Partiya sədri: Rusiya-Ukrayna müharibəsi hər iki tərəfi ciddi böhranla üz-üzə qoyub - MÜSAHİBƏ
XXI əsrin geopolitik mənzərəsi bir sıra köklü dəyişikliklərdən keçmişdir. Dövlətlərarası münasibətlərdə yalnız sərhədlər deyil, həm də enerji resursları, strateji mövqelər və qlobal təsir sahələri uğrunda mübarizə ön plana çıxır. Bu kontekstdə Rusiya–Ukrayna müharibəsi təkcə iki qonşu ölkənin toqquşması kimi görünmür; o, qlobal güclərin maraqlarının, regional balansların və postsovet məkanında geosiyasi nizamın yenidən formalaşmasının dramatik bir təzahürüdür.
Müharibə yalnız hərbi əməliyyatlar və ərazilərin işğalı ilə ölçülmür. Onun arxasında uzunmüddətli strateji rəqabət, qlobal təhlükəsizlik problemləri və enerji bazarlarında ciddi dəyişikliklər dayanır. Hər iki tərəf — həm Rusiya, həm də Ukrayna — öz milli maraqlarını qorumağa çalışarkən, böyük dövlətlərin təsiri və dəstəyi prosesin dinamikasını daha da mürəkkəbləşdirir. Eyni zamanda, müharibə postsovet məkanında region ölkələrinin strategiyasına ciddi təsir göstərir, onların təhlükəsizlik və enerji siyasətində yeni prioritetlər formalaşdırır.
Bu baxımdan, Rusiya–Ukrayna münaqişəsi yalnız mövcud hərbi vəziyyətlə məhdudlaşmır; o, həm də qlobal nizamın və region siyasətinin gələcək inkişafına dair mühüm dərslər verir. Münaqişənin səbəblərini, tərəflərin strateji məqsədlərini və geosiyasi nəticələrini analiz etmək, region ölkələri üçün daha dayanıqlı və çevik siyasət yürütmək baxımından əhəmiyyətlidir.
Davam edən Rusiya - Ukrayna savaşının təsirləri və mümkün nəticələri barədə Azad Vətən Partiyasının sədri Akif Nağı Crossmedia.az-a müsahibə verib:
— Rusiya–Ukrayna müharibəsinin başlanma səbəblərini necə qiymətləndirirsiniz? Sizcə, bu münaqişə uzun müddət formalaşan geosiyasi gərginliyin nəticəsidir, yoxsa qəfil baş verən proseslərin təzahürü?
— Bu müharibə uzun müddət ABŞ ilə Rusiya arasında gedən qarşıdurmanın, strateji mövqelər uğrunda aparılan rəqabətin nəticəsi oldu. Hədəf kimi Ukrayna seçildi, amma başqa bir ölkə də seçilə bilərdi. Müxtəlif istiqamətlərdə ABŞ ilə Rusiya arasında rəqabət gedirdi — istər Yaxın Şərqdə olsun, istər Balkanlarda, istərsə də Cənubi Qafqazda. Bu hadisə müxtəlif coğrafiyalarda baş verə bilərdi, lakin Ukrayna seçildi. Müharibənin əsas səbəbi Ukraynanın geostrateji mövqeyi, yeraltı və yerüstü sərvətləri ilə bağlıdır. Ukrayna Avropa ilə Asiyanın arasında bir keçid zonasıdır. Bu, Avropa üçün olduğu qədər Rusiya üçün də böyük əhəmiyyət daşıyır. Ona görə də bu amillər üst-üstə düşdü. Bir sözlə, qütblər arasında qarşıdurma gözlənilən idi. Bilirsiniz ki, 1994-cü ildə Ukrayna Qazaxıstanla birlikdə nüvə dövləti idi. SSRİ-nin dağıldığı dövrdə Ukrayna, Qazaxıstan və Belarusun taleyi ətrafında ciddi müzakirələr gedirdi. Onlar ölçüb-biçdilər və qərara gəldilər ki, nüvə statusu onlara daha çox problem yaradacaq. Digər tərəfdən, Ukrayna həmin seçim qarşısında idi. Kravçuk da bu məsuliyyətli qərarla üz-üzə qalmışdı. Nəticədə Budapeşt Memorandumu imzalandı. ABŞ və Böyük Britaniya qarant qismində çıxış etdi, Ukrayna, Qazaxıstan və Belarus isə nüvə silahından imtina etdilər və bunun müqabilində təhlükəsizlik təminatı aldılar. Lakin sonradan məlum oldu ki, həmin təminatlara əməl edilmədi. Bu gün Ukrayna rəhbərliyi haqlı olaraq sual verir: “1994-cü ildə sənəd imzalanmışdı, amma ona əməl olunmadı, indi biz nəyə inanmalıyıq?” Deməli, məsələ kökündən geostrateji xarakter daşıyır. Bu münaqişəyə yalnız Ukrayna–Rusiya qarşıdurması kimi baxmaq düzgün deyil. Əslində bu, Rusiya ilə ABŞ və Qərb arasında gedən qarşıdurmadır və artıq bunu heç kim inkar etmir.
