ABŞ səfiri: "Tramp Marşrutu” layihəsinin icrası üçün işçi qrupları formalaşdırılıb
ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kvinin sözlərinə görə, “Beynəlxalq firavanlıq və sülh naminə Tramp Marşrutu” layihəsinin həyata keçirilməsinə rəhbərlik edəcək işçi qrupları artıq yaradılıb və ilin sonuna qədər ilk iclaslarını keçirəcək.
Crossmedia.az bu barədə Erməni KİV-lərinə istinadən xəbər verir.
Səfir bildirib ki, ABŞ və Ermənistan hökumətləri layihənin hazırlanması və icrası üçün zəruri strukturların formalaşdırılması üzərində işləyir. Bu çərçivədə iki hökumətlərarası işçi qrupunun yaradılması prosesi gedir. Həmçinin “Tramp Marşrutu”nun planlaşdırılması və tikintisinə rəhbərlik edəcək birgə Ermənistan–ABŞ strukturu formalaşdırılır.
Kristina Kvin xatırladıb ki, 8 avqust tarixində prezident Donald Trampın baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü ABŞ-Ermənistan münasibətlərində dönüş nöqtəsi olub. Onun sözlərinə görə, həmin görüşdən sonra “geri dönüş yoxdur” və uzun illərdir regionda tərəqqiyə mane olan problemlərin həlli üçün real imkan yaranıb.
Səfir əlavə edib ki, ABŞ Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını və ratifikasiyasını qətiyyətlə dəstəkləyir və bu istiqamətdə işi davam etdirəcək.
“Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan işlər fonunda ABŞ, Ermənistanın Şərq–Qərb ticarət marşrutlarına tam inteqrasiyasını dəstəkləməyə hazırdır”— deyə Kristina Kvin bildirib.
Günel Verdiyeva
15:00 09.12.2025
Oxunuş sayı: 1018