Suriyada kürdlərə yeni status verilə bilər: bölgədə intensiv danışıqlar gedir
Suriyada kürdlərin yeni idarəetmə statusu əldə etməsi ilə bağlı ABŞ, Suriya, İsrail və Türkiyə arasında danışıqlar aparılır. Məlumata görə, Şam bu prosesə qarşı çıxsa da, ABŞ ilə münasibətləri daha da gərginləşdirmək istəmir və buna görə də statusun İraq Kürdistanı səviyyəsində olmaması üçün çalışır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Suriya hökuməti daxilində SDF-ə qarşı daha sərt addımlar atılması ilə bağlı çağırışlar da mövcuddur. Bununla yanaşı, ABŞ tərəfindən Dəməşqə əhəmiyyətli jest edildiyi bildirilir. Belə ki, ABŞ müdafiə büdcəsi layihəsinə Suriyaya qarşı tətbiq olunan “Sezar sanksiyaları”nın ləğvini nəzərdə tutan müddəa əlavə edilib və yaxın günlərdə təsdiqlənməsi gözlənilir.
Sanksiyaların ləğvi üçün Suriya hökumətinə konkret tələb qoyulmur, lakin ABŞ prezidenti hər dörd ildən bir Konqresə azlıqların müdafiəsi, terrorizm və İŞİD-lə mübarizə, həmçinin SDF ilə inteqrasiya sahəsində Dəməşqin fəaliyyətinə dair hesabat təqdim edəcək. Mütəxəssislərə görə, məhz SDF ilə inteqrasiya gələcəkdə Sezar aktının yenidən tətbiqi və ya tam ləğvi üçün əsas müəyyənedici faktor ola bilər.
Türkan Kərimli
18:25 08.12.2025
Oxunuş sayı: 913