— Müharibənin hazırkı mərhələsində tərəflərin strateji məqsədləri nədir? Hər iki ölkənin siyasi, iqtisadi və hərbi baxımdan mövqeyini necə dəyərləndirirsiniz?
— Bu müharibə həm qlobal xarakter daşıyır, həm də konkret olaraq Rusiya–Ukrayna qarşıdurmasıdır. Müharibə başlayanda Rusiyanın əsas məqsədi Kiyevdə hakimiyyəti dəyişmək, Prezident Volodimir Zelenskini uzaqlaşdırmaq və Rusiyaya loyal bir hakimiyyət formalaşdırmaq idi. İkinci məqsəd Krımın ilhaqının dünya tərəfindən tanınması idi. Üçüncü məqsəd Donetsk, Donbas və digər ərazilərin işğalının legitimləşdirilməsi, Ukraynanın böyük bir hissəsinə nəzarətin ələ keçirilməsi idi. Əsas hədəf isə Kiyev olaraq qalırdı. Rusiya bu müharibədə hədəflərinin böyük bir hissəsinə nail olub. Ukraynanın təxminən 20 faizə yaxın ərazisi artıq nəzarət altındadır. Krım məsələsi faktiki olaraq gündəmdən çıxıb. Heç kim real olaraq Krımın geri qaytarılmasından danışmır. Ukraynanın özündə də, Qərbdə də şüuraltı olaraq belə bir fikir formalaşıb ki, Krım artıq itirilib, əsas məsələ qalan əraziləri qorumaqdır.
Ukraynanın mövqeyi isə Krımı geri qaytarmaq, Rusiyanın qarşısında dayanmaq idi. Qərbdən ciddi hərbi və maliyyə dəstəyi gözləyirdi. Lakin nəticədə Ukrayna hədəflərinə nail ola bilmədi. Ərazi işğal altındadır, Krımla bağlı real perspektiv yoxdur. Ən çox qazanan tərəf isə ABŞ oldu. ABŞ-nin məqsədləri Rusiyanın iqtisadi cəhətdən zəiflədilməsi, daxili strukturlarına zərbə vurulması və Ukraynanın siyasi-iqtisadi baxımdan nəzarətə götürülməsi idi. Ukraynanın resursları, maliyyə müqavilələri ABŞ-ın nəzarətinə keçdi. Bu baxımdan Vaşinqton öz hədəflərinə nail oldu. Rusiyanın vəziyyəti isə ağırdır. Ölkə daxilində ciddi narazılıq var, iqtisadi vəziyyət pisləşib, demoqrafik göstəricilər aşağı düşüb, insanlar müharibədən qaçır. Hərbi və insan resursları tükənmək üzrədir. Çin və Şimali Koreyanın dəstəyi ilə müharibəni davam etdirmək isə uzunmüddətli perspektivdə çətindir. Gündəlik xərclər milyonlarla dollarla ölçülür. Ukraynanın vəziyyəti də ağırdır. Əhalinin 8–10 milyonu ölkəni tərk edib, iqtisadiyyat çökməkdədir, şəhərlər dağılıb. Hər iki tərəf resurs baxımından tükənib.
— Qərb ölkələrinin Ukraynaya hərbi və maliyyə dəstəyi müharibənin gedişinə hansı real təsirləri göstərib? Bu dəstək uzunmüddətli ola bilərmi?
