Bakıda xəstənin ölümündə təqsirləndirilən həkimlə bağlı cinayət işi məhkəməyə göndərilib
Bakıda xəstənin ölümündə təqsirləndirilən həkim barəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Crossmedia.az bu barədə Bakı şəhəri Nizami rayon prokurorluğuna istinadən xəbər verir.
Bildirilib ki, Yeni Klinikanın Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilən cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılıb.
Həmçinin faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə keçirilən çoxsaylı ekspertiza rəyləri və əldə edilən digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da "Yeni Klinika" PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmaqda şübhəli bilinib.
Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
12:18 06.01.2026
Oxunuş sayı: 1768