Sürücülərin NƏZƏRİNƏ: Ödənişli avtomagistrallarda sürətə limit qoyulur
Ödənişli avtomagistrallarda maksimum sürət həddi müəyyənləşir.
Crossmedia.az xəbər verir ki, bununla bağlı "Yol hərəkəti haqqında qanun"a dəyişiklik təklif edilir.
Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı ödənişli avtomagistrallarda - sürət həddi saatda 130 kilometrdən çox, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli avtomagistrallarda maksimum sürət saatda 90 kilometrdən çox olmamalıdır.
Qeyd edək ki, yeni redaksiyada avtomagistral qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq va digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur.
11:07 19.01.2026
Oxunuş sayı: 1213