Qışın ortasında bahar havası...- Sağlamlığa və psixologiyaya təsirləri
Son illər qış fəslinin anormal dərəcədə isti keçməsi təkcə iqlim dəyişikliyinin bir göstəricisi deyil, eyni zamanda insan sağlamlığı üçün real təhlükələr yaradan ciddi faktor kimi qiymətləndirilir. Adətən qış aylarında havanın soyuq olması virus və bakteriyaların çoxalmasını məhdudlaşdırır, orqanizmin mövsümi immun müdafiə mexanizmi isə bu şəraitə uyğunlaşır. Lakin temperaturun normadan yüksək olması bu balansı tamamilə pozur. Bunu bu günlərdə aydın hiss edə bilirik. Belə ki, noyabr ayı olmasına baxmayaraq, yaz havasının şahidi oluruq: günəş üzümüzə gülür, nə yağış yağır, nə də qar...
İsti və dəyişkən hava şəraiti mikroorqanizmlərin daha rahat çoxalmasına şərait yaradır, nəticədə qrip, respirator infeksiyalar, bronxit və digər tənəffüs yolu xəstəliklərinin yayılma sürəti əhəmiyyətli dərəcədə artır. Digər tərəfdən, insan orqanizmi qışda soyuğa adaptasiya olunmalı olduğu halda, isti hava bu bioloji ritmi pozur, immun sisteminin zəifləməsinə səbəb olur və xroniki xəstəliklərin – xüsusilə də ürək-damar problemlərinin, allergik reaksiyaların, astmanın – kəskinləşməsinə yol açır. Temperatur fərqlərinin kəskin dəyişməsi stress hormonlarını artırır, yuxu rejimini pozur və ümumi halsızlıq yaradır. Bütün bunlar göstərir ki, qış fəslinin isti keçməsi sadəcə hava şəraitinin dəyişməsi deyil, həm insan sağlamlığı, həm də cəmiyyətin ümumi rifahı üçün artan risklər deməkdir. Bu səbəbdən mövzu həm tibbi, həm ekoloji, həm də sosial müstəvidə ciddi müzakirələr tələb edən məsələyə çevrilib. Həmçinin məsələ tək fiziki təsirlərlə məhdudlaşmır. Havaların bu cür keçməsi insanlara psixoloji cəhətdən də mənfi təsir göstərə bilir.
Fəsilə uyğun olmayan hava şəraitinin insan orqanizminə olan təsiri ilə bağlı səhiyyə eksperti Adil Qeybulla Crossmedia.az-a açıqlama verib:

“Yer kürəsində bu gün baş verən proseslər hər birimizi ciddi şəkildə narahat edir. Torpağın, suyun və havanın müxtəlif toksik maddələrlə həddən artıq çirklənməsi insan sağlamlığına bir tərəfdən mənfi təsir göstərir. Digər tərəfdən, fosil yanacaqların və istehsalat tullantılarının atmosferə atılması nəticəsində karbon qazının və polisiklik aromatik karbohidrogenlərin havada normadan artıq səviyyəyə qalxması müxtəlif onkoloji xəstəliklərin artmasına səbəb olur. Bununla yanaşı, atmosferdə istilik tutumunun artması da müşahidə edilir. Yəni karbon qazının konsentrasiyası normanı aşdığı üçün bu gün Yer kürəsində orta temperaturun 1–2 dərəcə artması qeydə alınır ki, bu da kifayət qədər ciddi göstəricidir. Uzun müddətdir davam edən bu prosesin nəticəsi olaraq artıq Bakıda qarın müşahidə olunmaması, şimal bölgələrində intensiv qar yağışlarının azalması, əksinə, bəzi tropik ölkələrdə on illərlə görünməyən güclü yağışların baş verməsi kimi hadisələr yaşanır”.
