Parlamentari: Tokayev Azərbaycan Prezidenti haqqında danışarkən qeyd etdi ki...
Mərkəzi Asiya dövlət başçılarının verdiyi qiymətlər Azərbaycan diplomatiyasının regiondakı rolunu bir daha ortaya qoyur. Xüsusilə Tokayevin vurğuladığı kimi, Azərbaycan regional əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizin balanslı siyasəti, tərəfdaş ölkələrlə qurduğu qarşılıqlı faydalı münasibətlər və strateji nəqliyyat-logistika layihələri Azərbaycanın regiondakı nüfuzunu və etibarlılığını daha da artırır.
Bu baxımdan, Azərbaycanın bu günki regional siyasəti təkcə iqtisadi və logistika sahəsində deyil, həm də siyasi və diplomatik sahədə balansı qoruyaraq müxtəlif dövlətlərlə əməkdaşlığı gücləndirən bir model kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Məlahət İbrahimqızı Crossmedia.az-a açıqlama verib:
"Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu günlərdə Özbəkistanda keçirilən Mərkəzi Asiya dövlət başçılarının 7-ci Məşvərət Şurasında iştirak etdi. Bu, Azərbaycan diplomatiyasının uğurunun göstəricisidir və ölkə başçımız həmin formatda – “5+1” platformasında – rəsmi olaraq üzv seçildi. Bu hadisə Prezidentimizin apardığı genişmiqyaslı siyasətin, qlobal səviyyədə gördüyü işlərin nəticəsidir. Azərbaycanın dövlət başçısı təkcə Avrasiya məkanında deyil, ümumilikdə dünya miqyasında nüfuzlu liderlərdən biridir. Bu, xüsusilə Qoşulmama Hərəkatına rəhbərliyi dövründə daha aydın görünür. Hərəkat dünyanın bütün qitələrini əhatə edən ən böyük platformalardan biridir və ölkəmiz həmin müddətdə çox mühüm işlərə imza atdı. Eyni zamanda Prezidentimizin Avropa qitəsində apardığı enerji siyasəti nəticəsində Azərbaycan bu gün Avropa İttifaqının 12 ölkəsinə enerji nəql edir. Bu isə ölkəmizin strateji tərəfdaş rolunu gücləndirən böyük nailiyyətdir. Qlobal Qərb–Şərq, Şimal–Cənub nəqliyyat və logistika layihələrinə baxdıqda da Azərbaycanın əsas tranzit qovşaqlarından birinə çevrildiyini görürük. “Bir kəmər – bir yol” layihəsinin mühüm düyün nöqtələrindən biri kimi ölkəmizin rolu getdikcə daha da artır.
“Bir kəmər – bir yol” layihəsində əsas qovşaq rolunu Azərbaycan oynayır. Bu nəhəng nəqliyyat və logistika xəritəsinin kələf nöqtəsi məhz bizim üzərimizdən keçir. Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan şimala, cənuba, şərqə və qərbə uzanan bütün əsas nəqliyyat dəhlizlərinin mərkəzinə çevrilib. Mərkəzi Asiyada boru xətləri və nəqliyyat dəhlizləri arasında yaradılan “inter-connector”ların – yəni dəhlizlərarası birləşdiricilərin – əsl memarı da məhz ölkə başçımızdır".
