Prezidentin çıxışları daxili auditoriyaya verilən aydın mesajdır - Professor
Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetləri dövlət başçısının son açıqlamalarında bir daha aydın şəkildə ifadə olunub. Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə səsləndirdiyi fikirlər ölkədə həyata keçirilən iqtisadi islahatların sosial rifahın yüksəldilməsinə xidmət etdiyini və bu prosesdə investisiya siyasəti ilə sosial yönümlü yanaşma arasında zərif tarazlığın qorunduğunu nümayiş etdirir.
Dövlətin neft-qaz layihələrindən əldə etdiyi gəlirlərin məqsədyönlü şəkildə sosial sahəyə yönəldilməsi, xüsusilə işğal dövründə prioritet xərclərin düzgün müəyyən edilməsi və son illərdə genişmiqyaslı sosial islahat paketlərinin icrası Azərbaycan hökumətinin uzunmüddətli və davamlı inkişaf modelinin əsasını təşkil edir. Prezidentin vurğuladığı kimi, şəffaf mexanizmlərin tətbiqi və əvvəlki illərdə mövcud olmuş ədalətsizliklərin aradan qaldırılması milyonlarla vətəndaşı əhatə edən sosial siyasətin real nəticələr verməsinə imkan yaradıb.

Məsələ ilə bağlı Milli Məclisin 4 çağırış deputatı (III, IV, V, VI) iqtisad elmləri doktoru, professor Rüfət Quliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Prezidentin mətbuata verdiyi açıqlamalarla yaxından tanış olmuşam və bir iqtisadçı kimi bu mövqeni birmənalı şəkildə dəstəkləyirəm. Mən məsələlərə daha çox iqtisadi prizmadan yanaşmaq və iki əsas faktoru xüsusi qeyd etmək istərdim.
Birinci faktor ondan ibarətdir ki, Azərbaycanda baş verən bütün iqtisadi və maliyyə prosesləri istər-istəməz qlobal miqyasda gedən proseslərlə sıx bağlıdır.
Dünya iqtisadiyyatında baş verən dəyişikliklər, qlobal makroiqtisadi meyillər Azərbaycanın iqtisadi modelinə və inkişaf strategiyasına təsirsiz ötüşə bilməz. Bu hal təkcə Azərbaycana xas deyil. Hətta Avropanın ən inkişaf etmiş və zəngin ölkələrindən biri olan Norveç belə bu qlobal proseslərdən asılıdır. Norveçin qızıl-valyuta ehtiyatları təxminən 1,7 trilyon dollar təşkil edir, illik neft və qaz gəlirləri isə 130 milyard dollara yaxındır. Əhalisi təxminən 5 milyon olan bu ölkə belə dünya iqtisadiyyatında baş verən proseslərin birbaşa təsiri altındadır. Bu fakt onu göstərir ki, qlobal iqtisadi sistemdə heç bir ölkə tam müstəqil və toxunulmaz deyil.
İkinci mühüm məqam isə dünya iqtisadiyyatında və maliyyə sistemində son 7–8 ildə müşahidə olunan mənfi tendensiyalardır. Bu dövrdə neqativ amillər pozitiv amilləri üstələyib. Almaniya, Fransa və ümumilikdə Avropa ölkələrində sosial narazılıqlar, siyasi qeyri-sabitlik, orta sinfin faktiki olaraq zəifləməsi, işsizlik və inflyasiya ciddi problemlər yaradır. İnsanlar həyat səviyyəsinin aşağı düşməsindən narazıdırlar. Bu proseslərin müəyyən təsirləri Azərbaycandan da yan keçmir. Bununla belə, Azərbaycan hökuməti elə bir iqtisadi siyasət yürütməyə çalışır ki, xaricdən gələn mənfi təsirlər minimuma endirilsin. Tam izolyasiya mümkün olmasa da, bu risklərin təsir dairəsi məhdudlaşdırılır.