— Qərbin dəstəyi müharibəni uzatmağa və Ukraynanı ayaqda saxlamağa imkan verdi. Avropa müharibənin öz ərazisinə keçməsindən ehtiyat edir. Buna görə də milyardlarla dollar həcmində yardımlar davam edir. Almaniya xüsusilə ön sıradadır və Ukraynaya dəstəyini davam etdirəcəyini açıq bildirir. NATO və ABŞ da geri çəkilmək niyyətində deyil. Qərb Ukraynanı Rusiyaya qarşı baryer kimi istifadə edir. Nə qədər mümkündürsə, maliyyə və silah yardımı edəcəklər. Lakin sual ondadır ki, Ukrayna bu yükə nə qədər dözə biləcək? Əhali kütləvi şəkildə həlak olur, iqtisadiyyat dağılır, şəhərlər məhv edilir. Bu prosesin nə qədər davam edəcəyi məlum deyil.
— Sanksiyaların Rusiya iqtisadiyyatına təsirini necə qiymətləndirirsiniz?
— Rusiyada deyirlər ki, sanksiyalara öyrəşmişik. İran nümunəsini göstərirlər. Amma İranın vəziyyətinə baxmaq kifayətdir: neft-qaz ölkəsi olsa da, adi su problemi yaşayır, iqtisadiyyat çöküb, pul vahidi dəyərsizləşib. Rusiyanı da eyni perspektiv gözləyir. Qaz gəlirləri 10–15 dəfə azalıb. Bank sektoruna, maliyyə ehtiyatlarına sanksiyalar tətbiq olunub. Rusiya sanksiyaların təsirini ciddi şəkildə hiss edir və ona görə də onların götürülməsinə çalışır. Bu, Rusiyanın mövqeyinə çox ağır zərbə vurub.
— Müharibə postsovet məkanında geosiyasi nizamı necə dəyişdi?
— Bu münaqişə bütün postsovet məkanına təsir edir. Baltikyanı ölkələrdən tutmuş Cənubi Qafqaza qədər. Kalininqrad məsələsi belə risk altındadır. Azərbaycan isə bu prosesdən ən çox qazanan tərəf oldu. Rusiyanın diqqətinin Ukraynaya yönəlməsi Azərbaycan üçün suverenliyini və ərazi bütövlüyünü bərpa etmək imkanı yaratdı. Regionda Rusiyanın mövqeyi zəiflədikcə Azərbaycan daha sərbəst hərəkət edə bildi. Orta Asiya ölkələri də Rusiyadan uzaqlaşmağa çalışır. Bu müharibə Rusiyaya heç bir strateji qazanc gətirmədi, əksinə, təsir dairəsini daraltdı.
— Bəs enerji bazarlarında baş verən dəyişikliklər qlobal iqtisadiyyata necə təsir göstərdi?
— Müharibə enerji bazarlarına birbaşa təsir edir. Hərbi əməliyyatlar neft və qaz qiymətlərini dərhal dəyişir. ABŞ uzun müddət bu bazarda mövqeyini qorumağa çalışsa da, bu rıçaqlar tədricən zəifləyir. Münaqişələr qiymətlərin əsas müəyyənedicisinə çevrilib.
— Sizcə, sülh danışıqlarının perspektivi var?
— Hazırkı mərhələdə real görünmür. Əsas ziddiyyət Krım və Donbasın statusu ilə bağlıdır. Ukrayna ərazi bütövlüyündən imtina etmir, Rusiya isə işğal etdiyi ərazilərin tanınmasını istəyir. Bu isə müharibəni uzunmüddətli tükənmə münaqişəsinə çevirir.
— Bu müharibədən Rusiyaya qonşu olan ölkələr, o cümlədən Azərbaycan kimi ölkələr hansı dərsləri çıxarmalıdır?
— Bir neçə əsas məqam var. Birincisi, öz hərbi gücünə arxalanmaq vacibdir. Xarici təminatlara tam bel bağlamaq olmaz. İkincisi, nəzərə almaq lazımdır ki, balanslı və çevik siyasət yeganə düzgün yoldur. Üçüncüsü, artıq enerji resurslarının və marşrutlarının əhəmiyyəti artıb. Dördüncüsü, Rusiyadan asılılığın azalması region ölkələri üçün tarixi fürsətdir.
10:42 18.12.2025
Oxunuş sayı: 4043