Azərbaycan və Belarus hərbi əməkdaşlığı inkişaf etdirir- Ekspert detalları açıqladı
Azərbaycan və Belarus Xüsusi Təyinatlı Qüvvələrinin nümayəndələri arasında keçirilən son görüş iki ölkənin müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir. XTQ dünyada hərbi sistemlərin ən çevik, ən hazırlıqlı və ən kritik komponentlərindən hesab olunur və Azərbaycan ordusunda da bu qurum həqiqətən “onurğa sütunu” rolunu oynayır. Bu baxımdan belə bir görüş təkcə protokol xarakteri daşımır, əksinə, xüsusi təyinatlıların döyüş hazırlığı, taktiki innovasiyalar, əməliyyat planlaması və müasir təhlükəsizlik modellərinin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın bu sahədə topladığı real döyüş təcrübəsi ilə Belarusun xüsusi hazırlıq məktəbi arasında aparılan qarşılıqlı mübadilə həm iki ölkənin XTQ-lərinin imkanlarını genişləndirir, həm də regionda təhlükəsizlik sabitliyinə müsbət təsir edən yeni əməkdaşlıq xəttinin formalaşmasına şərait yaradır.
Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev Crossmedia.az-a açıqlama verib:

"Uzun illərdir ki, Azərbaycanla Belarus arasında bir çox sahədə o cümlədən hərbi, hərbi-texniki və müdafiə sənayesi sahəsində əməkdaşlıq uğurla davam edir. Bu əməkdaşlıq daim artan dinamika nümayiş etdirir. Belarusun əlində olan istənilən silah sistemi o cümlədən operativ taktiki raket kompleksləri Azərbaycan tərəfindən istismar olunur və bu silahların ilk xarici istifadəçisi məhz Azərbaycan olub. Ona görə də Azərbaycan və Belarusiyanın birgə görüşlər keçirməsi, əməkdaşlıq etməsi hər iki ordunun peşəkarlıq səviyyəsinin yüksəlməsinə, qarşılıqlı təcrübə mübadiləsinə və yeni silahlı metodların tətbiqində birgə əməkdaşlığına kifayət qədər geniş imkan yaradır".
Ayhan
20:29 19.11.2025
Oxunuş sayı: 3846