Afrika İttifaqı Komissiyasının sədri WUF13-ə dəvət alıb
Azərbaycan Prezidenti İlham Əliyev Afrika İttifaqı Komissiyasının sədri Mahmud Əli Yusufa 13-cü Ümumdünya Şəhərsalma Forumunda (WUF13), eləcə də onun çərçivəsində keçiriləcək ilk liderlər sammitində iştirakla bağlı dəvət göndərib.
Crossmedia.az xəbər verir ki, dəvəti dövlət başçısının adından Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov təqdim edib.
Görüş zamanı Afrika İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsinə, o cümlədən strateji əlaqələrin genişləndirilməsinə yönəlmiş perspektivli çərçivə sazişinin hazırlanması kontekstində olan istək vurğulanıb.
M.Yusuf Azərbaycanın rəqəmsal innovasiyalar, dövlət xidmətlərinin transformasiyası, ticarət prosedurlarının sadələşdirilməsi və əlaqələrin inkişafı sahəsində əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
E.Əmirbəyov isə öz növbəsində, Azərbaycanın Afrika qitəsinə artan marağını təsdiqləyib və Afrika İttifaqı Komissiyası ilə gələcək əməkdaşlığa hazır olduğunu bildirib.
Səfər çərçivəsində E.Əmirbəyov, həmçinin Efiopiya Prezidenti Taye Atske-Selassie ilə görüşüb. Efiopiya liderinin dəftərxanasından bildirilib ki, tərəflər Bakı ilə Əddis-Əbəbə arasında, xüsusilə, ticarət, investisiya və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər.
18:59 18.11.2025
Oxunuş sayı: 1153