Ukraynanın əlində qalan yeganə real imkan müharibəni atəşkəs üzərindən dayandırmaqdır - Ekspert
Rusiya–Ukrayna müharibəsinin davam etdiyi bir şəraitdə beynəlxalq diplomatiyanın əsas diqqət mərkəzində sülh danışıqlarının mümkün konturları dayanır. Bu danışıqların ən həssas və prinsipial istiqamətlərindən biri isə ərazi məsələsidir. Cəbhə xəttində formalaşmış mövcud vəziyyət, müvəqqəti işğal olunmuş ərazilərin hüquqi statusu və müharibədən sonrakı təhlükəsizlik arxitekturası yalnız Ukrayna üçün deyil, bütövlükdə regional və qlobal təhlükəsizlik sistemi üçün ciddi əhəmiyyət kəsb edir.
Mövcud reallıqlar fonunda Ukraynanın siyasi rəhbərliyi sülh prosesinə yanaşmada beynəlxalq hüququn fundamental prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyünə istinad edən mövqe nümayiş etdirir. Rəsmi Kiyev üçün istənilən danışıqların əsas məqsədi hərbi əməliyyatların dayandırılması ilə yanaşı, ölkənin strateji maraqlarının və uzunmüddətli təhlükəsizliyinin təmin olunmasıdır. Bu baxımdan ərazi güzəştləri, faktiki işğalın legitimləşdirilməsi və ya mövcud nəzarət zonasından kənara çıxan kompromislər Ukrayna tərəfi üçün qəbuledilməz hesab olunur.
Eyni zamanda, diplomatik müstəvidə aparılan müzakirələr münaqişənin yalnız hərbi vasitələrlə deyil, siyasi-diplomatik mexanizmlər çərçivəsində həllinin mümkünlüyünü də gündəmə gətirir. Bu isə tərəflərin mövqelərinin daha dəqiq və prinsipial şəkildə ifadə olunmasını zəruri edir. Belə bir şəraitdə Ukrayna rəhbərliyinin ərazi məsələsinə dair açıqlamaları sülh danışıqlarının gələcək istiqamətlərini müəyyənləşdirən əsas siyasi mesajlardan biri kimi qiymətləndirilir.

Məsələ ilə bağlı hərbi ekspert Ramil Məmmədli Crossmedia.az-la öz fikirlərini bölüşüb:
"Mən ilk növbədə mövcud vəziyyət barədə ümumi mövqe bildirmək və Ukrayna Prezidenti Volodimir Zelenskinin son açıqlamalarına münasibətimi ifadə etmək istəyirəm. Sözsüz ki, bu açıqlamalar gecikmiş hesab olunmalıdır. Çünki Zelenski tərəfindən səsləndirilən bu mövqenin hansı fəsadlara yol açdığını artıq son üç il ərzində – yaxın aylarda isə dördüncü ilə keçəcək bir müddətdə – açıq şəkildə müşahidə etmişik.
Prosesin ilk mərhələsində, yəni 2022-ci ilin əvvəlində, xüsusilə mart–aprel–may aylarında atəşkəsin imzalanması və Ukraynanın NATO üzvlüyündən imtina etməsi ilə bağlı öhdəliklərin götürülməsi real müzakirə mövzusu idi. Lakin həmin tələblər yerinə yetirilmədi. Nəticədə Ukrayna öz ərazilərinin əhəmiyyətli bir hissəsini itirdi və hazırkı mərhələdə artıq Qərb ölkələri tərəfindən də müharibəni dayandırmağa məcbur edilir.
Bu gün Ukraynanın əlində qalan yeganə real imkan münaqişəni atəşkəs üzərindən dayandırmaqdır. Yəni prosesin davamının qarşısını almaq üçün atəşkəsin imzalanması əsas seçim kimi təqdim olunur. Lakin qarşı tərəfin – yəni Rusiyanın və onun rəsmi şəxslərinin açıqlamaları – göstərir ki, Moskva bu cür atəşkəs təklifinə razı deyil.
Rusiya konkret olaraq işğal və ilhaq etdiyini elan etdiyi ərazilərin Ukrayna tərəfindən Rusiya ərazisi kimi tanınmasını tələb edir. Bundan əlavə, Ukraynanın həmin ərazilərdən birdəfəlik imtina etməsi, eləcə də Ukrayna ərazisində rus dilinin və rus mənşəli əhalinin hüquqlarının qorunması istiqamətində konkret öhdəliklər götürməsi istənilir. Paralel olaraq, Ukraynanın NATO başda olmaqla hər hansı Qərb hərbi blokuna üzv olmaması ilə bağlı sərt şərtlərə imza atması tələb olunur.
Məhz bütün bu tələblərdən yayınmaq məqsədilə bu gün Zelenski müəyyən təşəbbüslərlə çıxış edir. Halbuki 2022-ci ilin əvvəlində proses xeyli yumşaq idi və indiki qədər böyük itkilər qeydə alınmamışdı. Həmin mərhələdə müharibəni atəşkəslə müəyyən nöqtədə dayandırmaq mümkün idi, sonrakı mərhələlərdə isə danışıqların davam etdirilməsi üçün imkanlar mövcud idi.
Əlbəttə, Zelenski ədalətdən danışır və hər kəs istərdi ki, bu münaqişə ədalətli həllini tapsın. Lakin beynəlxalq münasibətlər sistemində proseslər fərqli mexanizmlərlə işləyir və güc faktoru çox zaman ədalət prinsipini üstələyir. Biz bunun nümunəsini öz tariximizdə də görmüşük: 30 ildən artıq bir müddətdə ikili standartlar və ədalətsizliklə üzləşdik və nəticədə ərazilərimizi yalnız mübarizə və müharibə yolu ilə azad etdik".
Ekspert, həmçinin Zelenskinin hazırkı təklifləri Rusiyanın maraqlarına uyğun olmadığını və böyük ehtimalla qəbul edilməyəcəyini qeyd edib:
"Təmas xəttinə gəldikdə isə, bu xətt kifayət qədər uzundur – təxminən 2000 kilometrə yaxın məsafəni əhatə edir. Bu xətt boyunca Rusiya ordusunun bütün qoşun növləri ön və arxa cəbhələrdə, yəni birinci, ikinci və üçüncü müdafiə eşelonlarında yerləşdirilib.
Hazırda davamlı hücum əməliyyatları həyata keçirilir və Rusiyanın qarşısında duran əsas məqsəd Donetsk vilayətini tam nəzarətə götürmək, Dnepr çayına çıxışı təmin etmək, həmçinin Zaporojye və Xarkov istiqamətlərində əməliyyatları davam etdirməkdir. Bu baxımdan, prosesin yaxın perspektivdə dayanacağı ehtimalı olduqca zəif görünür".
Elmir Heydərli
09:50 23.12.2025
Oxunuş sayı: 3901