Xəstəxanada ölüm faktı ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Qəbələ rayon prokurorluğunda ötən il iyunun 26-da Qəbələ şəhər sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədovanın “Qəbələ rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Cərrahiyyə şöbəsində ölməsi faktı üzrə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Crossmedia.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, rayon prokurorluğunun məlumatına görə, istintaqla həmin tibb müəssisəsinin cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov tərəfindən Məleykə Məmmədovaya icra olunan “iki tərəfli tonzillektomiya” cərrahiyyə əməliyyatının texniki qüsurla yerinə yetirilməsi nəticəsində xəstənin stasionar müalicə aldığı müddətdə kəskin qanitirmədən vəfat etməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Elçin Mahmudov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona həmin maddə üzrə ittiham elan olunub. Barəsində istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
13:08 09.01.2026
Oxunuş sayı: 1478