Seul Milli Universitetində Koreya dilində “Kitabi-Dədə Qorqud” dastanı təqdim edilib
Koreya Respublikasının Seul Milli Universitetində “Kitabi-Dədə Qorqud” dastanının Koreya dilinə tərcümə olunan altı boyundan ibarət kitabın təqdimat mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Azərbaycan Respublikasının Koreya Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə baş tutub.
ADDF-nin icraçı direktoru Əkrəm Abdullayev “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunun Koreya dilinə tərcümə olunmasını Azərbaycan mədəniyyətinin Cənubi Koreyada tanıdılması, iki xalq arasında elmi-mədəni əməkdaşlığın və qarşılıqlı mübadilənin genişlənməsinə verdiyi mühüm töhfəni vurğulayıb. O, diasporumuzun, xüsusilə xaricdəki gənc azərbaycanlıların fəaliyyətinə dəstək göstərilməsinin Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu bildirib.
Azərbaycan Respublikasının Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxışında Azərbaycan–Cənubi Koreya elmi və mədəni əlaqələrinin inkişafından danışıb, hər iki xalqın oxşar mədəni-mənəvi dəyərlərinin əməkdaşlığa əlavə stimul verdiyini vurğulayıb. Səfir dastanın tərcüməsinin iki ölkə arasında mədəni əlaqələrin güclənməsinə mühüm töhfə olduğunu deyib.
Professor Banq Min Ho layihənin Azərbaycan mədəniyyəti ilə Koreya oxucuları arasında körpü yaratdığını bildirərək, dastanın Koreya dilində nəşrini iki ölkə arasında elmi-mədəni inteqrasiyanın daha bir uğuru kimi qiymətləndirib.
Yazıçı Li Sucin isə çıxışında layihənin ideyası, tərcümə prosesi və Azərbaycan folklorunun Koreya ədəbiyyatı ilə oxşar cəhətləri barədə məlumat verib.
Tədbirdə Cənubi Koreyanın akademik və mədəni dairələrinin nümayəndələri, media təmsilçiləri, eləcə də Azərbaycan diasporu iştirak edib. Qonaqlara Azərbaycan mədəniyyətinə dair nəşrlər, suvenirlər və milli mətbəx nümunələri təqdim olunub.
Qeyd edək ki, “Kitabi-Dədə Qorqud” dastanının 6 boyunu azərbaycanlı tərcüməçi Leyla Məsimli və koreyalı yazıçı Li Sucin Koreya dilinə tərcümə edib. Kitabın baş redaktoru Seul Milli Universitetinin professoru Banq Min Hodur. Nəşr 1000 nüsxə tirajla çapdan çıxıb və Koreya Respublikasının müxtəlif kitabxanalarına təmənnasız paylanılıb.
23:45 19.11.2025
Oxunuş sayı: 1492