Azərbaycan – 2026-cı ilə strateji baxış
Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibə təkcə ötən ilin yekunlarına dair hesabat deyil, eyni zamanda 2026-cı ilə istiqamətlənmiş aydın siyasi xəritə kimi dəyərləndirilməlidir. Dövlət başçısının hər il ilin əvvəlində cəmiyyətə birbaşa müraciət formatında çıxış etməsi artıq siyasi mədəniyyətə çevrilib və bu, idarəçilikdə şəffaflıqla strateji baxışın vəhdətini nümayiş etdirir. Müsahibənin əsas diqqətçəkən cəhətlərindən biri Azərbaycan–Amerika münasibətlərinə verilən xüsusi önəm idi. Prezident İlham Əliyevin vurğuladığı kimi, 2025-ci il bu münasibətlərin tarixində dönüş nöqtəsi ola bilər. ABŞ ilə strateji işçi qrupunun yaradılması barədə sənədin imzalanması əlaqələrin artıq deklarativ yox, praktik və nəticəyönümlü mərhələyə keçdiyini göstərir. Bu kontekstdə Zəngəzur dəhlizinin açılmasının ABŞ Prezidenti səviyyəsində təsdiqlənməsi Azərbaycanın regional kommunikasiyalarda açar ölkə statusunu bir daha təsdiqləyir. Dövlət başçısının çıxışında keçmişə edilən siyasi ekskursiya da təsadüfi deyildi. AXC–Müsavat hakimiyyətinin qeyri-peşəkar idarəçiliyinin ölkəni hansı təhlükələrə sürüklədiyi bir daha xatırladıldı. Bu müqayisə indiki dövrdə Azərbaycanın sabitlik, peşəkarlıq, gələcəkyönümlülük və məsuliyyət üzərində qurulmuş idarəçilik modelinin dəyərini daha aydın göstərir. Xüsusilə ABŞ Konqresinin 907-ci düzəlişi ilə bağlı illərlə davam edən ədalətsiz yanaşmanın qeyd olunması Azərbaycanın beynəlxalq müstəvidə üzləşdiyi ikili standartların açıq etirafı idi. Müsahibədə Çinlə münasibətlərə ayrılan yer isə Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun bariz nümunəsidir. Çinlə strateji tərəfdaşlıq, 4 milyard dolları keçən əmtəə dövriyyəsi və bərpaolunan enerji sahəsində Çin şirkətlərinin investisiyaları ölkəmizin iqtisadi gələcəyinə hesablanmış addımlardır. Paralel olaraq D-8 təşkilatına üzvlük və Mərkəzi Asiya Məşvərət Şurasında tamhüquqlu üzv statusu Azərbaycanın İslam dünyası və türk coğrafiyasında artan nüfuzunu göstərir. Prezident İlham Əliyevin vurğuladığı kimi, bu gün bağlantılar, nəqliyyat və logistika qlobal güclər üçün əsas prioritetlərdəndir. Mərkəzi Asiyanı Qərblə birləşdirə biləcək yeganə etibarlı coğrafi körpünün Azərbaycan olması artıq reallıqdır. İşğaldan azad edilmiş ərazilərin beynəlxalq tədbirlərin keçirildiyi mərkəzə çevrilməsi isə təkcə bərpa prosesinin yox, həm də siyasi legitimliyin göstəricisidir. Qəbələdə Türk Dövlətləri Təşkilatının Sammitində hərbi əməkdaşlıqla bağlı səsləndirilən təklif, Azərbaycanın yalnız diplomatik deyil, təhlükəsizlik arxitekturasında da aktiv rol oynadığını nümayiş etdirir. Prezidentin “biz gücümüzü, o cümlədən hərbi gücümüzü artırırıq” mesajı isə regional sabitliyin məhz güclü dövlətlər üzərində qurulduğu reallığını xatırladır. Bu müsahibə bir daha göstərdi ki, Azərbaycanın böyüklüyü təkcə ərazi və resurslarla ölçülmür. Bu böyüklük müdrik qərarlarda, məsuliyyətli siyasətdə və uzunmüddətli strateji baxışda özünü göstərir. 2026-cı ilə doğru gedən yolda Azərbaycan artıq hadisələrin izləyicisi deyil, onların formalaşdırıcısıdır.

Fuad Həbibzadə
YAP Yasamal rayon təşkilatının məsləhətçisi
11:42 08.01.2026
Oxunuş sayı: 4169