Azərbaycanlı maliyyə mütəxəssisləri Londondakı beynəlxalq tədbirdə yüksək mükafatlarla təltif edilib
Londonda noyabrın 16-20-də peşəkar mühasib təşkilatı- Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyasının (APFM) üzvlərinin də iştirak etdiyi beynəlxalq sammit keçirilib. Sammiti Böyük Britaniyanın nüfuzlu peşəkar mühasib təşkilatı “ICB/ICFM Global” təşkil edib və dünyanın aparıcı şirkətlərinin nümayəndələrini, beynəlxalq qurumların təmsilçilərini, maliyyə, mühasibat, vergi, audit, maliyyə nəzarəti və iqtisadiyyat sahələrində çalışan mütəxəssisləri bir araya gətirib. Sammit qlobal mühitdə baş verən dəyişikliklərə uyğunlaşma, etik risklər, hesabatlılıq, davamlılıq və rəqəmsallaşma üzrə yeni çağırışları əhatə edib.
Sammit çərçivəsində APFM üzvləri maliyyə və mühasibatlıq sahəsinin ən nüfuzlu mükafatlarından olan beynəlxalq “LUCA AWARDS 2025”in təqdimat mərasimində iştirak ediblər. Maliyyə dünyasının “Oskar”ı kimi tanınan bu mükafat, peşəkar mühasibatlığın banilərindən sayılan Luka Paçiolinin şərəfinə təsis olunub. Ölkəmizin nüfuzlu təşkilatlarını təmsil edən APFM üzvləri müxtəlif nominasiyalar üzrə “LUCA AWARDS 2025” mükafatına layiq görülüblər. Mükafatları rəsmi ziyafətdə “ICB/ICFM Global” təşkilatının icraçı direktoru Ami Kopeland təqdim edib. Tədbirin fəxri qonağı, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi Eltay Aslanov APFM üzvlərini təbrik edərək onların beynəlxalq platformadakı uğurlarını yüksək qiymətləndirib.
Noyabr 19-da “ICB/ICFM Global” nümayəndələri üçün Britaniya Parlamentində işgüzar nahar təşkil olunub və Azərbaycan nümayəndə heyəti də tədbirdə iştirak edib. “ICB/ICFM Global”ın prezidenti Qarri Karter və icraçı direktor Ami Kopeland çıxış edərək təşkilatın 142 ölkədə standartların yüksəldilməsi, hesabatlılığın gücləndirilməsi və kiçik müəssisələrə dəstək sahəsində oynadığı unikal rolu vurğulayıblar. Onlar, həmçinin sammit çərçivəsində Azərbaycandan olan üzvlərə fəal iştiraka görə təşəkkür ediblər.
Eltay Aslanov qeyd edib ki, beynəlxalq əməkdaşlığın artırılması, maliyyəçilərin davamlı peşəkar inkişafı, beynəlxalq arenada digər həmkarları ilə təcrübə mübadiləsi üçün belə tədbirlər mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə qonaqlara Azərbaycanın milli hədiyyələri təqdim olunub.
Sammit çərçivəsində müxtəlif işgüzar görüşlər keçirilib, yerli və xarici mütəxəssislər tərəfindən beynəlxalq təcrübələr və uğurlu nümunələr təqdim olunub. Bu görüşlər Azərbaycan mütəxəssislərinin qlobal trendlərlə ayaqlaşmasına və daha çevik düşüncə tərzi formalaşdırmasına mühüm töhfə verəcək.
09:02 21.11.2025
Oxunuş sayı: 5605