Putin amerikalı vasitəçilərlə görüşdə taktiki manevrlərdən istifadə edib
ABŞ, Rusiya və Ukrayna arasında müharibənin dayandırılması ilə bağlı aparılan danışıqlarda Rusiya prezidenti Vladimir Putin ABŞ nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerə Moskvanın mövqeyini göstərmək üçün “cazibə, düşünülmüş hiylələr və birbaşa hədələrdən” istifadə edib.
Crossmedia.az bu barədə Politico nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkoff və Donald Trampın kürəkəni Kuşner Kremlə dəvət olunmazdan əvvəl Moskvada gəzişərək elit restoranda nahar ediblər. Putin isə onları görüşə buraxmazdan öncə bir neçə saat gözlədib.
Amerikalılar gözlədiyi müddətdə Putin investisiya forumunda çıxış edərək Avropanı sülh prosesini pozmaqda günahlandırıb və gələcək eskalasiya barədə mesajlar verib.
Görüş planlaşdırılandan 3 saat gec başlayıb və 5 saat davam edərək gecə yarısından xeyli sonra başa çatıb.
Putinin köməkçisi Yuri Uşakov danışıqları “faydalı, konstruktiv və məzmunlu” adlandırsa da, razılaşmanın əldə olunması üçün “hələ çox işin” qaldığını bildirib. O həmçinin Putinin Avropanın “distruktiv addımlarını” vurğuladığını, bunun isə Moskvaya görə mümkün uğursuzluğun məsuliyyətini Avropa İttifaqının üzərinə atma cəhdi olduğunu qeyd edib.
Politico yazır ki, növbəti görüşlərin Rusiyanın mövqeyində dəyişiklik yaradacağına dair hələ ki heç bir əlamət yoxdur.
Günel Verdiyeva
10:05 03.12.2025
Oxunuş sayı: 999