanaşmasını əks etdirə bilər.
A. İsazadə əlavə edib ki, müharibə şəraiti, yaş faktoru və uzun müddət hakimiyyətdə qalmaq kimi amillər liderlərin psixoloji vəziyyətinə təsir göstərir. Uzun müddət hakimiyyətdə olan şəxslərin sosial çevrəsinin məhdudlaşması onların daha qapanıq mövqe tutmasına səbəb ola bilər və fikir mübadiləsinin azalması reallıqdan uzaqlaşma riskini artıra bilər. Putində müşahidə olunan özünə yüksək qiymət vermə və digərlərinə yuxarıdan baxma davranışı da bu kontekstdə şərh olunur.
O bildirib ki, Zelenski daha açıq və dialoqa meyilli davranış sərgiləyir, beynəlxalq tərəfdaşlarla münasibətlərdə mövqeyini açıq ifadə edir və qətiyyətlə müdafiə edir. Bu xüsusiyyət, xüsusilə müharibə şəraitində, Ukraynanın maraqları baxımından mühüm amil kimi qiymətləndirilə bilər.
11:01 06.02.2026
Oxunuş sayı: 591