Nazir: Türkiyənin COP31-in keçirilməsinə namizədliyi ilə bağlı qərar yaxın vaxtlarda açıqlanacaq
Türkiyənin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı Ankara fəal danışıqları davam etdirir.
Crossmedia.az xəbər verir ki, bunu Braziliyada keçirilən COP30 çərçivəsində Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bəyan edib.
Nazirin sözlərinə görə, məsələ COP31-ə ev sahibliyi etməyə namizədliyini irəli sürmüş müxtəlif ölkələrlə, o cümlədən Avstraliya ilə də geniş müzakirə olunur.
“COP31 mövzusu Braziliya və Azərbaycan nümayəndələri ilə görüşlərin gündəliyinə də daxil edilib. Türkiyənin namizədliyinin bərabərhüquqlu və ədalətli qiymətləndiriləcəyinə ümid edirik. Müzakirələrin nəticələri tezliklə açıqlanacaq”, – deyə türkiyəli nazir bildirib.
M.Kurum qeyd edib ki, ekoloji dəyişikliklər problemi artıq dövlətlərin milli təhlükəsizliyinin tərkib hissəsinə çevrilib. “Ankara 2053-cü ilə qədər atmosferə buraxılan zərərli tullantıların sıfırlanmasına səmimi şəkildə səy göstərir. Türkiyənin iqlim böhranına qarşı mübarizədə qətiyyəti dəyişməzdir”, – deyə o vurğulayıb və bu məsələnin Braziliyanın Belem şəhərində keçirilən BMT-nin İqlim Konfransında da fəal müzakirə olunduğunu qeyd edib.
Türkiyəli nazir inkişaf etməkdə olan ölkələrin iqlim dəyişiklikləri ilə mübarizədə daha fəal maliyyə dəstəyi almasının vacibliyini də xüsusi vurğulayıb.
Bu arada M.Kurumun sosial şəbəkə səhifəsində Belem şəhərində keçirilən COP30 çərçivəsində Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un sədri Muxtar Babayevlə görüşdən foto paylaşılıb. M.Kurum Ankaranın və Bakının ekologiya sahəsində fəal əməkdaşlığının davam edəcəyinə ümid etdiyini bildirib.(AZƏRTAC)

18:36 19.11.2025
Oxunuş sayı: 1015