Mikayıl Cabbarov: Azərbaycanın xarici ticarət dövriyyəsi 2022-ci ildən 50 milyard dollar səviyyəsində sabitləşib
2022-ci ildən etibarən Azərbaycanın xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib.
Crossmedia.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda 2018-ci ildən başlayaraq vergi, gömrük və əmək bazarı sahəsində islahatlara start verilib və 2019-2025-ci illərdə ölkə iqtisadiyyatının inkişafında çox mühüm keyfiyyət və struktur dəyişiklikləri baş verib:
"Bu dövr ərzində qeyri-neft qaz sektorunun iqtisadiyyatda payı 2018-ci ildəki 58 %-dən, cari ilin son tarixinə 70 %-dək yüksəlib. 2022-2025-ci illərdə orta illik hesabla ümumdaxili məhsulun 3,3 % artması gözlənilir və bu da strategiya ilə müəyyən edilmiş diapazon, yəni 3-4 % çərçivəsindədir. ÜDM-in artımı tamamilə qeyri-neft qaz sektorunun inkişafı hesabına təmin olunmaqla, bu sektor üzrə ÜDM-in orta illik artımının 6,1 % olacağı gözlənilir ki, bu da 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyası ilə müəyyən olunmuş hədəfdən 1,1 faiz bəndi yüksəkdir. İqtisadi inkişafımızın daha böyük mənzərəsini görmək üçün bir faktı qeyd edim ki, 2019-2024-cü illərdəki orta illik artım tempi 2,3 % təşkil edib. Bu isə 2010-2020-ci illərdəki orta illik artım tempindən, təxminən iki dəfə yüksək olub. 2019-2025-ci illərdə neft-qaz hasilatı istisna olmaqla, ölkə iqtisadiyyatının bütün sahələri artım nümayiş etdirib. Bu dövr ərzində informasiya və rabitə (11 %), qeyri-neft qaz sənayesi (9,7 %), nəqliyyat və anbar təsərrüfatı (7,8 %) orta illik artım templəri üzrə lider sahələri sırasındadır".
M. Cabbarov qeyd edib ki, 2019-2024-cü illərdə iqtisadiyyatda bir sıra mühüm struktur dəyişiklikləri baş verib: "Bu dəyişikliklər əslində keçmişdə, o cümlədən devalvasiyadan əvvəlki dövrlərdə müşahidə olunmayan keyfiyyətcə yeni iqtisadi mənzərəni özündə ehtiva edir. Belə ki, dövr ərzində qeyri-neft qaz ixracı iki dəfə böyüyərək 3,4 milyard ABŞ dolları olub, ixrac olunan əmtəə sayı isə 15 % artaraq 2 810-a çatıb. Neft-qaz qiymətlərinin və hasilatının azalmasına baxmayaraq, 2022-ci ildən etibarən ölkənin xarici ticarət dövriyyəsi təqribən 50 milyard ABŞ dolları səviyyəsində sabitləşib".
12:37 19.11.2025
Oxunuş sayı: 1452