İşğalın izi: Azərbaycan meşələrinin taleyi
Azərbaycan meşələri sahəcə böyük olmasa da, növ müxtəlifliyi və ekoloji əhəmiyyəti baxımından regionun ən qiymətli təbii sərvətlərindən hesab olunur. Rəsmi məlumatlara görə, ölkə ərazisində meşələrin ümumi sahəsi 1 milyon 213 min hektardan çoxdur. Bunun təxminən 1 milyon 22 min hektarı meşə ilə örtülüdür ki, bu da Azərbaycan ərazisinin cəmi 11,8 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, hər bir vətəndaşa düşən meşə sahəsi təqribən 0,12 hektardır və bu göstərici dünya üzrə orta göstəricidən dörd dəfə azdır.
Az sahə, böyük ekoloji rol
Azərbaycan meşələrinin ərazisi az olsa da, onların əhəmiyyəti danılmazdır. Meşələr torpağın eroziyadan qorunmasında, su ehtiyatlarının tənzimlənməsində, havanın təmizlənməsində və iqlimin stabilləşməsində mühüm rol oynayır. Təsadüfi deyil ki, ölkə meşələrinin 85 faizi dik dağ yamaclarında yerləşir və əsasən torpaqqoruyucu funksiyanı yerinə yetirir.
Respublika üzrə meşələr əsasən Böyük Qafqaz, Kiçik Qafqaz və Talış dağları zonasında cəmlənib. Bu ərazilərdə enliyarpaqlı meşələr üstünlük təşkil edir. Palıd, fıstıq, vələs, cökə, ağcaqayın kimi qiymətli ağac növləri Azərbaycan meşələrinin əsasını təşkil edir.
Endemik növlərlə zəngin təbiət
Azərbaycan meşələri biomüxtəlifliyi ilə seçilir. Burada 435-dən çox ağac və kol növü yayılıb ki, onların təxminən 70-i endemik növlərdir. Ümumilikdə ölkə florasında 4500-ə yaxın ali bitki növü mövcuddur və bunun mühüm hissəsi məhz meşə ekosistemlərinə aiddir. Dendroflora tərkibində regional endemlərin payı 16 faizə yaxındır ki, bu da Azərbaycanı Qafqazın əsas bioloji mərkəzlərindən birinə çevirir.
Xüsusilə Talış dağları ərazisində yerləşən relikt meşələr- dəmirağacı, şabalıdyarpaq palıd, Lənkəran akasiyası kimi nadir növlər ekoloji baxımdan xüsusi dəyərə malikdir. Eldar şamının vətəninin də məhz Azərbaycan olması bu zənginliyin göstəricisidir.
Meşə siyasəti və bərpa proqramları
Meşələrin qorunması və bərpası dövlət səviyyəsində həyata keçirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə fəaliyyətini Meşələrin İnkişafı Departamenti vasitəsilə reallaşdırır. Departament meşələrin mühafizəsi, bərpası, yeni meşə massivlərinin salınması, əkin materiallarının yetişdirilməsi və bioloji müxtəlifliyin qorunması istiqamətində sistemli iş aparır.
2001-ci ildən sonra meşə təsərrüfatı sahəsində genişmiqyaslı tədbirlərə start verilib. Prezidentin müvafiq fərman və sərəncamları əsasında “Meşələrin bərpa edilməsinə və artırılmasına dair Milli Proqram” qəbul olunub. Proqrama əsasən 2003–2008-ci illər ərzində ölkə üzrə on minlərlə hektar ərazidə meşəbərpa və meşəsalma işləri aparılıb.
Rəsmi hesabatlara görə, 2002–2005-ci illərdə meşəbərpa tədbirlərinin həcmi əvvəlki illərlə müqayisədə dəfələrlə artıb. Eyni zamanda milyonlarla ədəd ting və əkin materialı yetişdirilərək meşə fonduna daxil edilib.
Problemlər də az deyil
Bununla yanaşı, meşə təsərrüfatı sahəsində ciddi problemlər də mövcuddur. Alternativ yanacaq mənbələrinin çatışmazlığı bəzi bölgələrdə qanunsuz ağac qırıntılarına səbəb olur. Meşə ərazilərində mal-qaranın otarılması isə cavan fidanların məhv olmasına və təbii bərpanın ləngiməsinə gətirib çıxarır. Maddi-texniki bazanın zəifliyi və maliyyə çatışmazlığı da bu sahədə işlərin səmərəliliyinə mənfi təsir göstərir.
İşğalın meşələrə vurduğu zərbə
Azərbaycan meşələri uzun illər Ermənistanın işğalı nəticəsində də ciddi ziyan görüb. Rəsmi məlumatlara əsasən, 261 min hektara yaxın meşə fondu 30 il işğal altında qalıb. Həmin dövrdə törədilən yanğınlar, qanunsuz qırıntılar və ağacların xaricə daşınması nəticəsində minlərlə hektar meşə sahəsi məhv edilib. Xüsusilə Laçın, Kəlbəcər, Ağdərə və Bəsitçay ərazilərində qiymətli ağac növləri kütləvi şəkildə talan olunub.
Beləliklə, Azərbaycan meşələrinin qorunması təkcə ekoloji məsələ deyil, həm də milli təhlükəsizlik və gələcək nəsillər qarşısında məsuliyyət məsələsidir. Meşələrin bərpası və genişləndirilməsi istiqamətində görülən işlər davam etsə də, bu sahədə ictimai nəzarət, ekoloji maarifləndirmə və qanunvericiliyin daha sərt icrası zəruridir.
Azərbaycan meşələri bu gün həm zəngin təbiət nümunəsi, həm də qorunmağa ehtiyacı olan həssas ekosistem kimi diqqət mərkəzində qalmalıdır.
Fatimə Məmmədova
12:31 18.01.2026
Oxunuş sayı: 2247