Deputat qeyd edib ki, bəzi hallarda Çindən gələn marşrutlar Mərkəzi Asiyanın hər ölkəsindən keçmir: "Bu zaman alternativ keçidlərin formalaşdırılması, ölkələri birləşdirən yeni logistika istiqamətlərinin qurulması Azərbaycan üzərindən həll olunur. Bakı və Ələt Beynəlxalq Ticarət Limanı vasitəsilə yük axınları Avropaya, şimala, cənuba və digər istiqamətlərə paylanır. Bu, möhtərəm Prezidentimizin uzaqgörən siyasətinin və müstəsna xidmətlərinin nəticəsidir – bu xidmətlər sadalamaqla bitmir. Tokayev bu yaxınlarda möhtərəm prezidentimizi Astanaya dövlət səfərinə dəvət etmişdi. Tokayev şəxsən özü cənab prezidenti qarşıladı. Və prezident haqqında danışarkən qeyd etdi ki, siz tarixin, tarixi şəxsiyyətisiniz. Qazaxıstan kimi böyük dövlətin başçısının İlham Əliyev haqqında bu fikirləri səsləndirməsi bizi sevindirir. Tokayev Mərkəzi Asiyanın Avropaya açılmasında, eləcə də Şimala və Cənuba çıxışında Prezident İlham Əliyevin Azərbaycanda nəqliyyat–logistika layihələri üzrə həyata keçirdiyi böyük işləri nəzərə alaraq bildirir ki, Azərbaycan regionlararası əməkdaşlığın möhkəmləndirilməsində mühüm rola malikdir. Prezident İlham Əliyev dəfələrlə, o cümlədən beynəlxalq tədbirlərdə qeyd edib ki, Xəzərdə ən böyük yük limanı Ələt Beynəlxalq Ticarət Limanıdır. Liman inşa olunarkən müəyyən olunmuş yükdaşıma qabiliyyəti bu gün iki dəfə artmış tələbatla üzləşir və bu səbəbdən limanın genişləndirilməsi gündəmdədir. Bu istiqamətdə xeyli işlər görülür, lakin yenə də genişləndirməyə ehtiyac var. Bir daha demək lazımdır ki, Azərbaycan regionlararası nəqliyyatın mərkəzində dayanır. “Regionlararası” dedikdə Mərkəzi Asiyanın Qafqaza, Qafqazdan Şərqə, Qərbə və Avropaya, eləcə də Qafqazın öz daxilində əlaqələnməsi nəzərdə tutulur. Azərbaycan burada həqiqi mənada birləşdirici funksiyanı yerinə yetirir. Azərbaycanda artıq həyata keçirilmiş nəqliyyat layihələri – məsələn Bakı–Tbilisi–Qars dəmir yolu, həmçinin Bakıdan çıxaraq Zəngəzurdan keçib Türkiyəyə və oradan Avropaya uzanan marşrutlar – ölkəmizin bu rolunu daha da gücləndirir. Bundan əlavə, Azərbaycanın ərazisində 8 beynəlxalq hava limanı mövcuddur ki, bu da balaca əraziyə malik ölkə üçün çox böyük göstəricidir".
M.İbrahimqızı bildirib ki, Bakı–Tbilisi–Qars dəmir yolunun genişləndirilməsi də hazırda gündəmdədir və bu istiqamətdə işlər gedir: "Eynilə, Zəngilan, Laçın, Füzuli, Lənkəran, Gəncə, Bakı, Qəbələ və Zaqatala hava limanlarının fəaliyyətə başlaması ölkədə həm hava, həm də ümumi logistika imkanlarını gücləndirib. Avtomobil yolları, dəmir yolu xətləri, gəmi yolu – Ələt Beynəlxalq Ticarət Limanı – və hava limanlarının bir arada işləməsi Azərbaycanın müxtəlif regionları birləşdirən böyük tranzit mərkəzinə çevrilməsinə səbəb olub. Mərkəzi Asiyanı Şimalla birləşdirən yüklər, bildiyiniz kimi, uzun illər boyu əsasən Rusiya üzərindən daşınırdı. Lakin bu gün həmin ölkələrdə neft və qazın tükənməsi mümkündür, amma nəqliyyatdan əldə olunan gəlir tükənən deyil. Çünki nəqliyyat hər zaman var, hərəkət dayanmır. Bu səbəbdən də Azərbaycan üzərindən keçən tranzit xətt onların iqtisadi maraqları üçün daha sabit və sərfəli hesab olunur. Bununla yanaşı, Rusiya–Ukrayna müharibəsinin uzun müddətdir davam etməsi və sonunun görünməməsi Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatına böyük zərər vurur. Onsuz da müharibə başlamamışdan əvvəl belə həmin marşrut çox uzaq idi – bir ay yarıma qədər vaxt aparırdı və böyük maliyyə tutumu tələb edirdi. İndi isə bu marşrut həm zaman, həm də maliyyət baxımından daha da çətinləşib. Azərbaycan üzərindən keçən yeni dəhlizlər isə həm vaxt, həm də xərc baxımından həmin ölkələr üçün son dərəcə sərfəlidir. Mərkəzi Asiya respublikaları, eləcə də Çin və digər Asiya ölkələri üçün Azərbaycan ən uyğun və təhlükəsiz yol kimi dəyərləndirilir. Ona görə də Prezidentimizin bu xidmətləri xüsusi qeyd olunmalıdır. Tokayevin verdiyi yüksək qiymət də əslində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin real nəticələrinə verilən dəyərdir".
Ayhan
10:01 18.11.2025
Oxunuş sayı: 5595