Türk Dünyası

Türk Dövlətləri ortaq valyuta yarada bilər? - ŞƏRH

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində ortaq valyutanın yaradılması, üzv ölkələrin iqtisadi əlaqələrini gücləndirərək regionun qlobal iqtisadi sistemdə mövqeyini artırmaq baxımından əhəmiyyətli bir ideya kimi irəli sürülür. Lakin mütəxəssislər bildirir ki, belə bir təşəbbüsün həyata keçirilməsi hazırda çətin görünür və yalnız uzunmüddətli perspektivdə mümkün ola bilər.

İqtisadçı ekspert Natiq Cəfərli Crossmedia.az-a verdiyi açıqlamada vurğulayıb ki, ortaq valyutanın tətbiqi üzv ölkələr arasında iqtisadi əlaqələrin yüksək səviyyədə inteqrasiyasını tələb edir. Onun sözlərinə görə, Avropa Birliyi təcrübəsi göstərir ki, belə bir valyutanın yaradılması üçün çoxsaylı addımların atılması vacibdir. Bunlara vahid mərkəzi bankın təsis edilməsi, birgə maliyyə və kredit siyasətinin hazırlanması, iqtisadiyyatın eyni qaydalarla tənzimlənməsi və digər mühüm mexanizmlərin qurulması daxildir.

Hazırkı vəziyyəti dəyərləndirən ekspert bildirib ki, Türk Dövlətləri Təşkilatında bu səviyyədə inteqrasiyaya nail olunmayıb. Üzv ölkələrin iqtisadi əlaqələri fərqli səviyyələrdədir. Orta Asiya ölkələrinin iqtisadiyyatı daha çox Çin və Rusiyadan asılıdır. Bu ölkələrin Türkiyə və Azərbaycanla iqtisadi münasibətləri isə aşağı səviyyədədir. Bunun əksinə olaraq, Azərbaycan və Türkiyə arasında güclü iqtisadi inteqrasiya mövcuddur. İdxal-ixrac əməliyyatlarında fəallıq və iqtisadi əməkdaşlıq yüksək səviyyədədir.

Cəfərlinin fikrincə, ortaq valyutanın tətbiqi yalnız üzv ölkələr arasında iqtisadi münasibətlərin mərhələli şəkildə inteqrasiya edilməsindən sonra mümkün ola bilər. Bu məqsədlə, ilk növbədə, TDT çərçivəsində iqtisadi əməkdaşlığı dərinləşdirmək, ticarət və investisiya həcmini artırmaq və vahid iqtisadi siyasət mexanizmləri üzərində çalışmaq lazımdır.

O əlavə edib ki, hazırda belə bir təşəbbüsün gerçəkləşməsi üçün şərtlər mövcud deyil. Lakin bu ideya uzunmüddətli perspektivdə üzv ölkələrin iqtisadi suverenliyini gücləndirmək və xarici maliyyə sistemlərindən asılılığı azaltmaq üçün strateji bir hədəf kimi qəbul edilə bilər.

Nəticə olaraq, ortaq valyutanın yaradılması ideyası yalnız təşkilat daxilində iqtisadi əlaqələrin və inteqrasiyanın dərinləşdirilməsi ilə mümkün ola bilər. Bunun üçün üzv ölkələr arasında iqtisadi yaxınlaşmanı təşviq edən davamlı və planlı addımlar atılmalıdır. Bu isə yalnız uzunmüddətli strategiyalar çərçivəsində həyata keçirilə bilər.


Maral Şahverdili

10:56 29.11.2024

Oxunuş sayı: 8822

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR