“Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasının premyerası baş tutub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin regionlarda teatr prosesinin canlandırılması və teatr sahəsində kadr peşəkarlığının artırılmasına yönəlmiş “Öyrədərək Öyrənirəm” layihəsi çərçivəsində yeni tamaşanın premyerası gerçəkləşib. Layihə çərçivəsində gənc rejissor Fuad Cavadzadə Ağdam Dövlət Dram Teatrında ustad dərslərinə başlayıb və bir ay davam edən təlimlər zamanı “Aktyorun öz təbiətinin açılmasından obrazın yaradılmasına qədər olan yol. K.S. Stanislavski sisteminin psixofiziki mərhələləri” mövzusunda dərslər keçirilib.
Təlimlərin nəzəri və praktiki biliklərinin möhkəmləndirilməsi məqsədilə yaradıcı kollektiv M.F. Axundzadənin məşhur “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və dərviş Məstəli şah Cadükuni-Məşhur” əsəri əsasında “Müsyö Jordanın Qarabağ Sərgüzəştləri” tamaşasını hazırlayaraq ictimaiyyətə təqdim edib.
Tamaşanın süjet xətti Fransalı alim Müsyö Jordanın Qarabağa səfəri, bölgənin adət-ənənələri, Qarabağ xalçaları, atları, muğamı, mətbəxi və zəngin bitki dünyası ilə yaxından tanış olmaq istəyi üzərində qurulub. O, gördüklərini dünya ictimaiyyətinə çatdırmaq üçün Şahbaz bəyi özü ilə Fransaya aparmağa çalışır.
Bir hissədən ibarət olan tamaşa Qarabağ adət-ənənələrinin təbliği ilə yanaşı, maarifçilik ideyalarını, cəhalətə tənqidi yanaşmanı və elmin üstünlüyünü vurğulayır. Rejissor Fuad Cavadzadə müəllifin ideya və süjet xəttinə toxunmadan əsərin müasir dövr üçün milli adaptasiyasını təqdim edib.
Tamaşada Kərim Həsənov, Anar Əhməd, Zərifə Ağayeva, Fərhad Fərhadzadə, Afərdə Əhmədova, Ramil Hüseynzadə, Xəyalə Xudadatova, Camal Zamanov, Qalib Abdullazadə, Behbud Əsgərov, Turan Nərimanov və Yusif Ziyadlı rol alıblar.
Ayan Sədi
12:55 03.12.2025
Oxunuş sayı: 1122