Abonentlər etiraz edir: Azercell niyə müştəri itirir?
Azercell istifadəçiləri son dövrlərdə operatorun xidmətlərindən narazılıqlarını sosial şəbəkələrdə daha açıq şəkildə ifadə etməyə başlayıblar. Müştərilər bildirirlər ki, balanslarından xəbərdarlıq edilmədən pul çıxarılması halları adi vəziyyətə çevrilib. Hətta bir saniyəlik zəng üçün belə yüksək məbləğlərin tutulması onları narahat edir və bir çox hallarda haqsız borclanma vəziyyətlərinə yol açır. İstifadəçilər həmçinin tariflərin mürəkkəb və anlaşılmaz olmasını, mobil tətbiqin isə vaxtında işləməməsi və funksiyalarının məhdudluğunu tənqid edirlər.
Bu cür təcrübələr müştərilərin xidmətə etimadını sarsıdır, gündəlik həyatlarını çətinləşdirir və abonentlər arasında narazılıq yaratmaqla yanaşı, operatora qarşı sosial şəbəkələrdə və ictimai müzakirələrdə də ciddi tənqidlərə yol açır. Bir çox istifadəçi artıq şikayətlərin yalnız müraciət edilməklə həll olunmadığını və problemlərin davam etdiyini vurğulayır. Belə halların mövcudluğu göstərir ki, xidmət keyfiyyətində ciddi boşluqlar var və müştəri məmnuniyyətinin təmin edilməsi üçün təcili addımlar atılmalıdır.
Bu şikayətlərlə bağlı Crossmedia.az-a danışan təhlükəsizlik üzrə ekspert İlkin Məmmədkərimov bir zamanlar Azərcellin daha bərbad vəziyyət almasından söz açıb:

"Azərcell dövlət şirkətinə çevriləndən sonra, yəni 2018-ci ilin mart ayından etibarən, xidmət səviyyəsi və keyfiyyəti ciddi şəkildə bərbad vəziyyətə düşdü. Uzun illər Azərcellin səhmdarı Telia Soneranın adı 2015-ci ildə Özbəkistanda müxtəlif qalmaqallarda çəkilirdi. Bu hadisədən sonra Telia Sonera tələsik şəkildə Avrasiya regionundakı səhmlərini satdı və bazardan çıxmağa can atırdı. Telia Sonera açıqladı ki, əsas hədəfi Avropa bazarıdır və bu qərardan sonra Azərcell 3 il sərmayəsiz qaldı. Nəticədə xidmət səviyyəsi, keyfiyyəti zəiflədi və çox sayda peşəkar işçi, o cümlədən 60-dan çox peşəkar əməkdaş ixtisar edildi.
Azərcell səhmlərinə heç bir tərəf maraq göstərmədi. Türkiyənin mobil operatoru Türkcell almaq üçün maraq göstərdi, lakin Rabitə Nazirliyi buna icazə vermədi. Nəticədə 2018-ci ildə Azərcell-in Telia Sonera-dakı 51,3%-lik səhmləri 222,5 milyon avroya Rabitə Nazirliyinə məxsus Aztelekom şirkəti tərəfindən alındı. Nazirlik əmin etdi ki, Azərcell mənfəətlə fəaliyyət göstərdikdən sonra yenidən satışa çıxarılacaq və özəlləşdiriləcək. Lakin bu vəd yerinə yetirilmədi.
2022-ci ildən sonra Azərcell maliyyə vəziyyətini yaxşılaşdırdı və böyük gəlirlərlə fəaliyyət göstərməyə başladı, zərərdən çıxdı. Lakin özəlləşdirilmə məsələsi dəfələrlə gündəmə gətirilsə də, 2024-2025-ci illərə aid maliyyə hesabatları açıqlanmadı, əvvəlki illərin hesabatları isə şirkətin saytından dərhal silindi. Bu addım şirkətin maliyyə vəziyyətini gizlətmək və özəlləşdirmə məsələsinin gündəmə gəlməməsi məqsədi daşıyırdı. Xidmət səviyyəsindəki problemlərin əsas səbəbi məhz bu durumdur. Dövlət şirkəti olduğu üçün xidmət keyfiyyəti və səviyyəsi zəifdir".
Ekspert qiymətlərin də durmadan artdığını təsdiqləyib: "Məsələn, bir dəqiqə danışıq üçün balansdan artıq pul çıxır. Həmçinin internet paketləri 30 günlükdən 28 günlük formata keçirilib, bu da istifadəçilərin balanslarını vaxtında artırmasını çətinləşdirir. Nəticədə xətlər bağlanır, istifadəçilər zəng edə bilmir və internetdən tam istifadə edə bilmir.
Azərbaycan bazarında faktiki olaraq yalnız iki şirkət – Bakcell və Azərfon – fəaliyyət göstərir və bazarda rəqabət yoxdur. Xarici operatorların bazara daxil olması əngəllənir. Məsələn, Vodafone 2009-cu ildə bazardan çıxarılıb. Naxdil şirkəti isə təzyiqlər nəticəsində fəaliyyətini məhdudlaşdırıb və xarici şirkətlərin bazara daxil olmasına imkan verilməyib. Nəticədə bazar faktiki olaraq monopoliyadadır, qiymətlər durmadan artır və xidmət səviyyəsi getdikcə pisləşir".
İ.Məmmədkərimov tövsiyə edir ki, Azərcell özəlləşdirilsin və bazara ən azı bir xarici operator buraxılsın ki, xidmət keyfiyyəti və rəqabət yaxşılaşsın.
Fatimə Məmmədova
13:10 21.02.2026
Oxunuş sayı: 721