Ermənistanda kiber müdaxiləyə qarşı yeni tədbirlər
Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan ölkənin daxili siyasətində baş verən hadisələrdə xarici müdaxilə cəhdlərinin müşahidə olunduğunu və mediada dezinformasiya kampaniyalarının aparıldığını bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, son iki gün ərzində bəzi ingilisdilli saytların açılaraq sensasion və saxta xəbərlər yayması, məsələn, Paşinyanın Kanadada ev alması və ya Ərdoğanın göstərişi ilə Ermənistanda 12 məscidin tikiləcəyi barədə informasiyaların yayımlanmasının müdaxilə əlaməti olduğunu bildirib. Bu xəbərlər əvvəlcə az tanınan xarici saytlar və ya bəzi jurnalistlər tərəfindən hazırlanır, sonra isə erməni KİV-lərində dərc olunur.
Rubinyan bildirib ki, məsələ yalnız narahatlıq yaratmaq deyil, ölkənin müdaxiləyə qarşı qorunması üçün alətlərin gücləndirilməsidir. O əlavə edib ki, bu cür müdaxilələrin qarşısını almaq əsasən yerli hüquq-mühafizə orqanlarının vəzifəsidir və Avropa İttifaqının orqanlarının bu məsələyə müdaxilə etməsi gözlənilmir.
Rubinyanın sözlərinə görə, Ermənistan hüquq-mühafizə orqanları bu cür dezinformasiya və xarici müdaxilə cəhdlərinin qarşısını almaq üçün təcrübə və metod mübadiləsini gücləndirəcək.
Nigar Yahyazadə
17:58 16.12.2025
Oxunuş sayı: 1155