Ekspert qeyd edib ki, bu dəyişikliklər təbii ki, çox ciddi ekoloji problemlər yaradır və Yer kürəsindəki canlılara – bitkilərə, heyvanlara, insanlara – ciddi təsirsiz ötüşmür: “İnsanların müxtəlif müdafiə imkanları olsa da, heyvan və bitkilərin belə imkanları yoxdur. Onlar təbiətin təlatümləri ilə birbaşa üz-üzə qalırlar. Buna görə də canlı növlərinin sıradan çıxması, faunanın zəifləməsi getdikcə daha təhlükəli miqyas alır. İqlim dəyişikliyinin nəticələrindən biri də havaların istiləşməsi fonunda orqanizmin immun sisteminin zəifləməsidir. Belə hava şəraitində müxtəlif tənəffüs yolları xəstəlikləri, qrip və digər infeksiyalar daha sürətlə yayılır. Bu gün kollektivlərdə nə qədər soyuqdəymə, qrip və respirator infeksiyalarla xəstələnən insanın olduğunu hər kəs görür. Adenoviruslar, koronavirus və digər respirator xəstəliklər hələ də aktiv şəkildə dövriyyədədir. Təəssüf ki, bu bizim günümüzün reallığıdır. Bu səbəbdən məsələ artıq qlobal səviyyədə ciddi narahatlıq doğurur və keçirilən “yaşıl dünya”, COP tədbirləri də məhz bununla bağlıdır. Lakin Yer kürəsinin çirklənməsinin qarşısı alınmadığı, əhali artımı və istehsalat yükü davam etdiyi müddətdə proseslərin daha da pisləşəcəyi proqnozlaşdırılır”.
Qeyd etdiyimiz kimi, yayda qar yağmağının, qışda gün çıxmağının bu həm də psixoloji təsirləri var. Məsələ ilə bağlı psixoloq Sibel Piriyeva bildirib ki, havanın dəyişkənliyi insan psixologiyasına həm bioloji, həm də psixoloji səviyyədə ciddi təsir göstərir: “Bu təsirlər həm qısa müddətli əhval dəyişiklikləri yarada, həm də xroniki vəziyyətləri gücləndirə bilər. Gəlin bunu elmi və psixoloji baxımdan açıqlayım: Havanın dəyişkənliyi insan psixologiyasına həm bioloji, həm də psixoloji səviyyədə ciddi təsir göstərir. Bu təsirlər həm qısa müddətli əhval dəyişiklikləri yarada, həm də xroniki vəziyyətləri gücləndirə bilər. Günəş işığının azalması beyində serotonin səviyyəsi azaldır. Bu isə insanda əhvalın düşməsi, həvəssizlik, yuxululuq, enerji azlığı yaradır. Əsasən payız–qış aylarında bu daha çox hiss edilir. Hava təzyiqi azalanda bir çox insanda baş ağrısı, migren tutmaları, gərginlik hissi, qıcıqlanma yarana bilir. Belə havada migren xəstələri daha həssasdır. Bakıda havanın temperaturun birdən yüksəlib-enməsi sinir sisteminə təsir edir, bunu "stress" kimi qəbul edir. Ona görə, kortizol hormonu artır, ürək döyüntüsü sürətlənir, əhval-ruhiyyədə isə səbirsizlik və əsəbilik çoxalır”.

Ekspert qeyd edib ki, bu dəyişikliklər, əlbəttə, insanların yuxu və qida rejimini də pozur: “Hava şəraitinə psixoloji gərginliyi olanlar, depressiya, təşviş yaşayanlar, migren xəstələri, yuxu problemi olanlar, hormonal dəyişiklik yaşayanlar çox həssas olurlar. Bu təsirləri azaltmaq mümkündür. Gün ərzində ən az 30 dəqiqə gün işığında və ya açıq havada yürüş etmək, vitamin D səviyyəsini nəzarətdə saxlamaq, sağlam yuxu rejimi, stressredukasiya texnikaları etmək effektiv ola bilər.
Ayhan
18:40 24.11.2025
Oxunuş sayı: 2212