Qərbi Azərbaycanla bağlı materialların xarici dillərdə geniş təbliği təklif edilib
Qərbi Azərbaycan İcması (QAİ) İdarə Heyətinin noyabrın 17-də növbəti iclası keçirilib, Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materialların xarici dillərə tərcümə edilərək ölkə xaricində geniş təbliği təklif olunub.
İcmadan Crossmedia.az-a verilən məlumata görə, iclasda bu təklifi Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri Mahirə Hüseynova səsləndirib.
Məlumata əsasən, QAİ-nin sədri, deputat Əziz Ələkbərli Prezident İlham Əliyevin noyabrın 3-də AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərin İcmanın fəaliyyətinə yeni məsuliyyət yükü əlavə etdiyini vurğulayıb. O, son illər ərzində İcmanın ölkənin şəhər, rayon və kəndlərində Qərbi Azərbaycan mövzusunda genişmiqyaslı tədbir və layihələrin həyata keçirdiyini diqqətə çatdırıb, İcmanın gələcək fəaliyyətinin prioritet istiqamətləri üzərində dayanıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin müavini, deputat Hikmət Babaoğlu dövlət başçısının son bəyanatlarından sonra İcmanın fəaliyyətində yeni mərhələnin başlandığını qeyd edib və qarşıdakı dövr üçün strateji hədəflərə toxunub.
Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri Mahirə Hüseynova Qərbi Azərbaycana qayıdış prosesinin beynəlxalq hüquq normaları əsasında hüquqi, təşkilati və ideoloji hazırlığının əhəmiyyətini vurğulayıb. O, ali təhsil müəssisələrində mövzuya dair konfransların təşkilinin faydalı olacağını qeyd edib, Qərbi Azərbaycan TV-nin ənənəvi yayıma keçirilməsini, həmçinin Qərbi Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materialların xarici dillərə tərcümə edilərək ölkə xaricində geniş təbliğini təklif edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə İcmanın təşkilatlanmasını mühüm siyasi və hüquqi hadisə adlandırıb. O, Qərbi Azərbaycanda anadan olmuş və ölkənin inkişafında xüsusi xidmətləri olan ziyalılar barədə kitabların nəşrini, eləcə də Qərbi Azərbaycan muzeyinin yaradılmasını təklif edib, təbliğat işlərinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Əməkdar jurnalist Həsən Həsənov, AMEA Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri Cəbi Bəhramov, Milli Məclisin deputatı Kamran Bayramov, Bakı QHT Resurs və Təlim Mərkəzinin sədri Rauf Zeyni, AMEA Tarix İnstitutunun elmi əməkdaşı Nazim Mustafa, ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri İbrahim Bayramov Qərbi Azərbaycan tarixinin son illərdə daha dərindən araşdırıldığını bildiriblər:
Qeyd edilib ki, ermənilərin tarixi izləri silməsi Qərbi Azərbaycanın türk torpağı olması həqiqətini dəyişmir və deportasiya olunmuş Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmaları onların tam hüquqi və mənəvi haqqıdır. Həmçinin, həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə maarifləndirmə işlərinin genişləndirilməsi vacibdir. Sosial şəbəkələrdə mövzunun daha fəal təbliği əhəmiyyətlidir.
İclasın sonunda Qərbi Azərbaycan İcmasının qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar müəyyən edilib və müvafiq işçi qrupların formalaşdırılması barədə qərarlar qəbul olunub.
10:28 18.11.2025
Oxunuş sayı: 1397