Bu kontekstdə ölkə rəhbərinin çıxışlarını yalnız səthi deyil, məzmun baxımından dərindən oxumaq və anlamaq vacibdir. Prezidentin əsas mesajı daxili auditoriyaya yönəlib və bu mesaj ondan ibarətdir ki, Azərbaycanda maliyyə və iqtisadi sabitlik mövcuddur. Bəli, inkişaf tempi ideal səviyyədə olmaya bilər, lakin inkişaf var və ən əsası sabitlik qorunur. Bu gün hətta ABŞ daxil olmaqla bir çox inkişaf etmiş ölkələr iqtisadi və maliyyə böhranına doğru sürətlə irəliləyir. Bu barədə dəfələrlə analitik çıxışlarımda və proqnozlarımda qeyd etmişəm.
Prezidentin əsas vurğusu ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı yerində saymır, inkişaf edir və gələcək üçün nəzərdə tutulan strateji layihələr ardıcıl şəkildə icra olunur. Azərbaycanın neft və qaz resursları mövcuddur, Türkiyə ilə bu sahədə mühüm sazişlər imzalanıb. Bununla yanaşı, ölkənin nəqliyyat-logistika imkanları genişlənir, regional layihələr inkişaf edir və gələcək perspektivlər aydındır. Bütün bunlar Prezidentin praqmatik və realist iqtisadi siyasətinin nəticəsidir.
Azərbaycanın güclü maliyyə yastığı var. Qızıl-valyuta ehtiyatları ümumdaxili məhsula bərabər səviyyədədir. Dövlət borcu 20 faizdən aşağıdır, xarici borcun payı isə cəmi 6.3 faiz civarındadır. Bu makroiqtisadi göstəricilər ölkədə maliyyə sabitliyinin və dayanıqlı inkişafın mövcudluğunu təsdiqləyir".
Professor həmçinin regiona nəzər salsaq, vəziyyətin nə qədər mürəkkəb olduğunu aydın görə biləcəyimizi bildirib:
"Türkiyədə inflyasiya 55–60 faiz səviyyəsindədir, devalvasiya və maliyyə qeyri-sabitliyi mövcuddur. İranda 2018-ci ildən başlayaraq 30 dəfədən çox devalvasiya baş verib, inflyasiya 40–50 faizdir və bu artıq “normal” sayılır. Rusiya isə müharibə şəraitindədir, iqtisadiyyat staqnasiya mərhələsinə keçib, infrastruktur ciddi şəkildə köhnəlib. Gürcüstanda vəziyyət nisbətən stabildir. Ermənistanın son illərdə iqtisadi artımı isə əsasən Rusiya ilə qeyri-qanuni iqtisadi əməliyyatlar hesabına baş verib və bu dayanıqlı inkişaf hesab edilə bilməz.
Bütün bunların fonunda Azərbaycan iqtisadiyyatı daha güclü, daha imkanlı və gələcəyə daha inamlı görünür. Bununla belə, sosial yönümlü sahələrə, xüsusilə kənd təsərrüfatına, yerli istehsala, idxal olunan məhsulların ölkəmizdə istehsal olunmasıdır ki, burada sahibkarlara maksimal şərait yaradılmalı, regionlarda vergi və kommunal güzəştlər tətbiq olunmalıdır. Məsələn, kiçik və orta sahibkarlar üçün ilk üç il ərzində 50 faiz güzəşt tətbiq edilməsi onların ayaqda durmasına və inkişafına ciddi töhfə verə bilər.
Nəticə etibarilə, Prezidentin çıxışları daxili auditoriyaya verilən aydın mesajdır: Azərbaycan iqtisadiyyatı qlobal risklərə baxmayaraq sabitdir, inkişaf edir və gələcəyə hesablanmış möhkəm fundamental üzərində qurulub".
Elmir Heydərli
16:56 06.01.2026
Oxunuş sayı: 3180