Əhliman Əmiraslanov: Ötən illərdə olduğu kimi növbəti ilin də dövlət büdcəsi sosial yönümlüdür
Ötən illərdə olduğu kimi növbəti ilin də dövlət büdcəsi sosial yönümlüdür.
Crossmedia.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, daha 8 dövlət proqramı icbari tibbi sığorta hesabına həyata keçiriləcək:
"Bunlar vərəm, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, dağınıq skolioz və digər 4 proqramdır. Hesab edirəm ki, onkologiyanın da icbari tibbi sığorta ilə qarşılanmasına ehtiyac var. Bir sıra həyati vacib əməliyyatlar da icbari tibbi sığorta ilə qarşılanmalıdır. Ambulator müalicə alan xəstələrin dərman vasitələri ilə təminatı məsələsi də xəstələrin səbirsizliklə gözlədiyi məsələdir. Gələn il bunun da həllini tapacağına inanıram".
Komitə sədri xatırladıb ki, ilkin tibbi xidmətin regionlarda çox aşağı səviyyədə olması, həkim çatışmazlığı da problem olaraq qalır:
"Bununla bağlı Milli Məclisdə dinləmə keçirildi, pilot rayon da seçildi. Bu sahədə fəaliyyətin genişlənidirilməsinə böyük ehtiyac var".
Parlamentin sədri Sahibə Qafarova komitə sədrinin çıxışına cavabında vurğulayıb ki, həkim çatışmazlığı və s. problemlərlə əlaqədar böyük bir paket hazırlanır və yaxın zamanda həyata keçiriləcək.
15:52 19.11.2025
Oxunuş sayı: 1036