Rusiya Avropanı zəiflətmək üçün hərəkətə keçdi: KRİTİK VƏZİYYƏT YARANIR
Avropa ilə Rusiya arasında gərginlik yeni mərhələyə keçir. Fransa Prezidenti Emmanuel Makron xəbərdarlıq edib ki, Moskva artıq açıq hərbi toqquşmadan çox, hibrid təzyiq vasitələri ilə — kiberhücumlar, təbliğat kampaniyaları, informasiya manipulyasiyası və miqrasiya axınlarını yönləndirməklə — Avropanı zəiflətməyə çalışır. Makronun sözlərinə görə, bu addımlar Ukraynadakı müharibəni dolayı yolla gücləndirməklə yanaşı, Avropa birliyinə də ciddi zərbə vurur.
Mövzu ilə bağlı politoloq Məhəmməd Cəbrayılov Crossmedia.az-a açıqlama verib: "İlk olaraq qeyd etmək lazımdır ki, bu gün Avropanın təhlükəsizlik mühitində baş verən proseslər yalnız regional çərçivədə məhdudlaşmır. Bu proseslər bütövlükdə qlobal siyasi nizamın gələcəyinə təsir göstərir. Makronun son açıqlamaları da məhz bu strateji reallığı bir daha aydın şəkildə ortaya qoyur. Onun fikirlərinə diqqətlə baxdıqda görünür ki, Avropa ilə Rusiya arasındakı qarşıdurma ənənəvi hərbi formatdan çıxaraq daha çox asimmetrik, hibrid və çoxölçülü təzyiq vasitələri üzərində qurulub. Çünki bu gün Rusiyanın Ukrayna üzərindən Avropa Birliyinə, xüsusilə də Şərqi Avropa ölkələrinə müxtəlif təzyiq formaları tətbiq etdiyini – o cümlədən dron hücumları fonunda – müşahidə edirik. NATO qüvvələrinin 5-ci maddənin işə düşməsi ilə bağlı toplanıb məsləhətləşmələr aparması, lakin sonradan vəziyyətin yenidən sakitləşməsi göstərir ki, Rusiyanın hibrid fəaliyyətləri həm Aİ-nin siyasi təməllərini, həm də kollektiv qərarvermə mexanizmini zəiflətməyi hədəfləyir".
Ekspert qeyd edib ki, Avropa Birliyinin Ukrayna məsələsində bəzən konsensus yaratmaqda çətinlik çəkməsi də bu səbəbdəndir: "Aİ ölkələrinin öz daxilində iqtisadi və sosial problemlər mövcuddur və Rusiya bu zəiflikləri yaxşı analiz edir. Bu səbəbdən Moskva, demək olar ki, Aİ-nin Ukraynaya dəstəyini və qərarlarını çox zaman nəzərə almır. Makronun vurğuladığı başqa mühüm məqam da odur ki, Rusiyanın hibrid təzyiqləri təkcə Avropanın hazırkı sabitliyinə deyil, həm də Ukraynadakı müharibənin gedişinə təsir göstərir. Moskva yardım paketlərini gecikdirməklə, ictimai narazılığı artırmaqla Ukraynanın mövqelərini zəiflətməyə çalışır. Bu strategiyanın hələ də aktual olduğu görünür. Avropa daxili gərginliklərlə üzləşdikcə Rusiya öz siyasi və hibrid fəaliyyətlərini daha rahat həyata keçirəcək. Bu səbəbdən Avropa Birliyi həm birliyini möhkəmləndirməli, həm də təhlükəsizlik arxitekturasını yenidən düşünməlidir. NATO da hazırkı vəziyyətdə kifayət qədər “dişsiz” görünür və müdafiə prinsipini daha qətiyyətlə qorumağa ehtiyac var. Hibrid təhdidlərə qarşı cavab yalnız hərbi müttəfiqlərlə məhdudlaşmamalı, siyasi iradə əsas rol oynamalıdır. Kiber texnologiyalar sahəsində də Avropa öz təhlükəsizliyini təmin etmək üçün ciddi addımlar atmalıdır".
Politoloq vurğulayıb ki, Avropa–Rusiya müharibəsinin baş vermə ehtimalı hazırda aşağı qiymətləndirilir: "Çünki NATO–Rusiya qarşıdurması real görünmür və belə bir vəziyyət nüvə eskalasiyası riskini artırar. Bir neçə dəfə Rusiya tərəfindən Polşa və Baltikyanı ölkələr istiqamətində NATO sərhədlərinin dronlarla pozulması faktları qeydə alınsa da, bunlar müharibəyə səbəb olmayıb. Müharibə yalnız aşağıdakı hallarda baş verə bilər: Rusiya NATO ölkələrindən birinə birbaşa və ardıcıl hücum edərsə; Rusiya Ukraynada kəskin eskalasiya yaradıb Şərqi Avropa üçün çox ciddi təhlükə formalaşdırarsa və Rusiya Avropa Birliyinin əsas güc mərkəzlərinə qarşı hərbi və ya digər təzyiqləri davamlı şəkildə artırarsa. Makronun açıqlamaları göstərir ki, Avropa müəyyən mənada hazırlıqsızdır. Rusiya isə klassik hərbi taktikalardan çox informasiya mühiti və kiber məkan üzərindən təzyiq mexanizmləri tətbiq edir. Avropa bu hibrid təhdidlərə qarşı hazır olmalıdır. Hazırda Ukrayna–Rusiya danışıqlarının yeni mərhələyə keçdiyi bir dövrdə Rusiyanın Avropa ilə birbaşa müharibəyə qoşulma ehtimalı aşağı qiymətləndirilir".
Fidan Quliyeva
09:33 27.11.2025
Oxunuş sayı: 3241