1992-ci il 21 noyabr – Yeni Azərbaycan Partiyasının təsis konfransı haqqında
1992-ci il 21 noyabr tarixi Azərbaycan siyasi tarixində xüsusi əhəmiyyət daşıyan günlərdən biridir. Həmin gün Naxçıvan şəhərində keçirilən və sonrakı illərdə ölkənin inkişaf istiqamətini müəyyənləşdirən Yeni Azərbaycan Partiyasının təsis konfransı müstəqilliyini yenicə bərpa etmiş respublikamızın qarşısında duran ağır və taleyüklü problemlərin həlli baxımından dönüş nöqtəsi olmuşdur. O dövrdə mövcud olan siyasi qeyri-sabitlik, iqtisadi tənəzzül, idarəetmədə yaranmış dərin böhran, eyni zamanda Ermənistanın işğalçı təcavüzü ilə bağlı mürəkkəb vəziyyət Azərbaycan cəmiyyətində yeni, dövlətçilik məsuliyyətini dərk edən, xalqın taleyinə sahib çıxmağa qadir olan siyasi qüvvənin formalaşmasına ciddi ehtiyac yaradırdı. Məhz belə bir şəraitdə ölkənin müxtəlif bölgələrindən olan tanınmış ziyalılar, ictimai-siyasi xadimlər, elm və mədəniyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və siyasi iradəsi ətrafında birləşərək Azərbaycanın xilası naminə yeni bir siyasi təşkilatın yaradılmasını zəruri hesab etdilər. Təsis konfransı gərgin və məsuliyyətli tarixi dövrün tələblərini özündə ehtiva edir, müstəqil dövlətçilik ideyalarının möhkəmlənməsinə və milli həmrəyliyin təmin edilməsinə xidmət edən strateji məqsədləri ehtiva edirdi. Konfransda qəbul edilən proqram sənədləri və təşkilati qərarlar Azərbaycanda hüquqi dövlət quruculuğunun, demokratik institutların təşəkkülünün və sabit siyasi sistemin formalaşdırılmasının bünövrəsini qoymuşdur. Yeni Azərbaycan Partiyasının yaradılması xalqın iradəsinə söykənən, ölkəni xaosdan və dağılma təhlükəsindən xilas etməyi qarşısına məqsəd qoyan siyasi birlik kimi tarixi missiya daşıyırdı. Bu təşkilat cəmiyyətin geniş təbəqələrini bir araya gətirən, demokratik dəyərlərin təbliğinə, milli maraqların qorunmasına, dövlət suverenliyinin möhkəmləndirilməsinə yönələn prinsipial siyasi xətt müəyyən etmişdir. Təsis konfransı Ulu Öndər Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və xalq tərəfindən yüksək etimadı əsasında formalaşan yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Sonrakı illərdə və bu gün Prezident, Partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası ölkədə siyasi sabitliyin təmin edilməsində, iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artırılmasında aparıcı rol oynamış, dövlətçiliyin bütün sahələrində sistemli inkişafı təmin edən əsas siyasi qüvvəyə çevrilmişdir. 1992-ci il 21 noyabr tarixi bu gün də siyasi tariximizin mühüm mərhələsi kimi dəyərləndirilir və Azərbaycanın müasir inkişaf modelinin formalaşmasında fundamental əsas kimi çıxış edir.

Könül İbrahimova
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə ərazi partiya təşkilatinin sədri
13:55 19.11.2025
Oxunuş sayı: 3448